Möhtərəm Prezidentimiz cənab ilham əliyevin apardığı uğurlu islahatlar və tədbirlər nəticəsində ölkəmiz bütün sahələrdə hərtərəfli inkişaf etməkdədir. Hərtərəfli inkişafın bir istiqaməti də dünyaya inteqrasiya və yerli özünüidarəetmə orqanlarının fəaliyyət dairəsinin genişləndirilməsidir. Bu baxımdan bələdiyyələr respublikamızda gedən demokratik proseslərdə, quruculuq-abadlıq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməklə cəmiyyətimizin sosial-iqtisadi həyatındakı rolunu əhəmiyyətli dərəcədə artırmaqdadırlar.
Respublikamızda baş verən bu tərəqqidə Zaqatala rayonu da tamamilə yeniləşmiş, Azərbaycanın ən qədim və böyük qəsəbələrindən biri olan əliabad qəsəbəsi də abadlıq-quruculuq proseslərindən kənarda qalmamışdır. Müxtəlif etnik qrupların mehriban şəraitdə yaşadığı qəsəbəmizin 11000-ə yaxın əhalisi, 4 orta məktəbi, 3 uşaq baxçası, 4 kitabxanası, 3 klibu, xəstəxanası, elektron tipli telefon qovşağı, tarixi abidələri olmaqla tarixi ənənələri və müasirliyi özündə birləşdirir. Sahəsi 6089 ha olan qəsəbəmizin yerli sosial, iqtisadi və digər problemlərinin vaxtında həlli, şübhəsiz ki, yerli sakinlərlə birgə əməkdaşlıq etmədən, bələdiyyənin maliyyə imkanlarını artırmadan mümkün deyildir. Ona görə də hesabat ilində işimizi qəsəbə sakinləri ilə sıx təmasda qurmuş, vergi ödəyicilərinin uçota alınmasına, yerli vergi və ödənişlərin yığılması işinə xüsusi diqqət yetirmişik. Apardığımız məqsədyönlü tədbirlərin və eyni zamanda Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi proqramının imkanlarından düzgün istifadəsinin nəticəsi olaraq gəlirlərimizin müəyyən qədər artırılmasına nail olmuşuq. 2017-ci ildə illik büdcə gəlirlərimiz 2016-cı illə müqayisədə 13,6 faiz artaraq 70801 manat təşkil etmişdir.
Ona görə də hesabat ilində bələdiyyəmiz daha çox layihələr həyata keçirmişdir. Belə ki, qəsəbədə abadlıq - quruculuq , yaşıllaşdırma işləri aparılmış, yaşayış binalarının saxlanılması, məişət tullantılarının yığılması və daşınması, yerli əhəmiyyətli yolların saxlanılması, ərazidə olan tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılması üzrə digər layihələr həyata keçirilmişdir.
Qəsəbə sakinləri ilə birgə həyata keçirtdiyimiz ən mühüm layihələrdən biri yerli fermerlərin kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinə gediş-gəlişini təmin etmək məqsədilə Qara çayı üzərində körpünün tikintisi olmuşdur. Sərf olunan 3000 manat maliyyə vəsaitinin yarısı bələdiyyə büdcəsi hesabına, yarısı isə yerli sakinlərin maliyyə dəstəyi hesabına ödənilmişdir.
Digər bir layihə isə bələdiyyəmizin təşkilatçılığı ilə Cümə məscidinin ətrafının abadlaşdırılması və hasara alınması olmuşdur. Qəsəbə sakinlərinin və respublikadan kənarda yaşayan həmyerlilərimizin maliyyə dəstəyi hesabına məsçidin ətrafı tam abadlaşdırılmış və ərazi xüsusi zövqlə tikilmiş hasara alınmışdır. Məsçidin həyətində milli və dini mərasimlərin keçirilməsi üçün lazımi tikililər inşa edilmişdir. Abadlıq- tikinti işlərinə 20000 manat vəsait sərf olunmuşdur ki, onun da cəmi 900 manatı bələdiyyənin hesabına ödənilmişdir.
Gördüyümüz işlərlə yanaşı fəaliyyətimizdə müəyyən nöqsanların və çatışmazlıqların olmasını da Sizin diqqətinizə çatdırmaq istəyirəm. Baxmayaraq ki, bələdiyyənin nəzdində bir müəssisə yaratmışıq və artıq 2 ildir fəaliyyət göstərərək büdcəmizə müəyyən qədər gəlir də daxil olur, amma hesab edirəm ki, xidmət, istehsal və emal sahələri üzrə daha çox müəssisələr yaratmalıyıq. Qeyd etməliyəm ki, qəsəbəmizdə mövcud olan iqtisadi resurslar, nisbətən ucuz işçi qüvvəsinin olması, əhalinin əsas məşğuliyyətinin tərəvəzçilik, tütünçülük, fındıqçılıq, balıqçılıq və heyvandarlıq olması qəsəbəmizdə müxtəlif istehsal və emal müəssisələrinin yaradılması üçün münbit şərait yaradır. Kənd təsərrüfatı məhsullarının tədarükü və emalı üzrə bələdiyyə müəssisəsinin yaradılması üçün biznes-planın hazırlanması, bu məqsədlə subvensiya və ya güzəştli faizlərlə kreditlərin alınması üçün dövlətin müvafiq qurumlarına və kredit təşkilatlarına müraciət etmək məqsədə uyğun olardı.
Son illərdə ölkəmizdə turizm sektorunun inkişafı və qəsəbəmizin paytaxtın qərb regionu ilə birləşdirən magistral avtomobil yolunun kənarında yerləşməsi bizimçün turizm xidmətlərinin göstərilməsində kifayət qədər imkanlar vardır. Mövcud imkanlardan yararlanaraq hüquqi şəxs qismində bələdiyyənin turizm şirkətini yaratmağı planlaşdırırıq. Qəsəbənin təmiz havası, turistləri qəbul etmək üçün müvafiq şəraitə malik fərdi yaşayış evlərinin olması qeyd olunan sahənin inkişafı üçün əlverişli şərait yaradır.
Hesab edirəm ki, verdiyim təkliflərin – turizm xidməti üzrə şirkətin və kənd təsərrüfatı məhsulların tədarükü və emalı üzrə bələdiyyə müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili nəticəsində bələdiyyəmizin yeni gəlir məmbələri yaranacaq və son nəticədə maliyyə və iqtisadi vəziyyətin kifayət qədər gücləndirilməsinə gətirib cıxaracaqdır.
Qeyd etdiyim təkliflər üzrə fəaliyyətimizi gücləndirmək istiqamətində əməli işə başlamaq niyyətindəyik. Heç şübhəsiz ki, bu sahədə milli assosasiyaların və əlaqədar dövlət orqanlarının dəstəyinə böyük ehtiyacımız vardır.
Hamımızın əsas məqsədi sakinlərimizin etimadını doğrultmaqdır. Bu isə məsuliyyətimizi dərk edərək seçicilərimizin rifahı naminə yorulmadan çalışmaqla mümkündür. Bu yolda bütün həmkarlarıma uğurlar arzulayıram!
Cəfər əliyev
Zaqatala rayonunun əliabad bələdiyyəsinin sədri