"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qax bələdiyyəsinin 2018-ci ilin I yarımilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında HESABATI - TAM MəTN

--2018-07-30 / 07:26

Bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır. Təbii ki, bu uğurların qazanılması xalq-iqtidar birliyinin nəticəsi, dünya siyasətinin fenomen şəxsiyyəti ulu öndər Heydər əliyevin bizə mirasıdır. Dahi liderin müstəqil, demokratik, güclü Azərbaycan arzuları onun gərgin əməyi, əzmi və xalqın ona sevgisi nəticəsində reallığa çevrildi. Ulu öndərin sayəsində Azərbaycanda bələdiyyə institutu formalaşdı, demokratik cəmiyyətin inkişafına geniş yol açıldı.

Aprel ayının 11-də keçirilən Prezident seçkiləri milli dövlətçiliyimizin möhkəmlənməsi yolunda yeni mərhələnin əsasını qoydu. Bu gün xalqının sonsuz sevgisini və etimadını qazanmış, Ümummilli lidеrimiz Hеydər əliyеvin siyаsi kursunun layiqli davamçısı Prеzidеntimiz ilhаm əliyеvin rəhbərliyi аltındа ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi və iqtisadi sаbitlik, eləcə də dеmоkrаtik şərаit bizə daha yaxşı çalışmağa stimul verir. Cənab Prezidentimiz ilham əliyev vətəndaş cəmiyyəti quruculuğunda böyük rolu olan bələdiyyələrin işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmir. Bu diqqət və qayğı bizə xalq hakimiyyətinin fərqli bir forması olan, vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünüidarə orqanlarında daha məsuliyyətli olmağa sövq edir. Bələdiyyələrin inkişafına dövlət dəstəyinin göstərilməsi Qax bələdiyyəsinin də fəaliyyətinə müsbət təsir göstərmiş, yerli əhəmiyyətli sosial layihələrin icrasını sürətləndirmişdir.

Qax bələdiyyəsi də yaradıldığı gündən Ulu öndər ideyalarına sadiq, seçicilərin mənafeyinə, arzu və istəklərinə uyğun öz işini qurmağa çalışmışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun və özünün Nizamnaməsinin tələblərinə müvafiq olaraq hesabatlılığı təmin etmişdir.

Hamıya bəlli olduğu kimi reqlamentə görə bələdiyyələr hər 6 ayda bir seçicilər qarşısında hesabat verməlidirlər. Biz də Qax bələdiyyəsi olaraq 2018-ci ilin I yarımilində bələdiyyənin gördüyü işlərə dair seçicilərə məlumat vermək istəyirik.

2018-ci ilin ilk yarısında bələdiyyənin 7 iclası keçirilmişdir. iclasların gündəliyinə 26 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. iclaslarda əsasən sakinlərə həyətyanı sahənin verilməsi   və sahibkarlıq fəaliyyəti üçün torpaqların ayrılması, təmir-abadlıq işlərinin aparılması, mədəni-kütləvi tədbirlərlə bağlı və sakinləri narahat edən digər bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklfləri, arayışları dinlənilib.

Ötən 6 ay ərzində bələdiyyəyə vətəndaşlardan 99 ədəd ərizə və məktub daxil olub. Onlardan 17-si maddi yardım, 18-i sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin alınması, 33-ü fərdi mənzil tikintisi üçün torpaq tələbi ilə , 15-i icarəyə torpaq sahəsinin verilməsi , qalanları isə digər məsələlərlə bağlı olmuşdur.

Ötən hesabat dövrləri ilə müqayisədə vətəndaşlara - şəhid, Qarabağ əlili və aztəminatlı ailələrə verilən yardımların sayı və miqdarı nisbətən artırılmışdır. Belə ki, 2017-ci ilin I yarımili ərzində 1210.00 manat yardım edilmişdirsə, 2018-ci ilin 6 ayı ərzində bu 1530.00 manat təşkil etmişdir. Eləcə də aztəminatlı ailələrin dəfn mərasimlərində onlara xüsusi güzəştlər edilmiş, bələdiyyəyə məxsus xeyir- şər mağarları əvəzsiz olaraq istifadələrinə verilmişdir. şəhid və Qarabağ əlillərinə növbədənkənar, əvəzsiz torpaq sahələrinin, yardımların verilməsi diqqətdə saxlanılır. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilmişdir.

Yarımil ərzində bələdiyyəyə rəsmi olaraq 36 ədəd sənəd, məktub və metodik vəsait daxil olmuşdur. Tövsiyə və təlimati xarakterli qanun və qərarlardan çıxarışlar daimi komissiyalara verilib.

Hesabat dövründə bələdiyyə sədri tərəfindən 183 nəfər fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti yerində baxılmaqla öz həllini tapmışdır. Bələdiyyəmizin, fəaliyyət göstərən daimi komissiyaların iş planlarına uyğun olaraq yerli əhəmiyyətli məsələlərin operativ həlli məqsədilə tez-tez Qax seçiciləri, məhəllə komitələri ilə sıx təmasda olur və yerli əhəmiyyətli problemlər, istəklər, rəylər toplanaraq buna əsasən Qax bələdiyyəsinin fəaliyyəti planlaşdırılır.

