Xeyli vaxtdır ki, bələdiyyələrə problem yaradan qurumlar sırasında birinci yeri əldən verməyən əmlak məsələləri Dövlət Xidmətinin fəaliyyəti barəsində yazı və təhlilləri hazırlayıb ictimailəşdirilməsinə fasilə vermişdim. Düşünürdüm ki, dövlət xidməti bu müddət ərazində vətəndaş-bələdiyyə-əmlak münasibətlərinin tənzimlənməsi üçün ortaya konkret bir proqram qoyacaq. Və bu proqramda həm vətəndaşı, həm bələdiyyələri, həm də dövləti narahat edən məsələlər öz həllini tapacaq, üstəlik xidmətin strukturundakı “vəzifəsini icra edənlər”də öz vəzifələrinə təsdiq ediləcəklər. Təəssüf ki, bu irəliləyiş vəzifə sahiblərinin yalnız bir qisminin icra etdiklərə vəzifəyə təyinat almaların da olub.
Beləliklə, bu günlərdə Xəzər TV-də efirə verilən genişməzmunlu süjetə baxdıqdan sonra bəzi fikirlərimi oxucularımla bölüşmək məcburiyyətində qaldım. Süjetdən səslənən bəzi fikirləri bir daha xatırladıram.
Demək, efirə verilən süjetdən belə məlum olur ki, “ötən il ərzində Azərbaycan ərazisində 49 min 371 fərdi yaşayış evi, 94 min 510 mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb”
Daha sonra əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin departament rəhbəri Lalə əkbərova qeyd edir ki, “çıxarış əldə etmək üçün vətəndaşların təqdim etdiyi bütün sənədlər qanuni olmalıdır”. L.əkbərova deyib ki, bəzən vətəndaşlar ya qanunda nəzərdə tutulmamış, ya da forma və məzmuna uyğun olmayan sənədlər təqdim edir. Ona görə də belə müraciətlərdən imtina edilir. Qurum rəsmisi onu da deyib ki, bələdiyyələr tərəfindən vətəndaşlara qanunamüvafiq qaydada tərtib edilmiş sənədlər təqdim edildikdə müraciət edən şəxslərin mülkiyyət üzərində hüquqları təmin edilir.”
Bəli, ana xəbər buraxılışında dörd dəqiqədən artıq vaxt sərf edilən süjetin efirə verilməsi əslində müvafiq orqanın həm də ötən ildəki fəaliyyətiylə bağlı hesabatı kimi qiymətləndirmək olar. Olsun. Sözüm ondadır ki, xidmət rəsmisi əslində hər kəsi narahat edən bir məsələ ətrafında elə rahat danışır ki, sadəcə prosesdən az-çox xəbəri olan şəxs kimi təəccüblənmiyə bilmirəm.
Bu gün ölkəmizdə rəsmi mənbələrə əsaslansaq dörd milyondan bir qədər artıq yaşayış evi və mənzil vardır. Və bunların cəmi 35 faizədək hissəsinin hüquqi statusu bəllidlir, yəni çıxarışı vardır. Qalan 65 faizədək hissəsi isə sənədsizdir və onunda 10 faizdən bir qədər artıq hissəsinin sənədləşdirilməsi qeyri-mümkündür. Məhz bu hissənin sənədləşdirilməsi isə yalnız o halda mümkün ola bilər ki, mənzilin və ya yaşayış evinin əhatəsində olan kommunikasıya xəttinin yeri dəyişdirilsin. Bununla yanaşı xeyli bir hissənin sənədləşdirilməsi isə mənzilin inşa edildiyi torpağın təyinatının dəyişdirilməsindən asılıdır. Düşünürəm ki, müvafiq orqanda bu məlumatlar daha dəqiqliklə vardır.
Hər halda Dövlət Kadastrı və Reyestri PHş-in açıqladığı rəqəmlərə bir qədər aydınlıq gətirilsəydi daha yaxşı olardı. Yəni 94.510 mənzilə verilən çıxarışın neçəsi təkrar mənzil bazarına, üstəlik neçəsi yeni tikililərdə aid olan mənzillərdir. Və ən əsası çıxarış verilən əmlakın neçəsinin ümumiyyətlə sənədsiz mənzil kateqoriyasına aidiyyəti var. 49.371 yaşayış evinin də həmçinin neçəsinin sənədsiz mənzil kateqoriyasına aid olduğu deyilsəydi şəxsən mənim üçün maraqlı məlumat olardı. Yəni efirə bəh-bəhlə ümumiləşdirilmiş rəqəmləri səsləndirmək hər halda məntiqli görünmür və konkret olaraq məqbul sayılmır.
Sual olunur ki, süjetdə də deyildiyi kimi, bu gün tək paytaxtda 450-600 minə yaxın hesab edilən sənədsiz mənzil və yaşayış evinin sənədləşdirilməsi bu minvalla nə qədər vaxt tələb edir? Xidmətin xanım əməkdaşının səsləndirdiyi “çıxarış əldə etmək üçün vətəndaşların təqdim etdiyi bütün sənədlər qanuni olmalıdır” fikrinə məntiqlə yanaşsaq, belə başa düşülür ki, həmin 600 minə yaxın mənzil və yaşayış evi sənədləşdirilməyəcək. Çünki bu mənzillər böyük əksəriyyətinin ümumiyyətlə heç bir hüquqi sənədi yoxdur. Onlar Bakıətrafı rayonlarda, bu gündə az da olsa davam etdirilən, “göz yummaq” prinsipylə inşa edilən mənzil və yaşayış eviləridir. Bunu qurumdakı bütün rəsmilər də bilməmiş deyillər.
Belə çıxır ki, dövlət xidmətinin rəsmiləri hüquqi statusu bəlli olmayan evlərlə bağlı ölkə başçısının dəfələrlə etdiyi çıxışlardan və imzaladığı sənədlərdən, bununla bağlı yaradılan komissiyalardan xəbərsizdirlər. Nə isə....
Hər halda yuxarıda deyidlyi kimi, dövlət xidməti vətəndaş-bələdiyyə-əmlak məsələlərini özündə ehtiva edən konkert proqram üzərində işlərini yekunlaşdırmalı və “sənədsiz evlər”i bir problem olaraq həllinə nail olmalıdır. Bu həmdə qurumun üzərinə düşən əsas vəzifədir.
inanmaq istərdim ki, əmlak məsələləri Dövlət Xidməti tezliklə ortaya hansısa dolaşıq istiqamətlər üzrə hazırlanmış proqramı deyil, məhz cənab Prezidentin də daim səsləndirdiyi şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsinə söykənən proqramı hazırlayıb ortaya qoyacaq.
Bununla da uzun illərdən bəri həm vətəndaşlara, həmdə bələdiyyələrə yaratdıqları problemləri aradan qaldıracaqlar. Açıq etriaf edim ki, dövlət xidmətinin bundan başqa yolu da yoxdur.
Hər halda gözləyək...
P.S. Adıgedən videoya bu linkdə baxa bilərsiniz.
https://www.youtube.com/watch?v=_Rx4GolEVUQ
Vüqar Tofiqli