Dövlətin göstərdiyi hərtərəfli qayğı və diqqət sayəsində bələdiyyələr günü-gündən inkişaf edir, möhkəmlənir, yerli məsələlərin həllində daha inamla iştirak edir. Bələdiyyələrin öz ərazisində iqtisadiyyatın inkişafına, infrastrukturun yaxşılaşdırılmasına verdiyi töhfələrin həcmi hiss olunacaq dərəcədə artır. Ötən dövr ərzində bələdiyyələrə dövlətimizin göstərdiyi köməyin məzmunu və həcmi də təkmilləşdirilir. Bu baxımdan Oğuz bələdiyyəsi də fəaliyyətə başladığı ilk gündən qarşıya qoyulmuş vəzifələri maksimum yerinə yetirməyə çalışır. Nəticədə cari ilin altı ay ərzində xeyli uğurlar qazanılıb. Görülən işlər barəsində əhaliyə ətraflı məlumatlar çatdırılaraq, yerli büdcə daxilolmalar və xərclər haqqında hər kəs məlumatlandırılıb. Növbəti görüləcək işlər ətrafında müzakirələr aparılmaqla, rəy və təkliflər dinlənildikdən sonra müvafiq qərarlar qəbul edilib.
Ötən 6 ay ərzində bələdiyyənin 8 iclası keçirilib. iclaslarda 39 məsələ müzakirə edilib. Müzakirəyə çıxarılan məsələlər arasında 4-cü çağırış bələdiyyə seçkilərində yeni seçilmiş bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, bələdiyyənin icra aparatının formalaşdırılması, daimi komissiyaların tərkibinin seçilməsi, yaz-yay mövsümünə hazırlıq, şəhərdə abadlıq, yaşıllaşdırma, təmir və tikinti işlərinin aparılması, fərdi yaşayış evlərinin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ərazidə binaların tikintisinə torpaq sahələrinin ayrılması və s. olub. Buraya bayram və sosial tədbirlərin keçirilməsini də əlavə etsək fəaliyyətimizin miqyası göz önündə canlanar.
iclaslarda həmçinin yerli büdcənin gəlirləri və xərcləri, bələdiyyə qərarlarının icrasının vəziyyəti, yerli büdcənin formalaşdırılması, icrası və digər məsələlər ətrafında araşdırmalar aparılaraq və müvafiq qərarlar qəbul edilib.
Müzakirə edilən məsələlərin bir qismi də sosial-iqtisadi problemlərin həlli ilə əlaqədardır.
Bələdiyyə qanunvericiliyini əldə rəhbər tutan təşkilatımız qəbul edilən bələdiyyə aktlarını qəbul etdiyi andan 15 gün müddətinə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərərək, həmin təşkilatın tövsiyyələrini iclaslarda müzakirə etməklə və icra etmək üçün qəbul edib.
Yarım il ərzində bələdiyyə tərəfindən sosial baxımdan maddi vəziyyəti ağır olan bir qrup şəhər sakininə 690,0 manat məbləğində maddi yardım göstərilib.
Bələdiyyəmiz şəhərimizin abad və gözəl bir yaşayış məntəqəsinə çevrilməsi üçün aparılan abadlıq və quruculuq işlərində iştirak etməkdədir. Yazın ilk günlərindən başlayaraq şəhərin cənub yaşayış massivində, Oğuz-şəki yolunun kənarında aparılan yaşıllaşdırma-ağacəkmə tədbirlərində fəallıq göstərmiş, müvafiq təşkilatlarla birlikdə şəhərin hər iki tərəfindən axan çay yataqlarının məişət tullantılarından təmizlənməsinə nail olunmuşdur. Hazırda şəhərimizin küçə və dalanlarında, xüsusən də yeni yaşayış massivində asfalt örtüyü salınır. Bələdiyyəmiz imkanları daxilində bu yolların qumlanması, ətrafının kol-kosdan təmizlənməsi və hamarlama-təmizlik işlərini həyata keçirir. Bu işlər havalar imkan verənədək davam etdiriləcəkdir.
Bələdiyyəmiz yerli büdcənin təmin edilməsi sahəsində dönüş yaratmağa çalışır. şəhərimizdə üç mindən artıq vergi ödəyicisi var.
Bildiyiniz kimi dövlətimizin yeni qərarı ilə 2015-ci ildən vergi ödənişləri poçt, bank və ödənişi həyata keçirən digər təşkilatlar vasitəsi ilə həyata keçirilir. Yəni daha bələdiyyə işçiləri vergi toplayaraq qəbz təqdim edə bilməzlər. Bu üsul mütərəqqi olsa da bizim vergi ödəyiciləri könüllü olaraq vergi ödəmək məsələsinə laqeyid yanaşırlar. Onlar bir şeyi bilməlidir ki, əgər yerli büdcədə vəsait yoxdursa, deməli şəhərimizdə abadlıq işləri ləng yerinə yetiriləcək, sosial baxımdan maddi durumları ağır olan vətəndaşlara yardım etmək çətin olacaqdır. Odur ki, bu sahədə bütün idarə və təşkilatlar və seçicilər bələdiyyəyə köməklik etməlidir.
Bələdiyyə ərazisində 3 orta məktəb, 2 bağça, şahmat və idman məktəbləri fəaliyyət göstərir. Çalışırıq ki, müəllim və şagirdlərlə sıx təmasda olaq. Xüsusilə məzun olaraq ali və orta ixtisas məktəblərinə daxil ola bilməyən gənclərlə aparılan işə önəm veririk. Onların işlə təmin edilməsinə, asudə vaxtlarının təşkilinə, idmanla məşğul olmalarına şərait yaratmaq üçün səy göstəririk. Bunun üçün idman yarışları, görüşlər, disputlar təşkil edilir. Rayon Məşğulluq Mərkəzinin keçirdiyi əmək yarmarkalarında onların iştirakına nail oluruq. Bu isə az da olsa öz effektini verir.
Görülən işlərlə yanaşı həllini gözləyən bir çox problemlərimiz var. Xüsusən yerli büdcənin təmin edilməsi sahəsində mövcud qanunvericilikdə olan boşluqlar işimizə çox mane olur.
əminik ki, 2015-ci ili də böyük nailiyyətlərlə başa vuracağıq. şəhərimizin sakinlərinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirmək üçün əzimkarlığımızı iki qat artırmağa çalışacağıq.
Arif Cavadov
Oğuz bələdiyyəsinin sədri