Azərbaycanda bələdiyyələrin yaranması və inkişafı Ümummilli Liderimiz Heydər əliyevin adı ilə bağlıdır.
1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra yeni yaradılan yerli özünüidarəetmə orqanlarının cəmiyyətimizin sosial-iqtisadi həyatında əhəmiyyətli rolu danılmazdır.
Bələdiyyələr respublikamızda gedən demokratik proseslərdə, quruculuq, abadlıq işlərində, regionların sosial iqtisadi inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edirlər.
Məlumat üçün bildirmək istəyirəm ki, Qaraçuxur Bələdiyyəsi Yeni Günəşli yaşayış massivini və Qaraçuxur qəsəbəsini əhatə edir. Bələdiyyənin ərazisi 1120 hektar, əhalisinin sayı 85239 nəfər təşkil edir.
Göründüyü kimi kifayət qədər böyük ərazidə yerli əhəmiyyətli məsələləri həll etmək, əhalinin müxtəlif təbəqələri ilə sıx iş birliyi əsasında sosial-iqtisadi və mədəni məişət baxımından aktual xarakter daşıyan və çoxdandır öz həllini gözləyən problemləri aradan qaldırmaq üçün çox ciddi çalışmaq lazım idi.
Təsis olunduğu və fəaliyyət göstərdiyi 17 il ərzində Qaraçuxur Bələdiyyəsi xeyli inkişaf edib, sakinlərin ictimai, sosial problemlərinin həllində mühüm rol oynayıb, qəsəbəmizin abadlaşdırılması, sakinlərin gündəlik yerli problemlərinin həll olunması, yaşıllıqların qorunması, park və xiyabanların abadlaşdırılması və sair işlərin yerinə yetirilməsində xeyli işlər görülmüşdür.
Düzdür bələdiyyəmiz hələ qabaqcıl ölkələrin bələdiyyələri ilə müqayisədə arzu olunan səviyyədə deyil. Lakin ölkə rəhbərliyi tərəfindən ardıcıl həyata keçirilən tədbirlər onu göstərir ki, yaxın illərdə yerli problemlərin həllini təmin etməyə qadir olan və hər birimizin qürur duya biləcəyi bələdiyyə sistemi formalaşacaqdır.
2016-cı il ərzində Qaraçuxur Bələdiyyəsinin 12 ümumi iclası keçirilmişdir. iclasların gündəliyinə 48 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilati, büdcə, maliyyə, təmir-tikinti, abadlaşdırma, sosial və sair məsələlər olmuşdur.
Hesabat ili ərzində 510 nəfər vətəndaş qəbul edilib, müxtəlif ünvanlarda 15 dəfə əhali ilə səyyari görüşlər keçirilmişdir, əhalidən daxil olan ərizələrin sayı 144, idarə və müəssələrdən daxil olan məktubların sayı 117, cavablandırılan və göndərilən məktubların sayı 181 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzuları həll edilmişdir.
Bələdiyyələr yerli özünüidarə orqanı olduğu üçün onların büdcəsi əsasən əhalidən yığılan yerli vergilər, rüsum və ödənişlərdən formalaşır. Hesabat ilindən büdcəmizin gəlir və xərcləri rentabelli olmamışdır. Dünyada baş verən iqtisadi böhran Azərbaycandan da yan keçməmişdir. Bu da əhalinin vergilərin ödəmə qabiliyyətinə təsir göstərmişdir. Bu səbəbdən də proqnozlaşmış büdcə kəsirlə yerinə yetirilmişdir.
Cari ildə yerli (bələdiyyə) vergilərin yığımında müəyyən irəlləyişlərə nail olsaq da yerli ödənişlərin, yəni bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, bələdiyyə mülkiyyətində olan torpaqların özgəninləşdirilməsi və icarəyə verilməsindən olan ödəniş, eləcə də avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz qalmaqdadır.
Xatırlatmaq istəyirəm ki, hesabat ilində bələdiyyəmizin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün sərbəst torpaq sahəsinin olmaması səbəbindən torpaq növbəliliyinə qeydiyyata götürülmüş qəsəbə ərazisində yaşayan sakinlərə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış və Bakı şəhərində torpaq hərracı və müsabiqəsi keçirilmədiyi üçün vətəndaşların qeyri-rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.
Bələdiyyə üzvləri əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barədə məlumat verir, sakinlərin təklif və məsləhətlərini dinləyir, mövcud problemləri onların öz arzuladığı formada həll etməyə çalışır. 2016-cı ildə görülmüş quruculuq-abadlıq işləri barədə məndən öncə çıxış edən Vilayət əmirov geniş məlumat verdi mən isə bir neçəsini diqqətinizə çatdırmaq istərdim.
31 saylı Suraxanı ikinci seçki dairəsinin bir sıra məntəqələrində təşviqat lövhələrinin yeniləri ilə əvəz edilmiş, Yeni Günəşli “AB” y/s-də yerləşən 16-cı seçki məntəqəsində cari təmir işləri aparılmışdır.
Bələdiyyənin diqqət mərkəzində olan məsələlərdən biri də qəsəbə ərazisində məişət tullantilarının vaxtlı-vaxtında yığışdırılıb təmizlənməsidir.
