Oğuz bələdiyyəsi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyulmuş vəzifələri maksimum yerinə yetirməyə çalışır. Nəticədə ötən altı ay ərzində xeyli uğurlar qazanılıb.
Növbəti görüləcək işlər ətrafında bələdiyyə iclasında müzakirələr aparılaraq, rəy və təkliflər dinlənildikdən sonra müvafiq qərarlar qəbul edilib.
Ötən 6 ay ərzində 6 iclas keçirilib. iclaslarda 41 məsələ müzakirə edilib. Müzakirəyə çıxarılan məsələlər arasında yaz-yay mövsümünə hazırlıq, şəhərdə abadlıq, yaşıllaşdırma, təmir və tikinti işlərinin aparılması, fərdi yaşayış evlərinin, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ərazidə binaların tikintisinə torpaq sahələrinin ayrılması və s. olmuşdur. Buraya bayram və sosial tədbirlərin keçirilməsini də əlavə etsək fəaliyyətimizin miqyası göz önündə canlanar.
iclaslarda həmçinin yerli büdcənin gəlirləri və xərcləri, bələdiyyə qərarlarının icrası vəziyyəti, yerli büdcənin formalaşdırılması, icrası və digər məsələlər ətrafında da araşdırmalar aparılaraq müvafiq qərarlar qəbul edilib.
Müzakirə edilən məsələlərin bir qismi də sosial-iqtisadi problemlərin həlli ilə əlaqədar olub.
Yarım il ərzində bələdiyyə tərəfindən sosial baxımdan maddi vəziyyəti ağır olan bir qrup şəhər sakininə 135,0 manat məbləğində maddi yardım göstərilib.
şəhərimizin ictimai həyatında fəallıq göstərilmiş, bütün bayram və digər tədbirlərdə seçicilərin yanında olmuş, onlara maddi və mənəvi dəstək verilmişdir.
Bələdiyyəmiz şəhərimizin abad və gözəl bir yaşayış məntəqəsinə çevrilməsi üçün aparılan abadlıq və quruculuq işlərində iştirak etməkdədir. Yazın ilk günlərindən başlayaraq şəhərin cənub yaşayış massivində, Oğuz-şəki yolunun kənarlarında aparılan yaşıllaşdırma-ağacəkmə tədbirlərində fəallıq göstərilmiş, müvafiq təşkilatlarla birlikdə şəhərin hər iki tərəfindən axan çay yataqlarının məişət tullantılarından təmizlənməsinə nail olunub. Hazırda şəhərimizin küçə və dalanlarında, xüsusən də yeni yaşayış massivində asfalt örtüyü salınır. Bələdiyyəmiz də imkan daxilində bu yolların qumlanması, ətrafının kol-kosdan təmizlənməsi və hamarlama-təmizlik işlərini həyata keçirir. Bu işlər havalar imkan verənədək davam etdiriləcəkdir.
Bələdiyyəmiz yerli büdcənin təmin edilməsi sahəsində dönüş yaratmağa çalışır. şəhərimizdə üç mindən artıq vergi ödəyicisi var. Cari ilin avqust ayınadək tədiyyə bildirişləri onlara çatdırılacaq. Bildiyiniz kimi 2015-ci ildən vergi ödənişləri poçt, bank və ödənişi həyata keçirən digər təşkilatlar vasitəsi ilə həyata keçirilir. Yəni daha bələdiyyə işçiləri vergi toplayaraq qəbz təqdim edə bilməzlər. Bu üsul mütərəqqi olsa da bizim vergi ödəyiciləri könüllü olaraq vergi ödəmək məsələsinə laqeyid yanaşırlar. Onlar bir şeyi bilməlidir ki, əgər yerli büdcədə vəsait yoxdursa, deməli şəhərimizdə abadlıq işləri ləng yerinə yetiriləcək, sosial baxımdan maddi durumları ağır olan vətəndaşlara yardım etmək çətin olacaqdır. Odur ki, bu sahədə bütün idarə və təşkilatlar və seçicilər bələdiyyəyə köməklik etməlidir.
Bələdiyyə ərazisində 3 orta məktəb, 2 bağça, şahmat və idman məktəbləri fəaliyyət göstərir. Çalışırıq ki, müəllim və şagirdlərlə sıx təmasda olaq. Xüsusilə məzun olaraq ali və orta ixtisas məktəblərinə daxil ola bilməyən gənclərlə aparılan işə önəm veririk. Onların işlə təmin edilməsinə, asudə vaxtlarının təşkilinə, idmanla məşğul olmalarına şərait yaratmaq üçün səy göstəririk. Bunun üçün idman yarışları, görüşlər, disputlar təşkil edilir. Rayon Məşğulluq Mərkəzinin keçirdiyi əmək yarmarkalarında onların iştirakına nail oluruq. Bu isə az da olsa öz effektini verir.
Görülən işlərlə yanaşı həllini gözləyən bir çox problemlərimiz var. Xüsusən yerli büdcənin təmin edilməsi sahəsində mövcud qanunvericilikdə olan boşluqlar işimizə çox mane olur.
əminik ki, 2016-cı ili də böyük nailiyyətlərlə başa vuracağıq. şəhərimizin sakinlərinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirmək üçün əzimkarlığımızı iki qat artırmağa çalışacağıq.
Oğuz bələdiyyəsi öz fəliyyətində qanunvericiliyə əməl etməklə sosial problemlərin həll edilməsi üçün bütün imkanlardan istifadə edəcək və qarşıdaki dövrdə işguzarlığını saxlamaqla əhali arasında çevik qurum kimi fəaliyyətını davam etdirəcəkdir.
A.M.Cavadov
Oğuz Bələdiyyəsinin sədri