6 aylıq hesabat dövründə Qax bələdiyyəsinin gəlirləri 61586.00 manat (01.01.2018-ci ilə qalıq: 15429.00), xərclər 75922.00 manat (01.07.2018-ci ilə yerli büdcə qalığı : 1093.00 ) təşkil edib.                

Məlum olduğu kimi bələdiyyələr əsasən həyətyanı sahəyə bitişik və zəbt olunmuş torpaq sahələrinin satışından, əmlak və torpaq vergisindən, icarə haqlarından, istifadəsində olan istehlak və xidmət sahələrindən gəlirlərdən əldə olunan vəsait hesabına maliyyələşir. 2017-ci ilin I yarımili ilə müqayisədə torpaq satışından daxil olan gəlirlərdə azalma ( 2017-ci ildə 35841.00- 2018-ci ilin ilk 6 ayında 32278.00 manat) olsa da, yerli vergilərdə artım ( 2017-ci ildə torpaq vergisi 4459.00- 2018-ci ildə 8630.00 manat: əmlak vergisi 2017-ci iləd 4578.00- 2018-ci iləd 4708.00 manat) hiss olunur. Torpaq satışından gəlirlərin belə az olması icra orqanlarında aparılan islahatlarla, struktur dəyişikliyi ilə bağlıdır. şəhər ərazisinin genişləndirilməsi, torpaqların kateqoriyasının dəyişdirilməsi üçün müvafiq sənədlər toplanaraq aidiyyəti qurumlara təqdim olunub və bu məsələnin həlli gözlənilir.

Qax turizm şəhəri hesab olunur. Buna görə də şəhərin təmizliyinin, gözəlliyinin qorunması, sakinlərimizə və gələn qonaqlara yüksək xidmətin göstərilməsi bizim əsas işlərimizdən biridir. Bələdiyyə tabeliyindəki Heydər əliyev, içəribazar Qala Kompleksində, Nizami Gəncəvi, Nəsimi parklarında hər il demək olar ki, abadlıq və yenidənqurma işləri aparılır. Parklarda qazon örtüyünün yenilənməsi, suvarma sistemlərinin bərpası, sıradan çıxmış tamet və bardur örtüklərinin dəyişdirilməsi, oturacaqların və yelləncəklərin təmiri bu yarımil ərzində də diqqətdə saxlanılıb. içəribazar Qala Kompleksində amfiteatr yenidən təmir olunmuş, çürümüş oturacaqlar yeniləri ilə dəyişdirilmişdir.

Küçələrin abadlığı, yenidən qurulması dövlətin ayırdığı maliyyə vəsaiti hesabına həyata keçirilir. Lakin şəhər ərazisində yeni salınmış elə yaşayış massivləri var ki, onlar rayonumuzun iqtisadi –inkişaf proqramına hələ düşməyib. Bələdiyyəmiz həmin yaşayış massivlərində mövcud problemlərin yerli büdcənin imkanları çərçivəsində həllini tapması, minimum yaşayışın təmin olunmasına çalışmış və ya problemlərin həlli məqsədilə aidiyyatı qurumlar qarşısında məsələlər qaldırmışıq. M.Mustafayev, S.Qazıyeva, M.Rahim, Bakıxanov küçələrində abadlıq işləri aparılır. Sakinlərin işıqlanma problemi ilə bağlı müraciətinə əsasən Cavadxan küçəsində yeni elektrik dirəkləri basdırılmış, elektrik naqillərinin çəkilməsi təmin olunmuşdur. Vətəndaşların işıqlanma ilə bağlı problemi öz həllini tapmışdır. Ümumilikdə, park və bağların, küçələrin abadlaşdırılmasına 6299.00 manat vəsait xərclənmişdir. Bələdiyyə ərazisində yerləşən və seçki məntəqəsi kimi istifadə olunan musiqi məktəbinin ( 3 saylı seçki məntəqəsi) təmirinə 1071.00 manat vəsait xərclənmişdir.

Ölkə başçısının Qax rayonunun infrastrukturunun yaxşılaşdırılması üçün ayırdığı vəsait hesabına küçələrdə asfalt örtüyünün çəkilməsi prosesində zəbt olunmuş ərazilərin boşaldılması, təmizlənməsi, sərhədlərin müəyyən edilməsində Qax bələdiyyəsi fəal iştirak etmişdir.