Bunun üçün aidiyyatı qurumlarla gündəlik əlaqə saxlanılıb və mövcud problemlər onların diqqətinə çatdırılıb, qəsəbə ərazisində sanitar təmizlik və ətraf mühitin mühafizəsi sahəsində əhalinin maarifləndirilməsi işləri aparılmış, eləcə də yol kənarlarına və ərazidəki zibilxanaların ətrafına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb daşınmasında müvafiq köməkliklər göstərilmişdir.
Suraxanı rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasov cənablarının 05.05.2014-cü il 61 saylı sərəncamına əsasən məişət tullantılarının yığılıb daşınması üçün xidmət haqqına görə Qaraçuxur Bələdiyyəsi tərəfindən 22500.00 manat vəsait yığılaraq kommunal xidmətlər müəssisəsinə ödənilmişdir.
Hesabat ilində bələdiyyə ərazisindəki park və xiyabanlara, eləcə də yol kənarlarına 230 ədəd şam ağacı, 150 ədəd müxtəlif növ gül kolları əkilmiş, yaşıllıqların suvarılması üçün “Azərsu” ASC ilə müqavilə bağlanıb bələdiyyənin vəsaiti hesabına suvarılma işləri aparılmış, Qaraçuxur qəsəbəsi “Neftçilər” parkında yerləşən “Veteranlar guşəsi”nin qaza görə ödənişi, Yeni Günəşli “AB” və “V” yaşayış sahələrində “Veteranlar guşəsi”nin işığa görə ödənişi, eləcə də “AB” yaşayış sahəsində “Veteranlar guşəsi”nə su xəttinin çəkilməsi, su sayğacının alınıb quraşdırılması və suya görə ödəniş bələdiyyənin vəsaiti hesabına yerinə yetirilmişdir. il ərzində 24 nəfər aztəminatlı və ehtiyacı olan ailələrə 3190 manat maddi yardım edilmiş, 1 nəfər ailənin dəfn mərasiminə 500 manat köməklik göstərilmişdir.
Suraxanı rayon icra Hakimiyyəti Başçısının köməyi və dəstəyi nəticəsində “Qurban bayramı” münasibəti ilə qəsəbə ərazisində yaşayan aztəminatlı və imkanı zəif olan 850 nəfərə qurban payı verilmiş, eləcə də II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 71-ci il dönümü və Novruz bayramı yüksək səviyyədə qeyd edilmiş, 10 may - Ulu öndər Heydər əliyevin 93-cü il dönümü, 28 may - Respublika Günü, 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə “Veteranlar xiyabanı” parkında bayram şənliyi təşkil olunmuşdur.
Qaraçuxur Bələdiyyəsi və “Xəzər Qayğıkeş Layihəsi” humanitar ictimai Birliyi ilə birlikdə əhalini pulsuz göz müayinəsindən keçirlməsi üçün 3 müxtəlif vaxtda mobil kabinet qurulmuşdur.
YAP Suraxanı rayon təşkilatı və YAP Gənclər Birliyi ilə birgə keçirilən “Gənc sahibkarların bacarığının artırılması” tədbirində yarışda iştirak edən Qaraçuxur Bələdiyyəsinin komandası 6 komanda arasında 1-ci yerə layiq görülmüşdür.
BəIədiyyələrin fəaliyyətinin təbliği ictimai birliyi və Bələdiyyə info saytının keçirdiyi rəy sorğusuna görə Respublikada olan bələdiyyələr arasında Qaraçuxur Bələdiyyəsi birinci onluqda olmuşdur. Buda Qaraçuxur Bələdiyyəsinin gördüyü işlərə ictimai rəyin göstəricisidir.
Bildiyiniz kimi 2016-ci il oktyabrın 31-dən noyabrın 5-dək Azərbaycanda Yerli Demokratiya həftəsi keçirilmişdir. Bələdiyyələrin vətəndaşlarla əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə həftə ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.
Qaraçuxur Bələdiyyəsi bu tədbirlərdə aktiv iştirak edərək “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində qəsəbənin sosial-iqtisadi inkişafında, quruculuq - abadlıq işlərində müəyyən işlər görmüş, “Təmiz qəsəbə” devizi adı altında müntəzəm olaraq qəsəbənin təmizlik, abadlıq işlərinə diqqət yetirilmişdir.
Beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədi ilə 9-12 iyul 2016-cı il tarixlərində 4 nəfər nümayəndə heyyəti Latviya Respublikasının Yekabpils Bələdiyyəsində olmuş, maraqlı müzakirələr və təcrübə mübadilələri aparılımışdır. Xatırladım ki, nümayəndə heyyətinə rayon icra Hakimiyyətinin başçısı cənab ilqar Abbasov başçılıq etmişdir.
Bu gün qəsəbəmizin hansı guşəsinə üz tutsanız abadlıq və quruculuq sahəsində, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən tədbirlərdə bələdiyyənin rolunu görə bilərsiniz.
Çıxışımın sonunda 2017-ci il üçün Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsi ərazisində həlli vacib olan sosial yönümlü işlərin yerinə yetirilməsi ilə bağlı nəzərdə tutulmuş işlər barədə məlumat vermək istəyirəm.
Qaraçuxur Bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəaliyyət göstərən idarə və təşkilarların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin həll olunmasına, Ulu öndər Heydər əliyev siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz ilham əliyev cənablarının bütün layihələrinin layiqincə yerinə yetirilməsində yardımcı olacağıq.
Ixtiyar Nəcəfov
Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədri