Xəzər rayonu Qala bələdiyyəsinin 2015-ci ilin
6 ayı ərzində gördüyü işlər haqqında
H E S A B A TI
Bələdiyyələr yerli özünüidarəetmə orqanı olduğu üçün onun büdcəsi əsasən qəsəbə sakinlərindən yığılan torpaq və əmlak vergisi ödənişlərindən formalaşır. Qala bələdiyyəsi yığılan həmin məbləği qəsəbənin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyacı olan qəsəbə sakinlərinin problemlərinin həllinə yönəltməklə bir çox işlər görmüşdür, belə ki, bələdiyyənin ekoloji proqramına uyğun olaraq Qala qəsəbə magistral yolboyu, Qala-Binə dairəsi, Heydər əliyev prospekti yolun hər iki tərəfində əkilmiş ağacların dibləri mütəmadi olaraq yabanı otlardan təmizlənmiş, bellənmiş, küləkdən qorunmaq üçün dayaqlar bərkidilmişdir. Qurumuş ağaclar çıxardılaraq əvəzində yenisi əkilmiş və onlara aqrotexniki qulluq edilmişdir, mövsümlə əlaqədar gündəlik suvarılmışdır. Qəsəbə ərazisindən məişət tullantılarının və zibilin daşınıb təyin olunmuş yerə boşaldılması gündəlik təşkil olunmuşdur.
Qəsəbənin abadlıq işləri ilə əlaqədar magistral yolboyu səkilərin kənarları, ağacların gövdələri və divarlar əhənglə ağardılmışdır, qəsəbədaxili su xətti və su bulaqları cari təmir olunmuşdur.
Bələdiyyənin sosial müdafiə proqramına uyğun olaraq rayon əlaqəli təşkilatın və sosial cəhətdən ehtiyacı olan bir çox qəsəbə sakinlərinin müraciəti əsasında problemlərinin həlli məqsədi ilə onlara bələdiyyə büdcəsindən müxtəlif məbləğlərdə maddi yardım göstərilmişdir.
Qala qəsəbə sakinlərinin daşınmaz əmlakın icbari sığortasının həyata keçirilməsi, Dövlət orqanlarında korrupsiya hallarının qarşısının alınması və qanunçuluğun təmin edilməsi məqsədi ilə sakinlər arasında müzakirələr həyata keçirilmiş, maarifləndirmə işləri aparılmışdır və bu məqsədlə müvafiq tədbirlər görülmüşdür.
Bələdiyyənin mədəni və idman proqramına uygun olaraq rayon səviyyəsində keçirilən bütün tədbirlərə Qala bələdiyyəsi də qoşularaq iştirak etməklə yanaşı köməklik də göstərmişdir. “Novruz” və “Gül” bayramları ilə əlaqədar qəsəbə sakinləri və dəvət olunan qonaqlar üçün bayram süfrəsi və şənlik təşkil olunmuşdur.
Görülən işlər, büdcəyə daxilmalar və xərclər barədə Qala qəsəbə sakinləri məlumatlandırılmışdır.
Bələdiyyəyə müxtəlif idarə və təşkilatlardan 2015-ci ilin 6 ayı ərzində 103-məktub daxil, 101-məktub isə xaric olunub, yazılı və şifahi
müraciət edənlər 39 nəfərdir. Qəsəbə sakinləri tərəfindən edilmiş müraciət əsasında vətəndaşlara 144 arayış verilmişdir, daxili əmr 8-dir. Daxil olmuş bütün məktub və müraciətlərə vaxtında qanunvericiliyə uyğun qaydada cavab verilmişdir.
Bələdiyyə üzvlərinin 2015-ci ilin 6 ayı ərzində 8 iclası keçirilib ki, həmin iclaslarda müxtəlif məsələlər müzakirə edilərək hər biri haqqında müvafiq qərar qəbul edilməklə həmin qərarlar icra olunmuşdur.
M.O.Novruzov
Qala bələdiyyəsinin sədri