"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Oğuz bələdiyyəsi H E S A B A T verir

--2017-07-25 / 16:58

Ölkəmizadə bələdiyyələrin  fəaliyyətə başlamsından 18 ilədək vaxt keçir. Bu müddət ərzində bələdiyyələrin təşkili, satatusu, nizamnaməsi, səlahiyyətləri, mülkiyyət maliyyə əsasları və digər normativ-hüququ sənədlər qəbul edilmiş, bələdiyyələrin fəaliyyətinin daim inkişaf etdirilməsinə dövlət qayğısı gücləndirilmişdir. Bu baxımdan Oğuz bələdiyyəsi də fəaliyyətə başladığı ilk gündən qarşıya qoyulmuş vəzifələri maksimum yerinə yetirməyə çalışmışdır. Nəticədə ötən altı ay ərzində xeyli uğurlar qazanılmışdır. Görülən işlər barəsində əhaliyə ətraflı məlumatlar çatdırılmış, yerli büdcə daxilolmalar və xərclər haqqında hər kəs məlumatlandırılmışdır. Növbəti görüləcək işlər ətrafında müzakirələr aparılmış, rəy və təkliflər dinlənildikdən sonra müvafiq qərarlar qəbul edilmişdir.

Ötən 6 ay ərzində 6 iclas keçirilib. iclaslarda 44 məsələ müzakirə edilib. Müzakirəyə çıxarılan məsələlər arasında yaz-yay mövsümünə hazırlıq, şəhərdə abadlıq, yaşıllaşdırma, təmir və tikinti işlərinin aparılması, fərdi yaşayış evlərinin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ərazidə binaların tikintisinə torpaq sahələrinin ayrılması və s. olmuşdur. Buraya bayram və sosial tədbirlərin keçirilməsini də əlavə etsək fəaliyyətimizin maşştabı göz önündə canlanar.

iclaslarda həmçinin yerli büdcənin gəlirləri və xərcləri, bələdiyyə qərarlarının icrası vəziyyəti, yerli büdcənin formalaşdırılması, icrası və digər məsələlər ətrafında da araşdırmalar aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.

Müzakirə edilən məsələlərin bir qismi də sosial-iqtisadi problemlərin həlli ilə əlaqədar olmuşdur.

Bələdiyyə qanunvericiliyini əldə rəhbər tutan təşkilatımız qəbul edilmiş bələdiyyə aktlarını qəbul etdiyi andan 15 gün müddətinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərilmiş, həmin təşkilatın tövsiyyələrini iclaslarda müzakirə etmiş və icra etmək üçün qəbul etmişdir.

Yarım il ərzində bələdiyyə tərəfindən sosial baxımdan maddi vəziyyəti ağır olan bir qrup şəhər sakininə 780,0 manat məbləğində maddi yardım göstərilmişdir.

şəhərimizin ictimai həyatında fəallıq göstərilmiş, bütün bayram və digər tədbirlərdə seçicilərin yanında olmuş, onlara maddi və mənəvi dəstək verilmişdir. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 8 mart qadınlar bayramı, «Novruz» bayramı, 9 May Qələbə günü, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü, 10 May Ulu Öndərimiz H.əliyevin doğum günü və s. Oğuz bələdiyyəsinin bilavasitə dəstəyi və iştirakı ilə qeyd edilmişdir.

Bələdiyyəmiz şəhərimizin abad və gözəl bir yaşayış məntəqəsinə çevrilməsi üçün aparılan abadlıq və quruculuq işlərində iştirak etmiş və etməkdədir. Yazın ilk günlərindən başlayaraq şəhərin cənub yaşayış massivində, Oğuz-şəki yolunun kənarlarında yaşıllıqların suvarılması tədbirlərində fəallıq göstərilmiş, müvafiq təşkilatlarla birlikdə şəhərin hər iki tərəfindən axan çay yataqlarının məişət tullantılarından təmizlənməsinə nail olunmuşdur. Hal-hazırda şəhərimizin küçə və dalanlarında, xüsusən də yeni yaşayış massivində asfalt örtüyü salınır. Bələdiyyəmiz də imkanları daxilində bu yolların qumlanması, ətrafının kol-kosdan təmizlənməsi və hamarlama-təmizlik işlərini həyata keçirir. Bu işlər havalar imkan verənədək davam etdiriləcəkdir.

Bələdiyyəmiz yerli büdcənin təmin edilməsi sahəsində dönüş yaratmağa çalışır. şəhərimizdə üç mindən artıq vergi ödəyicisi var. Cari ilin avqust ayınadək tədiyyə bildirişləri onlara çatdırılacaq. Bildiyiniz kimi dövlətimizin yeni qərarı ilə 2015-ci ildən vergi ödənişləri poçt, bank və ödənişi həyata keçirən digər təşkilatlar vasitəsi ilə həyata keçirilir. Yəni daha bələdiyyə işçiləri vergi toplayaraq qəbz təqdim edə bilməzlər. Bu üsul mütərəqqi olsa da bizim vergi ödəyiciləri könüllü olaraq vergi ödəmək məsələsinə laqeyid yanaşırlar. Onlar bir şeyi bilməlidir ki, əgər yerli büdcədə vəsait yoxdursa, deməli şəhərimizdə abadlıq işləri ləng yerinə yetiriləcək, sosial baxımdan maddi durumları ağır olan vətəndaşlara yardım etmək çətin olacaqdır. Odur ki, bu sahədə bütün idarə və təşkilatlar və seçicilər bələdiyyəyə köməklik etməlidir.

Bələdiyyə ərazisində 3 orta məktəb, 2 bağça, şahmat və idman məktəbləri fəaliyyət göstərir. Çalışırıq ki, müəllim və şagirdlərlə sıx təmasda olaq. Xüsusilə məzun olaraq ali və orta ixtisas məktəblərinə daxil ola bilməyən gənclərlə aparılan işə önəm veririk. Onların işlə təmin edilməsinə, asudə vaxtlarının təşkilinə, idmanla məşğul olmalarına şərait yaratmaq üçün səy göstəririk. Bunun üçün idman yarışları, görüşlər, disputlar təşkil edilir. Rayon Məşğulluq Mərkəzinin keçirdiyi əmək yarmarkalarında onların iştirakına nail oluruq. Bu isə az da olsa öz effektini verir.

Görülən işlərlə yanaşı həllini gözləyən bir çox problemlərimiz var. Xüsusən yerli büdcənin təmin edilməsi sahəsində bir sıra çətinliklər işimizə çox mane olur.

əminik ki, 2017-ci ili də böyük nailiyyətlərlə başa vuracağıq. şəhərimizin sakinlərinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirmək üçün əzimkarlığımızı iki qat artırmağa çalışacağıq.Oğuz bələdiyyəsi  öz fəliyyətində qanunvericiliyə əməl etməklə sosial problemlərin həll edilməsi üçün bütün imkanlardan istifadə edəcək  və qarşıdakı dövrdə  işguzarlığını saxlamaqla əhali arasında çevik qurum kimi fəaliyyətını davam etdirəcəkdir.

A.Cavadov

Oğuz bələdiyyəsinin sədri 

ŞƏRHLƏR