Hər gün oxucularımızdan “Bələdiyyə həyatı” qəzetinin e-mailinə çoxsaylı müraciətlər daxil olur. Bu sayımızdan etibarən yeni rubrikanı təqdim edirik. Rubrikanın ilk suallarını Lənkəran regional ədliyyə şöbəsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Çingiz Cavadov cavablandırır:
1.Bələdiyyələrə ödənilən yerli vergilər hansılardır?
“Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir:
-fiziki şəxslərdən torpaq vergisi;
-fiziki şəxslərdən əmlak vergisi;
-yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi;
-bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.
2. Yerli büdcə nə vaxt müzakirə və təsdiq edilir?
Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir.
Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
3. Yerli büdcəyə kim tərəfindən nəzarət olunur?
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.