Qəbirstanlıqlar bələdiyyələrin hesabına verildikdən sonra Qax bələdiyyəsi ərazisindəki qəbirstanlıqda xeyli iş görülmüşdür. Qəbirstanlıq ərazisində 2017-ci ildən icrasına başlanmış təmir-tikinti işləri bu hesabat döründə də davam etdirilmişdir. Belə ki, qəbirstanlığın girişi yenilənmiş, ərazi təmizlənmiş, kənarı hasarlanmışdır. Qax bələdiyyəsinə məxsus xeyir-şər mağarlarının saxlanması və icarəyə verilməsi üçün anbar tikilib tam istifadəyə verilmişdir. Bu işlərin icrasına 10050.00 manat vəsait xərclənmişdir. 3900.00 manat məbləğində yüngül konstruksiyalı xeyir-şər mağarlarının alınaraq icarəyə verilməsi təşkil olunmuşdur. Yarımil ərzində bu sahədən gələn gəlirdə də artım hiss olunur. ( 2017-ci ilin I yarımilində 640.00; 2018-ci ilin I yarımilində 1880.00 manat)

şəhərin girişində vaxtaşırı iməciliklər təşkil olunmuş, otların biçilməsi və kol-kosdan təmizlənməsi icra olunmuşdur.

Təhsilin, idmanın inkişafı daim dəstəklənib və tədbirlər planında bu sahələrə xüsusi yer verilib. Gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 illik yubileyi münasibəti ilə məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilmiş və 20-dən çox məktəbli hədiyyələr və diplomlarla təltif olunmuşdur.

El bayramlarımızın, dini və tarixi günlərin qeyd olunması da diqqətdə saxlanılıb. Novruz bayramında aztəminatlı ailələr üçün bayram süfrəsinin açılması, el adətimiz olan pəhləvanların gətirilməsi, Ramazan bayramında bayram süfrəsinin açılması bələdiyyə tərəfindən həyata keçirilmişdir. Mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə 3070.00 manat vəsait sərf olunmuşdur.

Yerli Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat   Sistemi proqramının tətbiqi sahəsində xeyli iş görülmüşdür. Lakin yenə də vergidən yayınmaq məqsədilə vətəndaşlar əmlak və torpaq sənədlərini vergi agentlərinə təqdim etməkdən yayınırlar. Xatırlatmaq istəyirəm ki, qanunvericiliyə görə müvafiq vergilərin ödənilməsi məcburidir və toplanan vergilərdən formalaşan büdcə vəsaiti şəhərin sosial problemlərinin həll edilməsinə, abadlıq, quruculuq işlərinə, imkansız ailələrin sosial durumlarının yaxşılaşdırılmasına sərf olunur. Bələdiyyəmiz seçicilərin yerli vergiləri asan, banka və ya poçta müraciət etmədən, olduqları məkandan asılı olmayaraq ödəmələri üçün MilliÖn ödəmə sisteminə qoşulmuşdur. Artıq seçicilər hətta xarici ölkədən belə öz ödənişlərini edə biləcəklər.

Son illərdə Qax şəhərində gənc ailələrin sayının artması ilə əlavə iş yerlərinin açılmasına da ehtiyac yaranmışdır. Həm bələdiyyə büdcəsinə əlavə gəlir sahələrinin cəlb olunması, həm də seçicilərə iş yerlərinin açılması məqsədilə Qax bələdiyyəsi tikiş sexi üçün subvensiya lahiyəsi hazırlamış Maliyyə Nazirliyinə təqdim edilmişdir. Təəssüf ki, maliyyə çatışmazlığı əsas gətirilərək layihəmizə müsbət cavab verilməmişdir. Qeyd edək ki, həmin tikiş sexinin fəaliyyət göstərməsi üçün bələdiyyəyə məxsus sahəsi 350 m 2 olan sahibkarlıq obyekti vardır. əgər layihəmiz həyata keçərsə, həm bələdiyyə büdcəsinə əlavə gəlir mənbəyi, həm işsiz seçicilərimizə iş yeri yaratmış olarıq, sahibkarlıq obyektindən də səmərəli istifadəni təşkil edərik. Bələdiyyəmizin sahibkarlıq obyektindən özünün təyinatı üzrə istifadə etməyə yerli büdcə gəlirləri çatışmasa da , hal-hazırda həmin obyekti icarəyə veririk. Obyektdə mebellərin yığılması və təmiri, plastik qapı-pəncərə və avtomobil təmiri sexləri fəaliyyət göstərir.

Qax bələdiyyəsi daim seçicilərlə ünsiyyətdə olur seçicilərin rəy və təkliflərini nəzərə alaraq öz fəaliyyətini onların həlli istiqamətində qurmağa çalışır. Fəaliyyət göstərən 4 daimi komissiya müvafiq məsələlərin ümumi yığıncaqda müzakirəyə çıxarılmasını təmin edir. Bələdiyyəmizin məqsədi seçicilərin bu quruma inamını daha da artırmaq, onları özünüidarə fəaliyyətinə cəlb etmək üçün indidən sonra da səylə çalışmaqdır. Növbəti hesabat dövründə buraxılmış nöqsanlar da aradan qaldırmaqla seçicilərin ərizə , şikayət, təkliflərinə daha həssaslıqla yanaşacaq bələdiyyəyə əlavə, dayanaqlı gəlir mənbələri axtaracaq, seçicilərin qüvvəsindən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcək, illik hesabatda seçicilər qarşısında daha uğurlu nəticələrlə çıxmağa çalışacaqdır.

E.X.Orucov

Qax bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR