Qabil Qarayev: “Nə torpaq satmamışam, nə də satılası torpaq yoxdur ”
“əmlak və torpaq vergisinin toplanmasında çətinlik çəkirik. Lakin əhali arasında vergilərin ödənilməsi ilə bağlı maarifləndirmə işlərinidə unutmuruq”- bu fikirləri Belediyye.info saytına açıqlamasında Ağdaş bələdiyyəsinin sədri Qabil Qarayev deyib. Onun sözlərinə görə, vətəndaşlara bildirişlər paylanılıb: “Ödənişləri bank vasitəsilə qəbul edirdik, lakin indi həm bank, həm də post vasitəsilə aparırıq. Qeyd edim ki, torpaq vergisi ilə bağlı əvvəldən borclar var və məhkəmə perspektivi olanlarla bağlı müraciət edirik. Bu da ki, son 2 il ərzində olanlarla bağlıdır. Vətəndaşların sənədləri ilə bağlı problemlər var. Belə ki, ailə başçısı dünyasını dəyişib, lakin hələ də əmlakı və torpağı onun adına gedir. Bu da bələdiyyə üçün bu gün ciddi problem yaradır. Burada 7 minə yaxın təsərrüfat var, ancaq əhalinin 30 faizinin çıxarışı yoxdur. Sənədləri düzgün deyil, hamısı əlində əvvəllər verilən qərarlardır. əhalinin öz əmlaklarına dair sənədlərinin düz olmaması bələdiyyənin fəaliyyətinə də mənfi təsir göstərir.
Mən bələdiyyəyə sədr gələnədək işçilərin maaşı torpaqların satışından gələn pulla ödənilib. Lakin sədr olduğum müddətdə torpaq satmamışam, amma satılası torpaqda yoxdur. əmlak və torpaq vergisindən gələn maliyyə hesabına işçilərin maaşını ödəyirəm. Dövlət Sosial Müdafiə Fonduna borcumuz var və bu məndən əvvəl daha çox idi.
Axşam saatlarında vətəndaşların evinə gedib, vergilərini ödəmək üçün müraciət edirik. Belə etməsək, vergini ödəyən olmur, ən azından 10-dan 2-i gətirib ödəyir”.
Q.Qarayev deyib ki, bələdiyyələrin maliyyə vəsaitinin artırılması istiqamətində keçmiş bələdiyyə sədrləri çoxlu səhvlər ediblər: “Səhvi onda ediblər ki, bələdiyyə özünə heç olmasa, 30 sot torpaq saxlamayıb. əgər saxlasaydılar, orada yavaş-yavaş mağazalar tikə bilərdik. Yaxud da, xeyir-şər üçün çadır, stol, stul alardı, başqası 200 manata verəndə, bələdiyyə 100 manata verərdi. O cümlədən bunları xeyriyyə məqsədilə şəhid ailələri, imkansızlara, müharibə iştirakçılarına pulsuz vermək imkanı da olardı. Ümumilikdə, bələdiyyənin ayda heç olmasa 500-1000 manat kənardan gəliri olmalıydı ki, özü-özünü dolandıra bilsin. Yoxsa, bu torpaq və əmlak vergisi ilə bələdiyyə özünü saxlaya bilməz”.
Bəxtiyar Məmmədli