Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş azad sahibkarlıq hüququ hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə sahibkarlıq və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilməsini ehtiva edir. Konstitusiyaya görə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə isə inhisarçılığa və haqsız rəqabətə yol verilmir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti dedikdə, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət nəzərdə tutulur.
Dünya təcrübəsi göstərir ki, azad sahibkarlığın inkişafı dövlətin və cəmiyyətin gələcək inkişafında mühüm rol oynayır. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daim qayğı göstərilir. Bu məqsədlə sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyalarının cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli məhsulların istehsalı ölkə prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir.
Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ hüquqi aktlar sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir. Mütərəqqi islahatların həyata keçirildiyi şəraitdə sahibkarlığın dəstəklənməsi sahəsində bələdiyyələrin iştirakının aktivləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübədə bələdiyyələrin fəaliyyətinin mühüm istiqamətlərindən biri bələdiyyə sahibkarlığının inkişaf etdirilməsidir. Qərbi Avropa ölkələrində (Böyük Britaniya, Fransa, Almaniya, Norveç, isveç və s.) bələdiyyə sahibkarlığının inkişafı məhz kiçik sahibkarlığın hesabına təmin olunur. Kiçik iqtisadiyyatda kapital daha sürətlə dövr edir. Kiçik bələdiyyə müəssisələrində kapitalın passiv hissəsinin xüsusi çəkisi aşağı olur. işçi qüvvəsi daha çox yüklənir və əmək məhsuldarlığı yüksək olur.
Həmçinin beynəlxalq təcrübədə bələdiyyə müəssisələrinin üstünlüklərindən biri də sosial sahədə gərginliyin azaldılmasında böyük rol oynamalarının nəzərə alınmasıdır. Belə ki, müəyyən səbəblərdən və ixtisar olunmaqla işsiz qalan mütəxəssislər kiçik müəssisələrdə işə cəlb olunurlar. Həmçinin yerli şəraitə uyğun kiçik müəssisələrin təşkili həm yerli xammaldan, həm də əmək ehtiyatlarından səmərəli istifadəyə münbit şərait yaradır.
Yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyəti sahəsində səlahiyyətləri bələdiyyə mülkiyyətinin yaradılması və inkişaf etdirilməsi məqsədinə xidmət edir. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun inkişafına imkan yaradır. Bütün bunlar imkan verir ki, bələdiyyə təsərrüfatı səmərəli şəkildə idarə olunsun, bələdiyyə qurumlarına əhalinin gündəlik həyat tələbatını təmin etməsi üçün zəruri şərait yaradılsın.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda da bələdiyyələrin təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada bilmə imkanı əks olunmuşdur. Bundan başqa, bələdiyyələr təsis etdiyi hüquqi şəxslə qarşılıqlı müqavilə və ya təsis şərtlərinə uyğun müqavilə əsasında divident ala bilərlər. Bu sahənin inkişaf etdirilməsi nəticəsində bələdiyyələr yerli büdcəyə dayanıqlı gəlir mənbələri formalaşdırmış olurlar.
Bazar iqtisadiyyatının formalaşması şəraitində regionların sosial-iqtisadi inkişaf problemlərinin həlli dövlət, yerli özünüidarəetmə orqanları və özəl sektorun səylərinin əlaqələndirilməsinin nəticəsindən, habelə bələdiyyə qurumlarının dayanıqlı sosial-iqtisadi vəziyyətindən asılıdır.
Bələdiyyələr regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafını və əhalinin rifahını yüksəltmə imkanlarına malikdirlər. Bu baxımdan bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yaratmaqla öz təsərrüfat subyektlərini təşkil edərək region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.
Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini və insan kapitalından istifadənin səmərəlliliyini artırmaq, idxaldan asılılığı azaltmaq, gələcək iqtisadi inkişafı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə 12 istiqamət üzrə Yol Xəritəsi təsdiq olunmuş, cari, orta və uzunmüddətli dövr üçün milli iqtisadiyyatın inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmişdir.
