Sualları Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu Aqil Salmanov cavablandırır.
1. Mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa həmin məqsədlə ikinci dəfə torpaq sahəsi satıla bilərmi?
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 25-1-ci bəndinə əsasən mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər.
2.Yerli vergi və ödənişlər hansı qaydada ödənilir?
“Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 11.4-cü maddəsinə görə yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
3. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar icarəyə verilə bilərmi?
Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir.