"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Paytaxtımızda turistlərin marağını cəlb edəcək daha bir yenilik

--2015-05-16 / 19:50

Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı hər gün daha da gözəlləşir. Paytaxtımızda möhtəşəm idman arenaları, göz oxşayan binalar, parklar, yüksək səviyyədə xidmət göstərən otellər və s. inşa olunur.  Bakıya xüsusi gözəllik verən, dünyada analoqu olmayan Dənizkənarı Bulvarda da hər gün yeniliklərlə qarşılaşmaq olar. Bir müddət öncə Bakı Bulvarı Dövlət Bayrağı Meydanına qədər genişləndirilmişdi. Bu günlərdə isə ölkə rəhbərliyinin tapşırığı ilə “Bakı-2015” Avropa Oyunları zamanı ölkəmizə gələcək turistlərin və yerli sakinlərin marağını cəlb edəcək daha bir yeniliyə imza atılacaq. Belə ki, hazırda Dənizkənarı Bulvar əks istiqamətdə - Zığ Qəsəbəsinə doğru genişləndirilməkdə davam edir. Dəniz Vağzalından sonra yeni salınan hissənin adı isə Bakı Ağ şəhər Bulvarı adlanır. Burada aparılan işlər sürətlə davam edir. Sözügedən ərazidə yerli sakinlərin və qonaqların dincəlməsi üçün dənizin kənarı ilə gözəl parklar salınır, yaşıllaşdırma işləri aparılır. Bakı Ağ şəhər Bulvarında gözəl görünüşlü skamyalar quraşdırılıb, insanların təhlükəsizliyi üçün piyada keçidləri salınıb. ərazidə müasir standartlara cavab verən “Bulvar” hoteli də inşa olunub.

Dənizkənarı Bulvar idarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, “Bakı-2015” Avropa Oyunları zamanı Ağ şəhər Bulvarından Bayıl Bulvarına qədər bütün məsafəni qatarlar bir marşurutda hərəkət edəcək. Onun sözlərinə görə, 16 km məsafəni gəzib başa çıxa bilməyən insanlar bu qatarlardan istifadə edə biləcəklər. Rəis müavini vurğulayıb ki, Ağ şəhər Bulvarının inşasının “Bakı-2015” Avropa Oyunlarına qədər yekunlaşdırılması nəzərdə tutulub.

Elgün Vidadioğlu

ismayıl Quliyev

http://sia.az/az/news/sport/476854-paytaxtimizda-turistlerin-maragini-celb-edecek-daha-bir-yenilik

ŞƏRHLƏR