Bu gün Prezident ilham əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Sənəddə Bakı şəhər icra Hakimiyyətinin tabeliyində olan “BakuBus” MMC-nin Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi ilə bağlı müddəa da yer alıb. Bununla yanaşı Bakı şəhər icra Hakimiyyətinin Füzuli və Mirzağa əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları da bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, adı çəkilən yeraltı avtomobil qarajları Nəsimi və Səbail bələdiyyələrinin inzibati ərazisinə düşür.
Belediye.infonun bu istiqamətdə əldə etdiyi məlumata görə, son üç ildə məhz həmin avtodayanacaq kimi istifadə edilən qarajlardan yerli büdcəyə aid edilən rüsumlar ödənilməmiş qalmışdı.
Məhkəmə müstəvisində isə məsələ Bakı şəhər icra Hakimiyyətinin xeyrinə həll edildiyindən adı çəkilən bələdiyyələrin büdcəsinə hər hansı vəsait köçürülməmişdir.
Yəqin ki, bu obyektlərin Bakı Nəqliyyat Agentliyinə verilməsi məsələnin bələdiyyələrin xeyrinə həll ediləcəyi ehtimalını artırır.
Belə ki, həmin avtodayanacaqların xidmətindən istifadə edən hər bir avtomobil sahibindən alınan vəsaitin on qəpiyi bələdiyyə büdcəsinə köçürülməlidir.
Belediyye.info