“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birlikdə iqtisadiyyat Nazirliyi sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”.
Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz ismayılov deyib.
Qurum rəsmisi bildirib ki, sənəddə qəbiristanlıqların salınması, qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə alınması, sanitar qaydalardan tutmuş dini, şəriət məsələlərinə qədər hamısı öz əksini tapıb.
“Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması, məzar daşlarının ölçüləri kimi məsələlər də öz əksini tapıb”.
G.ismayılov sənəddə qəbiristanlıqların salınması, idarə edilməsi məsələlərinin də qeyd edildiyini diqqətə çatdırıb.
“Ümid edirəm ki, həmin sənəd yaxın vaxtlarda qəbul ediləcək və orada göstərilən bütün qaydalar icra olunacaq”.