"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ötən il 3.417 ha örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib

--2021-01-26 / 06:03

ədliyyə Nazirliyindən daxil olan məlumata görə, 2020-ci ildə dünyanı bürüyən pandemiya bütün sahələrə öz mənfi təsirlərini göstərmişdir. Bələdiyyələr kollegial orqan kimi fəaliyyətlərini iclaslar vasitəsilə həyata keçirdiyindən, həm də büdcələri əsasən fiziki şəxslərdən yığılan vergilər hesabına formalaşdığından pandemiya şəraiti onların fəaliyyətində, maliyyə vəziyyətində, həmçinin ədliyyə Nazirliyinin bələdiyyələrlə apardığı işdə xeyli çətinliklər yaratmışdır. Lakin nazirlik tərəfindən bu mənfi təsirləri minimuma endirmək üçün ardıcıl tədbirlər görülmüşdür.

2020-ci ildə ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılmaq üçün 79.858 akt təqdim olunmuş, onlardan 76.433 (95,7%) akt qanunvericiliyə uyğun hesab edilmiş, normativ hüquqi aktların tələblərinə zidd olan 2.939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir. ədliyyə Nazirliyinin rəhbərliyinin tapşırıqlarına uyğun olaraq inzibati nəzarət tədbirlərinin gücləndirilməsinin nəticəsidir ki, inzibati nəzarət qaydasında baxılan akt sayı ötən illə müqayisədə 0,5% az olsa da, qanunvericiliyin tələblərinə uyğun olmayan bələdiyyə aktlarının ləğvi və ya dəyişdirilməsi məqsədilə inzibati nəzarət orqanı tərəfindən verilən təkliflərin sayı əvvəlki illə müqayisədə 6,3% çox olmuşdur.

il ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı 3503 müraciətə baxılmışdır. Müraciətlərin sayı əvvəlki illə müqayisədə 6% çox olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərin həllinə diqqətin artırılması nəticəsində təmin edilmiş müraciətlərin sayı 17% artmışdır. Müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 328, ötən ildən 45% çox bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir.

Eyni zamanda qeyd olunur ki, il ərzində nazirlik tərəfindən verilmiş ümumilikdə 3267 təklifdən 15-i bələdiyyələr tərəfindən təmin edilmədiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq nazirlik tərəfindən məhkəmələrdə 15 iddia qaldırılmış, onlardan 2-si məhkəmə tərəfindən təmin edilmiş, 13-ü isə məhkəmələrin icraatındadır.

Həyata keçirilən inzibati nəzarət tədbirlərinin (təklif və ya iddia ərizələrinin təmini) nəticəsi olaraq bütövlükdə 8.217 ha, əvvəlki ilə nisbətən 17% çox torpaq sahəsinin, o cümlədən qanunsuz ayrılmış ümumi istifadə üçün nəzərdə tutulmuş 3.417 ha örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilmişdir. Bundan əlavə 2261 ha torpaq sahəsi ilə bağlı mübahisələr hazırda nazirliyin iddiaları əsasında məhkəmələrin icraatındadır. Ümumi istifadə üçün nəzərdə tutulmuş örüş sahələri ilə bağlı çox saylı şikayətlərin o cümlədən kollektiv şikayətlərin olduğu nəzərə alınaraq onların istifadə vəziyyəti barədə sorğular göndərilmişdir. Nəticələri üzrə qanunamüvafiq tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Ötən ilin əvvəllərində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin nəticələri təhlil edilərək ümumiləşdirilmişdir. Ümumiləşdirmə nəticəsində bələdiyyələrin fəaliyyətində yol verilən xarakterik qanunpozuntuları, o cümlədən cinayət xarakterli pozuntular, həmçinin onları doğuran səbəb və şərait müəyyənləşdirilmişdir. Həmin xarakterik qanunpozuntularının və onların baş verməsinə şərait yaradan halların qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilmişdir.

2020-ci ildə ölkə Prezidenti öz çıxışlarında icra orqanları ilə yanaşı bələdiyyələrin də fəaliyyətində yol verilən neqativ hallara toxunmuş, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin dövlət siyasətinin ən mühüm tərkib hissəsi olduğunu dəfələrlə vurğulamışdır. Qeyd olunan məsələlər daim diqqət mərkəzində saxlanılmışdır. inzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmişdir. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılmış, digərləri isə baxılmaqdadır.

Məlumatda daha sonra bildirlir ki, il ərzində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir. Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmiş, 6 inzibati xəta protokoluna xitam verilmiş, 28 protokol isə baxılmaqdadır.

Bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunması məqsədilə onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində ədliyyə Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlər davam etdirilir.

Belediyye.info

ŞƏRHLƏR