"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

QHT Lökbatan bələdiyyəsində tədbir keçirib

--2018-05-14 / 15:44

"Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda" ictimai Birliyi tərəfindən reallaşdırılan “Qadınların Gücləndirilməsində Vətəndaş Təhsilinin Rolu” adlı layihə The Black Sea Trust for Regional Cooperation tərəfindən dəstəklənmişdir və layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli QHT Forumun Bələdiyyə inkişaf Mərkəzi və Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu barədə məlumatı "Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda" ictimai Birliyi  yayıb.

Layihənin əsas məqsədi qadınların vətəndaş təhsilini artırmaqla siyasi biliklərinin və liderlik qabiliyyətlərinin inkişafı, qadınların səlahiyyətləndirilməsi və yerli özünüidarəetmədə iştirakçılığının gücləndirilməsidir. Bu məqsədlə layihə çərçivəsində Bakı şəhər Qaradağ rayonun Lökbatan Bələdiyyəsində 05 may 2018-ci il tarixdə “Qadınların qərarvermə prosesində iştirakçılığının gücləndirilməsi” adlı seminar həyata keçirilmişdir. Lökbatan Bələdiyyəsinin sədri Namizəd ismayılov tədbiri açaraq, layihənin vacibliyi haqqında danışdı və qeyd etdi ki, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik cümhuriyyət yaradıldı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli şurasının müstəqillik haqqında qətnaməsində qeyd edilirdi ki, vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, müstəqil Azərbayacan dövləti dünyəvi, hüquqi, demokratik quruluşa malik olan ölkədir. Qətnamədə deyilirdi: “Azərbaycan Demokratik Respublikası milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları öz hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlarla təmin edir”. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti inkişaf etmiş dövlətlərin belə on illərlə nail olmadıqları bir sıra islahatları keçirdi. şərqdə ilk hüquqi dünyəvi və demokratik dövlət kimi tarixə adını yazdı. Azərbaycan dövlətçiliyinin bərpası, demokratik idarə üsulunun tətbiqi baxımından müstəsna əhəmiyyətə malikdir və Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına böyük töhfə verdi. Bununla  bir daha bütün dünyaya nümayiş olunmuşdu ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdırvə biz bu tariximizlə fəxr edirik.  Tədbiri davam edən Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda i.B-nin sədri və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin ictimai şuranın katibi xanım Lyudmila Xəlilova qadın iştirakçılığını dəstəkləyən dövlət siyasəti, yerli və beynəlxalq qanunvericilik və onun yaratdığı imkanlar haqqında danışdı. Qadın liderliyinin inkişafı və qərarvermə prosesində imkanlarının gücləndirilməsini dəstəkləyən vətəndaş təhsili, qadınların siyasi iştirakçılığını artıran mentorluq və şəbəkələnmə üçün tövsiyələr barəsində layihənin eksperti xanım Günel Səfərova geniş məlumat verdi. Qadınların siyasi iştirakçılığı və yerli səviyyədə qərarvermə prosesində aktiv fəaliyyətinin qarşısını alan maneələr haqqında Lökbatan Bələdiyyəsinin üzvü və Qadın və Uşaqlarla iş üzrə Komissiyanın sədri, Qadınlar Bələdiyyələrin inkişafı Uğrunda ictimai Birliyinin idarə Heyətinin üzvü xanım Xəyalə Qurbanova çıxış etdi. Seminarın sonunda mövzu ətrafında interaktiv müzakirə təşkil olundu.

 Belediyye.info

ŞƏRHLƏR