23 dekabr sonuncu bələdiyyə seçkilərinin keçirildiyi gündür. Bu günədək keçirilən beş bələdiyyə seçkisindən sonuncu üç seçki prosesi məhz həmin günə təsadüf edir. Beləliklə, bələdiyyələrin formalaşmasının iyirmi ikinci ili tamam olur. Ötən 22 ilə qısa bir nəzər yetirsək bələdiyyələrlə bağlı bəzi nəticələrə gəlmək olar.
ilk olaraq qeyd etməliyəm ki, bir struktur olaraq bələdiyyələr irili-xırdalı çoxsaylı layihələri icra etməklə özlərini müəyyən mənada cəmiyyətə tanıda biliblər. Bir sıra mərkəzi və yerli icra strukturlarının bələdiyyə sisteminə göstərdikləri “qayğı və diqqət” sayəsində cəmiyyətdə mövcud neqativin böyük bir hissəsi bələdiyyələrə “yüklənsədə” bələdiyyə təmsilçilərinin ruhdan düşməməsi açığı məni çox sevindirir.
Bir tərəfdən bələdiyyələrin gördükləri saysız hesabsız irili-xırdalı layihələri öz adlarına çıxan yerli icra strukturları, digər tərəfdən bələdiyyələrin qəbul etdiyi sənədi heçə sayan əmlak məsələləri Dövlət Xidmətində çalışanlar, yəqin ki zaman gələndə, mövcud reallıqla razılaşacaqları gün üzaqda deyil.
Bələdiyyə sistemi iyirmi iki yaşını saysız hesabsız qanun və normativ hüquqi sənədlərin qəbul edilməsiylə yanaşı, yeddi milyon manatlıq DSMF borcu ilə qeyd edir. Bu illər ərzində məhz mərkəzi icra orqanlarının “səyi nəticəsində” hələ də mülkiyyət formasında nə əmlaka, nə də ki torpağa sahib ola biliblər. Maraqlı məqam ondadır ki, torpağa sahib olmayanlara torpaq satdıran bəzi icra başçıları məqam gələndə sudan quru çıxmaqdadırlar.
istənilən halda nəzərə almalıyıq ki, hazırda 15.126 bələdiyyə üzvü və təxminən 6 min nəfərə yaxın bələdiyyə qulluqçusunun 85 faizədək hissəsi iqtidar partiyasının üzvüdür.
Bu arada Milli Məclisin Regional məsələlər Komitəsinin bələdiyyələrlə bağlı passiv fəaliyyəti də diqqətimizdən yayınmadı. Bələdiyyələrlə iş Mərkəzinin son iki ildəki fəaliyyəti sayəsində bələdiyyə büdcəsnə əlavə olaraq 1.8 milyon manat vəsaitin daxil olması təqdirəlayiqdir. Lakin bununla yanaşı Mərkəz qanuvericilkdəki mövcud boşluqların aradan qaldırılmasında öz sözünü deməlidir.
Bu gün 1000 yaxın bələdiyyənin bank hesabının bağlı qalması, həmçinin bələdiyyələrə hələ də yerli icra strukturları tərəfindən mənəvi dəstəyin göstərilməməsinin nəticəsidir ki, Bərdə, Tərtər, Gədəbəy bələdiyyələrinin, Bakının Biləcəri, Xocasən və əhmədli bələdiyyəsinin DSMF-yə olan borcu azalmaq bilmir. Bu gün Dövlət Vergi Xidmətinin iradəsiylə 980 bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyulub. əslində bu qurumun bu addımını alqışlayıram, bəyənirəm və təqdir edirəm. Amma sual edirəm 2005-ci ildən yaranan bu borcun silinməməsində tək günah sahibi bələdiyyə sədrləridirmi. Bununla bağlı DVX orqanın vahid konsepsiyasının olmaması da təəssüf doğurur.
Sözsüz ki, problemin həll edilməməsində bələdiyyə sədrlərinin təşəbbüskar olmamaları, müti şəkildə icra başçılarının tapşırıqlarını icra etmələri də səbəb olub. Nə isə…
Belə əziz bir gündə çoxsaylı problemlərlə üz-üzə qalan bələdiyyələri ruhdan düşməməyə və regional idarəetməyə keçidin yaxınlaşdığı bir vaxtda fəaliyyətlərini təbliğ etməyə çağırıram.
Sonda isə qəti əminəm ki, Ulu öndər Heydər əliyevin dəstəyi, təşəbbüsü və iştiraklıyla təsis edilən bələdiyyə sisteminin qarşılaşdığı problemlər tezliklə ölkə başçısı ilham əliyevin qətiyyəti və siyasi iradəsiylə öz həllini tapacaqdır.
Vüqar Tofiqli