Saysız-hesabsız problemlər burulğanında az qala çabalayan bələdiyyələrimizin düşdüyü vəziyyətdən çıxarmaqla bağlı əsas məsuliyyət elə bələdiyyələrin üzərinə düşür, desəm yəqin ki yanılmaram. Düşdükləri vəziyyət bələdiyyə sədrlərinin, üzvlərinin və qulluqçularının hər birini narahat etməlidir. ilk olaraq bələdiyyə sədrləri fəaliyyətlərini necə və hansı yollarla təbliğ etməyi və yerli vergiləri yığmaqla sakinlərin problemlərinin həlli yolları barədə hər gün ciddi şəkildə düşünməlidirlər.
***
Koronavirus pandomiyasının ilk günlərindən etibarən bu günədək əhali arasında olan və konkret layihələrin icrasını həyata keçirən bələdiyyələrin bu fəaliyyətiylə bağlı ictimaiyyətin məlumatı varmı? Halbuki o günlərdə Fonda ianələrin köçürülməsində, həm aztəminatlı ailələrə maddi və mənəvi dəstəyin göstərilməsində çoxsaylı bələdiyyə sədrləri və üzvləri kifayət qədər işlər görüblər.
Bu gün 44 günlük müharibə dövründə Gəncə, Tərtər və Bərdə bələdiyyələrinin, o cümlədən digər bələdiyyələrin məsuliyyət hissiylə gördükləri işlər barəsində cəmiyyət həqiqətən məlumatsızdır. Baxmayaraq ki, adıgedən bələdiyyələr tərəfindən bir sıra addımlar atılıb. Lakin bu addımlar bütün bələdiyyələr tərəfindən atılmalıdır. Bu gün bələdiyyə sədrlərinin bir çoxuna Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tərəfindən “Fəxri fərman”la təltif edilməsi məhz bu insanların fədakar fəaliyyətinə verilən dəyər kimi qiymətləndirilməlidir.
***
Bəs cəmiyyət bələdiyyələrin gördüyü bu işlərdən niyə xəbərsizdir, məlumatsızdır?
Ona görə ki, bir tərəfdən sədrlərin müəyyən hissəsi özləri gördükləri işlərin təbliğinə maraqlı deyillər, digər tərəfdən bir qisim sədrlər isə heç nədən rayonun siyasi rəhbərlərinin qəzəbinə tuş gəlmək istəmirlər. əslində, bir çoxları etiraf etməsələrdə, fakt budur. Bəs qanun nə deyir. Bələdiyyələrin statusu haqqında qanunun 52-2 maddəsində qeyd edilir:
“Maddə 52-2. Bələdiyyələrin hesabatı[
2. Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.
3. bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.
Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir.“
Qanunun bu maddəsində açıq-aydın qeyd edilir ki, hesabat necə yazılmalı və necə təqdim edilməlidir. Təəsüff edirəm ki, bir çoxları bundan ya xəbərsizdir, ya da bilərəkdən qanunun bu tələbinin yerinə yetirmək istəmir. Təəsüff...
Ancaq hər kəs bilməlidir ki, fəaliyyətimizi bütün hallarda təqdim etməliyik, təbliğ etməliyik. Təbliğ etməklə, həm də seçicilər qarşısında götürdüyümüz öhdəliyi yerinə yetirmiş oluruq, bununla həm də seçicilərə özümüzü tanıdırıq. Nəticədə isə seçici həm də vergilərini rahatlıqla vermiş olur.
Gəlin fəaliyyətimizi təbliğ edək, hətta qarşılaşdığımız problemləri də ictimailəşdirməkdən çəkinməyək. Yalnız bu halda seçici də, siyasi rəhbərlər də SiZiNLə HESABLAşACAQDIR.
P.S. Çox qısa şəkildə bələdiyyələrin qarşılaşdığı daha bir problemin həlliylə bağlı təklifə fikirlərinizi bildirməyi arzu edirik.
Vüqar Tofiqli