"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

S.Xasayeva: "iran səfirliyə hücuma görə məsuliyyət daşıyır və cavab verməlidir"

--2023-01-29 / 16:14

Vyana Konvensiyasının tələblərinə uyğun olaraq, hər bir dövlət öz ərazisində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyini qorumağa borcludur. Beynəlxalq hüquq çərçivəsində iran Azərbaycan səfirliyinə hücuma görə məsuliyyət daşıyır və bu terror aktına görə cavab verməlidir.

Bu sözləri AZəRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, molla rejiminin hökm sürdüyü iranda dövlətdən iznsiz heç nə baş verə bilməz. Terrorun məkanı olan iranda səfirliyimizin bir əməkdaşının ölümü və digər iki əməkdaşın yaralanması ilə nəticələnən bu hadisə nəinki Azərbaycanda, dünyada böyük hiddət doğurur. Bunu müxtəlif ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin bəyanatları da təsdiq edir.

“Səfirliyimizə qarşı törədilən terror aktı Azərbaycan dövləti əleyhinə uzun illər aparılan düşmənçilik təbliğatının nəticəsi kimi qiymətləndirilməlidir. iran dövləti qonşuluq münasibətlərinə uyğun olmayan belə çirkin əməllərindən əl çəkməli, Azərbaycana qarşı təhdidlərə son qoymalıdır. Hadisənin təfərrüatları müəyyən edilməli, təşkilatçılar və iştirakçılar qanun qarşısında cavab verməlidirlər.

Tarixi Qələbəmizi və artan gücümüzü, nüfuzumuzu həzm edə bilməyənlər anlamalıdırlar ki, heç bir qüvvə Azərbaycan dövlətinin haqq işinə mane ola və onu yolundan döndərə bilməz”, - deyə Səbinə Xasayeva vurğulayıb.

https://azertag.az/xeber/Iran_sefirliye_hucuma_gore_mesuliyyet_dasiyir_ve_cavab_vermelidir-2465279

ŞƏRHLƏR