Mütəmadi olaraq bələdiyyələrdə olan problemləri araşdırıb təhlil etməklə onu həm ictimaiyyətə, həm də aidiyyatı qurumlara çatdırılması Belediyye.info saytının üzərinə düşən əsas işlərdən hesab olunur. Qeyd edilməlidir ki, saytda işıqlandırılan məsələlər bəzən qismən öz həllini tapsa da, digər bələdiyyələrin qarşılaşdığı bəzi problemli məsələlər Qanunvericiliklə tənzimlənməsinə zərurət olduğundan hələ də qalmaqdadır.
Lakin əlavə etməliyik ki, aparılan müşahidə və təhlillər göstərir ki, bələdiyyələrdə olan problemlərin çoxu əksər hallarda bələdiyyə üzvləri və sədrlərin öz işlərini bilməməsi, idarəçilik təcrübəsinin olmaması səbəbindən baş verir. Üzvlər bələdiyyə sədrini seçdikdən sonra elə düşünürlər ki, onların heç bir səlahiyyəti yoxdur, yalnız bütün məsələlər sədr tərəfindən qəbul edilməlidir.
Bələdiyyə üzvləri bilməlidirlər ki, bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlər üzvlərin formalaşdığı komissiyalarda baxılıb qərar qəbul olunduqdan sonra bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Müzakirələrdən sonra səs çoxluğu ilə bələdiyyənin adından qəbul edilmiş qərarlar sədr tərəfindən icra olunmalı və prosesin icrasına nəzarət edilməlidir. Bir şox hallarda bələdiyyələr bu qaydalara əməl etməməsi səbəbindən bələdiyyə sədirlərinin həbs edilməsi və eyni zamanda DSMF-yə borcların yaranması kimi hallar baş verir.
Belediyye.info saytında bələdiyyələrdə maliyyə problemləri ilə bağlı məsələlərə dəfələrlə toxunulub. Bu problemlərin başlıca səbəblərindən biri də bələdiyyələrin inzibatı ərazilərində olan vergi və ödəniş obyektlərinin tam ucotunun aparılmamasıdır.
Artıq 20 ildir ki bələdiyyələr fəaliyyətdədirlər. Bu dövr ərzində 1.436 bələdiyyə üzrə cəmi 1.320.000 vergi və ödəniş ödəyicisi qeydə alınıb. Nəzərə alsaq ki, bələdiyyələrin əsas gəlirləri əmlak və torpaq vergilərinin hesabına formalaşır bu zaman 1.436 bələdiyyə üzrə qeydə alnmış 1.320.000 vergi ödəyicisinin illik vergiləri, əmlak vergisi üzrə 21.000.000 manat, torpaq vergisi üzrə 13.000.000 manat, nəticədə cəmi 34.000.000 manat pul vəsaitinin yığılması deməkdir. əgər bu illər ərzində bələdiyyələr ərazilərində olan vergi obyektlərinin ucota alınmasını tam təmin etsəydilər yəqinki bu istiqamətlərdən daha çox vəsait yığıla bilərdi.
2016-cı ildən Prezident Adminstrasiyasının dəstəyi ilə bələdiyyələrdə şəffaf uçotun qurulması, vergi və ödənişləri düzgün hesablanması, vergi və ödənişlərin onlayn qaydada ödənilməsinin təmin edilməsi məqsədi ilə avtomatlaşdrılmış məlumat sistemi (BAMS) proqramı bələdiyyələri istifadəsinə verilmişdir. Hazırda bələdiyyələr proqramın geniş imkanlarından istifadə edir və şəffaflığın təmin edilməsi üçün, Açıq hökümətin təşviqinə dair Milli Fəaliyyət Planına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının yaratdığı “Hökümət Ödəniş Portalı” (HÖP) infrastrukturu üzərindən yerli (bələdiyyə) vergi və ödənişlərin ödənilməsi təmin edilmişdir.
Lakin bir çox bələdiyyələr hələ də başqa yollarla, Mərkəzi Bank tərəfindən Lisenziyası olmayan təşkilatlarla vergi və ödənişlərin yığılmasında maraqlıdırlar. Buna misal olaraq Nəsimi, Səbail və Maştağa bələdiyyələrini göstərmək olar. Araşdırmalar nəticəsində müəyyən edilmışdir ki, bu bələdiyyələr e-Manat terminalı vasitəsi ilə 3,5% vergi yığımına görə, 0,2 % köçürmə əməliyyatına, 1.500 manat isə qoşlmaya gorə pul vəsaiti ödəyirlər. Toplanmış vəsait isə bələdiyyələr tərəfindən tam nəzarət edilməsi mümkün olmur.
Beləliklə, bələdiyyələr indiki məqamda fəaliyyətlərini birə-beş artırmaqla yanaşı israfçılığa yol verməməlidirlər. Fikrimizcə, bələdiyyələr hər addımlarıyla büdcəyə qənaət etməklə sakinlərinin problemlərinin həllinə çalışmalıdırlar.
B. Məmmədov
Xüsusi olaraq Belediyye.info üçün
P.S. Mövzunun aktuallığını nəzərə alıb saytin e-mailine daxil olan bu yazını ictimai müzakirəyə çıxaırırıq. Bütün tərəflərin fikir və mülahizələrini saytın səhifələrində yerləşdirməyə hazırıq.