Müşahidələr göstərir ki, Azərbaycan bələdiyyələri son illərdə müəyyən irəliləyişə nail olsalar da, qaşılaşdıqları problemlərin həcmi azalmaq bilmir. Bir sıra mərkəzi icra orqanlarının, xüsusəndə əmlak məsələləri Dövlət Xidmətinin yerli orqanların fəaliyyətinə müəyyən mənada problem yaratmaları, qəbul edilmiş qərar və sərəncamların icrasındakı ləngimələr bələdiyyələrin səmərəli fəaliyyətinə mənfi təsir etməklə yanaşı, son nətciədə sakinlərin problemlərinin sürətli həllinə də maneələr yaradır. Ancaq bələdiyyələri narahat edən digər diqqətiçəkən məsələ vergi ödəyicilərinin yerli vergi və ödənişlərinin vaxtında ödəməməsidir. Amma ən təəccüblü məqam isə vergi ödəyicisinin vergi borcunu ödəmək əvəzinə məhkəməyə müraciət edərək “bələdiyyə tərəfindən hər hansı vergi tələbi edilməsinin həmin quruma qadağan edilməsi barəsində” qərar qəbul edilməsini xahiş etməsidir. Bu barədə bir qədər sonra.
***
Qeyd edək ki, mehmanxana, kurort-sanatoriya və turizm xidmətlərindən daxil olan ödənişlər Azərbaycan bələdiyyələrinin əsas maliyyə istiqamətlərindən biridir. 2019-cu ildə ölkə bələdiyyələrinin əldə etdikləri vəsaitin 5.4 faizi, yəni 1.957.200 manatı məhz bu istiqamətdən daxil olub. 2020-ci ildə pandomiyanın ağır ilində bu rəqəm 633 min manata düşsə də ötən il 855 min manata yüksəlib. Bu gün artıq bir çox bələdiyyələrin əsas maliyyə istiqaməti məhz bu ödənişlər təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər yetirmiş olsaq görərik ki, 2019-cu ildə ölkəmizə 3.2 milyon nəfər turist gəlmiş osla da, bu rəqəm 2020-ci ildə 800 minə nəfərə çatmayıb. Demək bu istiqamətdən bələdiyyələrin büdcə gəlirlərinin azalması da səbəbsiz deyil. Lakin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bələdiyyələrə yuxarıda adıgedən istiqamətdən maliyyə vəsaitinin daxil olması üçün ciddi addımlar atılır, metodik tövsiyələr hazırlanaraq yerli özünidarə orqanlarına göndərilir. Bir çox bələdiyyələrdə bu istiqamətdə məhz mərkəzin tövsiyələrinə əsaslanaraq maliyyə gəlirlərinin artırılmasına çalışır və bunun üçün bələdiyyə iclaslarında xüsusi proqramda təsdiq edirlər.
Sözsüz ki, bələdiyyələrin bu sahədə səlahiyyətləri müvafiq qanunvericlik aktlarıyla müəyyən edilib. Belə ki, “Yerli vergilər (bələdiyyələr) və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Bu Qanunun 9.1.4 maddəsində bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödəniş kimi qeyd olunmaqla bu ödənişin hər bir şəxs üçün sutkaya 1.1 manatdan çox olmamaq şərtiylə məbləği müəyyən edilmişdir. Həmçinin mehmanxana, kurort-sanatoriya və turizm xidmətləri göstərən şəxslərdən ödənişlərin qeydiyyata düşmüş şəxslərdən tutularaq növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilməsi bu qanunun 11.2-ci maddəsinə əsasən həmin şəxslərin üzərinə vəzifə kimi qoyulmuşdur.
Bələdiyyələrlə iş Mərkəzinin tövsiyəsində qeyd edilir ki, qanunvercilik yerli ödənişin hesablanması, ödənilməsi, habelə dərəcələrin yuxarı həddini müəyyən etsə də tətbiqinin zəruriəti və konkret dərəcələri isə bələdiyyələrin qərarıyla ilə müyyənləşir. Bununla yanaşı bələdiyyələr Azərbaycan Respublikası “inzibati icraat haqqında“ Qanunun 82 və 87 maddələrinə və “icra haqqında ” Qanunun 6.1.8-ci maddəsinə uyğun olaraq, bələdiyyələr sahibkarlıq subyektlərinə ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövrdə yaranmı borcu) dəqiq göstərən inzibati aktı qəbul edərkən onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə bələdiyyələr həmin aktı məcburi qaydada icra edilməsi üçün aidiyyəti icra qurumuna, yəni ədliyyə nazirliyinin icra şöbələrinə göndərirlər.
