Qəbələ, 9 yanvar, şahnəzər Bəşirov, AZəRTAC
Qəbələ rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi üçün böyük ərazidə yeni fındıq bağları salınıb.
Rayon icra hakimiyyətindən AZəRTAC-a bildirilib ki, Prezident ilham əliyevin fındıqçılığın inkişaf etdirilməsi və yeni bağların salınması ilə bağlı tapşırığı Qəbələ sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlətimizin başçısının göstərişindən sonra rayonda yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, habelə Qəbələdə bar verən 3480 hektar fındıq bağının nəzarətə götürülərək ağaclara mütəxəssislər tərəfindən aqrotexniki qulluq işlərinin göstərilməsi istiqamətində tədbirlərə başlanılıb və bu məqsədlə xüsusi qərargah yaradılıb.
Ötən 3 ayda bölgənin ən böyük fındıqçılıq rayonu olan Qəbələnin 20-yə yaxın kəndində əhali arasında geniş maarifləndirmə işləri aparılmaqla yanaşı, kütləvi şəkildə fındıq tinglərinin əkilməsi işləri həyata keçirilib. Qısa müddətdə rayonda 700 hektar sahədə yeni fındıq bağı salınıb. Mirzəbəyli, Zərgərli, Tikanlı, Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin sakinləri istifadə etdikləri və bələdiyyə mülkiyyətində olan boş torpaq sahələrini kol-kosdan təmizləyərək əraziyə fındıq tingləri əkiblər. Tinglər kəndlilərin fərdi təsərrüfatlarındakı mövcud fındıq bağlarından çıxarılaraq sakinlərə paylanılır. Bundan əlavə, “Gilan Holdinq” tərəfindən də rayonda böyük fındıq bağlarının salınması üçün tədbirlər görülüb. Bu ilin yaz aylarında rayonda daha 300 hektar sahədə fındıq bağının salınması üçün işlər davam etdirilir. Hər il rayonda 100-120 hektar sahədə yeni fındıq bağı salınırdısa, yeni plana uyğun olaraq, ümumilikdə Qəbələdə, 1000 hektar sahədə yeni bağın salınması qarşıya məqsəd qoyulub.
Qeyd edək ki, 2016-cı ildə Qəbələdə mövcud olan 3480 hektar bar verən fındıq bağından 8 min 200 ton məhsul yığılıb. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 5 manata fındıq qəbulu məntəqələrinə də satıblar. Rayonda fındıq emalı zavodu fəaliyyət göstərir ki, bu da kəndlilərin ildən-ilə fındıq bağlarını daha da genişləndirməyə və məhsuldarlığı artırmağa həvəsləndirir.