Bu Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yerli özünüidarəetmə orqanlarının kəndlərin inkişafı, orada əhalinin məşğulluğunun təmin edilməsi, mədəni irsin ötürülməsi, kənd həyatı ənənələrinin saxlanılması və ənənəvi həyat tərzinin qorunması sahəsində təşəbbüslərinin dəstəklənməsi, kəndin sosial-iqtisadi inkişafı ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması məqsədi ilə tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Bu tədbirlər nəticəsində kənddə bələdiyyələrin açdığı iş yerlərinin sayının 30 faiz, qadınların və gənclərin inkişafına yönəldilmiş proqramların sayının 3 dəfə artırılması və kəndin sosial-ictimai həyatında onların fəal iştirakı hədəflənmişdir.
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən yerli özünüidarə orqanlarının dayanıqlı gəlir mənbələrinin əldə edilməsi məqsədi ilə bələdiyyələr tərəfindən sahibkarlıq qurumlarının yaradılması vəziyyətinin, həmçinin yaradılmış müəssisələr barədə zəruri məlumatların öyrənilərək təhlil edilməsi və nəticəsinə uyğun əməli və metodik kömək göstərilməsi barədə bir sıra tədbirlər həyata keçirilir.
Hazırda bələdiyyələrin sahibkarlığın inkişafında iştirakının genişləndirilməsi məqsədi ilə maarifçilik işləri aparılır. Bu istiqamətdə zəruri köməkliyin göstərilməsi üçün bələdiyyələr üçün tövsiyələr hazırlanmış, “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər Toplusu” nəşr edilmiş və bütün bələdiyyələrə çatdırılmışdır.
Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları da bu işə cəlb olunmuşlar. Bələdiyyələr öz səlahiyyətlərini daha keyfiyyətli və vaxtında həyata keçirmək üçün maliyyə resurslarını inkişaf etdirməli və dayanıqlı gəlir mənbələri yaratmalıdırlar. Bələdiyyələrin Milli Assosiasiyaları bu istiqamətdə görüləcək bütün işləri yaxından monitorinq edərək müvafiq yenilikçi təşəbbüsləri və təklifləri dəstəkləmək, təbliğ və təşviq etməklə, müsbət iş təcrübələrini yaymaq və s. formalarda prosesdə fəal iştirak edə bilərlər.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 20 iyun 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə yerli sosial müdafiə, ekoloji, həmçinin iqtisadi və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, həmçinin qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə həvalə edilən əlavə səlahiyyətlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması qaydaları dəqiqləşdirilmiş, dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılmasının ayrıca sətirlə göstərilməsi müəyyən edilmişdir. Yerli sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin iştirakının təmin edilməsi və məqsədli layihələrin icrası üçün Azərbaycan Respublikasının “2019-cu ilin dövlət büdcəsi haqqında” Qanununda ilk dəfə olaraq bələdiyyələrə subvensiya ayrılması nəzərdə tutulmuşdur. Bir sıra bələdiyyələr tərəfindən layihələr hazırlanaraq Maliyyə Nazirliyinə təqdim edilmiş və cari il üçün 4 bələdiyyəyə (Bakıxanov, Salyan, Mingəçevir, Göygöl) subvensiya ayrılmışdır. Hazırda qeyd olunan bələdiyyələr tərəfindən məhz dövlət büdcəsindən ayrılmış vəsait hesabına nəzərdə tutulmuş layihələrin reallaşdırılması həyata keçirilir.
Bələdiyyələrlə aparılan maarifçilik, təbliğat və təşviqat işinin nəticələri özünü göstərməkdədir. Artıq bələdiyyə müəssisələrinin yaradılması, sahibkarlığın dəstəklənməsi sahəsində bələdiyyələrin fəallığı hiss olunmaqdadır.
Hesab edirik ki, bu tədbirlər nəticəsində bələdiyyələrin sahibkarlığın inkişafında iştirakı ölkədə baş verən urbanizasiya proseslərinə də öz təsirini göstərə bilər. Belə ki, səmərəli fəaliyyət göstərən kənd və qəsəbə bələdiyyələri nəinki öz ərazilərində yaşayan əhali üçün məşğulluq sahələri, iş imkanlarını daha da genişləndirməklə insanların şəhərlərə axınının qarşısını ala bilər, hətta şəhərdən kəndə axının güclənməsinə səbəb olar.
Ləzifə Məmmədova,
ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin
inzibati nəzarət idarəsinin məsləhətçisi
III dərəcəli ədliyyə qulluqçusu