Bələdiyyələr məhz mərkəzin bu tövsiyəsinə uyğun olaraq iri vergi borcu olan şəxslərlərlə, habelə subyektlərlə bağlı qəbul etdikləri aktları həm borclulara, həm də icra orqanına təqdim edirlər. Və bu gün bir çox bələdiyyələr, xüsusəndə Binədəqi rayon bələdiyyəsi əldə etdikləri maliyyə vəsaitinin müəyyən bir hissəsini məhz icra şöbələrinin dəstəyi ilə əldə etməkdədirlər.
indi isə bu mövzu ilə əlaqəli əldə etdiymiz bir məlumata toxunaq.
***
Demək, vergi borcunu ödəmək əvəzinə “Gəncəli” Kommersiya istehsalat şirkəti Bakı inzibati Məhkəməsinə iddia ərizəsi ilə müracət edərək, “Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2021-ci il tarixli 20 saylı qərarının ləğv edilməsi və gələcəkdə Bakı şəhər Səbail bələdiyyəsi tərəfindən hər hansı vergi tələb edilməsinin həmin quruma qadağan edilməsi barəsində” qərar qəbul edilməsini xahiş etmişdir. Səbəb isə Gəncəli” Kommersiya istehsalat şirkətinə məxsus “Gəncəli Plaza Otelinin” mehmanxana rüsumunun ödənilməsiylə bağlı bələdiyyə tərəfindən göndərilən bildiriş olduğu deyilir.
Bələdiyyədən daxil olan məlumata görə, bələdiyyə vergi borclarının yığılması və əhalinin müraciətlərinin vaxtında və operativ həll edilməsi ücün hazırladığı proqrama əsasən dəfələrlə müraciət olunan, lakin vergi borcunu ödəməyən şəxslər və subyektlərlə bağlı müraciətləri icra şöbəsinə verməyi qərara almışdır. Bələdiyyə iclasına müzakirəyə çıxarılan siyahıda adıgedən şirikət 9784 manat vergi borcu ilə ilk sıralarda yer almışdı. Bəs bu rəqəm necə müyəyyən edilib?
Bununla bağlı bələdiyyənin əldə etdiyi maraqlı faktlardan biri “Gəncəli” Kommersiya istehsalat şirkətinin Dövlət Statistika Komitəsinə təqdim etdiyi illik hesabatda məhz bələdiyyə büdcəsinə bu rəqəmin ödənildiyi göstərilir. Maraqlıdır, “Gəncəli” Kommersiya istehsalat şirkəti öz hesabatlarında bu rəqəmi göstərirsə, onda niyə bu gün onu ödəməkdən boyun qaçırır. Səbəb nədir ki, üstəlik məhkəmə qarışısında iddia ilə çıxış edərək ümumiyyətlə bu verigi alınmasının ləğv etməyi tələb edir. Açıq etiraf edim ki, absurd bir iddia ilə çıxış edilməsini nə şirkətə, nə də onun təsisçisi, Respublika Ağsaqqallar şurasının sədr müavini hörmətli Bayram Yusifova yaraşdırmadım.
Azərbaycan Prezidenti ilham əliyevin daim ölkəmizdə sahibkarlığın inkişafına dəstək olduğu bir vaxtda, biznes mühitinin beynəxalq standartlara çatdırıldığı bir vaxtda, hər kəsin qəbul edilən qanunlara hörmətlə yanaşdığı bir vaxtda “Gəncəli” Kommersiya istehsalat şirkətinin bu addımı başa düşülən deyil.
Artıq məhkəmə prosesi bir neçə dəfə müxtəlif səbəblərdən təxirə salınıb. Düşünmək olar ki, qanunların müdafiəsində dayanan hörmətli hakim qanunun aliliyini qorumaqla bələdiyyəyə borcun qaytarılmasına dəstək verəcəkdir.
Onu da əlavə edək ki, Səbail bələdiyyəsinin inzibati ərazisində hazırda 100 yaxın mehmanxana və mehmanxana tipli müəssisə qeydiyyatdadır. Bu gün onların 60 yaxın bir hissəsi fəaliyyətini bərpa edib və əksəriyyəti xüsusəndə ən tanınmış mehmanxanalar vaxtlı vaxtında vergi borclarını ödəyirlər.
Düşünürəm ki, “Gəncəli” Kommersiya istehsalat şirkəti bu iddiadan əl çəkib qanunun aliliyini qorumaqla və ən əsası bələdiyyəyə olan borcunu ödəməklə rayon sakinlərinin problemlərinin həllinə öz dəstəyini göstərəcəkdir.
P.S. “Gəncəli” Kommersiya istehsalat şirkətin təsisçisi Bayram Yusifovla dəfələrlə telefonla əlaqə saxlamaq cəhdimiz alınmadı. Onun da fikirlərini və məsələyə münasibətini saytda yerləşdirmyə hazırıq.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri