Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
““Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının Qanununun 8 və 9-cu maddələri ilə bələdiyyələrə ödənilməli olan vergi və ödənişlərin tərkibi müəyyənləşdirilmişdir. O cümlədən Qanunun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər xidmət göstərdikləri hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla bələdiyyənin hesabına ödəniş aparmalıdırlar. Həmçinin Qanununun 9.1.5-ci maddəsinə əsasən bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla bələdiyyənin hesabına ödəniş aparmalıdırlar.
Ancaq Səbail Bələdiyyəsinin ərazisində fəaliyyət göstərən bir sıra fiziki və hüquqi şəxslər qanunla üzərlərinə qoyulmuş vergi və ödənişləri ödəməkdən imtina edir ki, bu da son nəticədə bələdiyyə ilə həmin şəxslər arasında məhkəmə çəkişmələrinə səbəb olub.
Bu qəbildən olan işlərə baxılarkən mübahisələndirilən ünvanın və ya obyektin Səbail Bələdiyyəsinin ərazisində yerləşməsi ilə bağlı məhkəmələr bələdiyyədən inzibati ərazisini təsdiq edən müvafiq sənəd (xəritə) tələb edirlər. Lakin Səbail Bələdiyyəsində inzibati ərazisini müəyyən edən təsdiq olunmuş xəritə olmadığından məhkəmələrə müvafiq sənəd təqdim oluna bilmir ki, nəticədə bələdiyyə tərəfindən qaldırılmış iddialar təmin edilmir. Məhz bu səbəbdən də Səbail Bələdiyyəsinin Bakı şəhər icra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsinə qarşı ödəniş aparılmasına dair iddiası 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmamışdır.
Bundan başqa əvvəlki illərdə Səbail Bələdiyyəsi tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış torpaq sahələrinin başqa təşkilatların mülkiyyətində olması ilə bağlı çoxsaylı müraciətlərə bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahələrinin xəritələri olmadığından obyektiv cavab verilə bilmir. Eyni zamanda bu xarakterli mübahisələrə məhkəmələrdə baxılarkən da müəyyən çətinliklər yaranır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsib haqqında əsasnamənin 3.0.4-cü maddəsinə əsasən strukturuna daxil olan qurum vasitəsilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sisteminin və məlumat bankının yaradılması, əsasnamənin 3.0.101-ci maddəsi ilə isə strukturuna daxil olan qurum vasitəsilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərinin naturada müəyyən edilməsi, elektron daşıyıcıda və kağız üzərində xəritələşdirilməsinin həyata keçirilməsi Komitənin vəzifələrinə aid edilmişdir.”
Sonda bələdiyyə sədri yaranmış maliyyə çətinliklərini nəzərə alaraq bələdiyyə mülkiyyətinə əvvələr verilmiş torpaqların, habelə Səbail bələdiyyəsinin xəritəsinin komitə tərəfindən təsdiq olunmuş surətlərinin göndərilməsini xahiş edir.
Bələdiyyə inanır ki, təsdiq edilmiş xəritələrin tezliklər bələdiyyəyə verilməsi yerli orqana qarşı məhkəmə tərəfindən irəli sürülən əsassız iddialara son qoyulacaqdır.
Xatırladaq ki, bələdiyyə təxminən eyniməzmunlu məktubla Milli Məclis sədri Oktay əsədova, Milli Məclisin Komitə sədri Arif Rəhmzadəyə müraciət edərək bələdiyyənin qarşılaşıdğı bu problemin tezliklə həllinə yardımçı olmalarını xahiş edib.
Belediyye.info