"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan regional ədliyyə idarəsi bələdiyyələrə tövsiyə məktubu göndərib

--2017-06-23 / 14:09

şirvan regional ədliyyə idarəsinin rəisi, ədliyyə müşaviri  Nizami Hüseynovun imzaslyla ərazi  yusdiksiyasına aid inzibati-ərazi vahidlərində   fəaliyyət göstərən bələdiyyələrə “yerli vergi və ödənişlərin hesablanması, güzəştlərin verilməsi, ödənilməsi və məcburi icrası məsələləri üzrə” tövsiyə məktubu  göndərilib.Tövsiyə məktubunda qeyd edilir:

“Cari ilin müvafiq dövründə şirvan regional ədliyyə idarəsi tərəfindən yurisdiksiyasına aid bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı aşkar edilmiş xarakterik nöqsanlardan biridə yerli vergi və ödənişlərin hesablanması, güzəştlərin verilməsi, ödənilməsi və məcburi icrası məsələləri üzrə qanunvericiliyin tələblərinə düzgün riayət  edilməməsi olmuşdur.

Göstərilənlərlə bağlı qeyd olunur ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1.1 – 1.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi; bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş; kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli ödənişləryerli büdcənin gəlirlərinə aid edilir. Həmin maddənin 2-ci bəndinə əsasən fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərinn əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi, yayımı və reklam tarifi zonaları üzrə ödənilən haqqın minimum miqdarının hesablanması qaydaları isə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur, konkret dərəcələri isə bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

 Eyni zamanda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən yerli vergilərin dərəcələri Azərbaycan Respublikasının vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə bələdiyyələr vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad etmək, vergi dərəcələrinin aşağı salınması barədə qərar qəbul edə bilərlər. Göründüyü kimi müvafiq normanın tələbinə əsasən vergidən azad edilmə və vergi dərəcələrinin aşağı salınması vergi qanunvericiliyinin tələbləri baxımından tətbiq oluna bilər. Lakin bir çox hallarda bələdiyyələr tərəfindən vergidən azad olunma və güzəştlərin müvafiq qanunvericilikdə nəzərdə tutulmamış əsaslar üzrə deyil müxtəlif yanaşma və qənaət əsasında tətbiq edildiyi müəyyən olunur ki, bu da yol verilməzdir.

 “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli Fərmanına əsasən bələdiyyələrdə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsində metodik rəhbərliyi Azərbaycan Respublikası Vegilər Nazirliyi həyata keçirir.

Qanunvericiliyə əsasən torpaq və əmlak vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun

11.4-cü maddəsinə əsasən yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.        

Yerli vergi və ödənişlərin tutulmasının təmin edilməsi məqsədi ilə qərarların qəbul edilməsi və məcburi icrası məsələləri ilə bağlı aşağıdakılar qeyd olunur.

inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. inzibati icraat haqqında qanunvericiliyə əsasən  inzibati akt kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır və kollegial inzibati orqanın iclası haqqında protokol tərtib olunur. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görəQanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Müvafiq Qanunun 21.3-cü maddəsində isə inzibati orqanın hansı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina etmək hüququnun olmasının əsasları göstərilmişdir.

 Eyni zamanda “inzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır və 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir.

Bundan başqa “inzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində göstərilir ki, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Müvafiq normanın tələblərinə əsasən borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri hesab olunur.

“icra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır və “icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən müvafiq aktların icrasını icra məmurları həyata keçirirlər.

Beləliklə də yerli vergilər və ödənişlərlə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş aktların icrası təmin olunmadığı halda həmin qərarlar “inzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun 82.2-ci və “icra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddələrinə müvafiq qaydada məcburi icraya yönəldilməlidir.

Göstərilənlərə əsasən yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi, azad olmalar və güzəştlərin verilməsi və pul tələbi ilə bağlı müvafiq öhdəliklərin məcburi icraya yönəldilməsi hallarında müvafiq münasibətlərin tənzimlənməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə düzgün riayət etməyiniz tövsiyə olunur.”

Belediyye.info

 

 

 

ŞƏRHLƏR