Respublikamızın bələdiyyə “hərəkatı”nda 15 ilə yaxındır ki fəaliyyət göstərirəm. Ölkəmiz üçün yeni, həm də mühüm olan bu quruma ilk seçkilər zamanı bələdiyyə üzvü seçilib, Sumqayıt Bələdiyyəsinin formalaşmasında, təşkilatlanmasında mümkün qədər fəal iştirak etmişəm. Yəqin bu səbəbdəndir ki, 2002-ci ildə respublika üzrə ilk dəfə yerli özünüidarə qurumlarının həmkarlar təşkilatları təsis olunanda kollektivin ümumi rəyi ilə Bələdiyyəmizin ilk həmkarlar təşkilatına rəhbərlik etmək mənə həvalə olundu.
Təbii ki, bələdiyyələrin əsas məqsəd və məramı bilavasitə yerlərdə əhalinin sosial problem və ehtiyaclarına, onların mədəni istirahətinin təmin edilməsınə diqqət və qayğı göstərmək olduğundan və həmkarlar təşkilatlarının da missiyasının əsasında əmək adamının sosial-mədəni qayğıları dayandığından bizim üçün həmkarlar təşkilatının işini lazımi şəkildə, günümüzün tələbləri səviyyəsində qurmaq heç də çətin olmadı. əksinə, həmkarlar təşkilatının qaldırdığı bütün məsələlər və təşəbbüslər Sumqayıt Bələdiyyəsinin rəhbərliyi tərəfindən elə ilk günlərdən nəinki bəyənilmiş, hətta onların reallaşması üçün həmişə və hər cür əməli köməklik göstərilmişdir.
Sumqayıt Bələdiyyəsinin ilk həmkarlar təşkilatı kollektiv üzvlərinin əmək və sosial qayğılarına daim diqqət yetirərək, işçilərin iş şəraitinin yaxşılaşdırılmasına, onların məzuniyyət vaxtı və yay mövsümündə, bayram günlərində istirahətinin təşkilinə, kollektiv gəzintilərə, respublika və ölkə miqyaslı tədbirlərdə hər bir işçimizin fəal iştirakına xüsusi önəm verir. Bu baxımdan ənənəvi olaraq hər il Ulu öndərin xatirə günlərində, 28 May Respublika, 15 iyun Qurtuluş və Dövlət Bayrağı günləri, Sumqayıtın “şəhər günü” və s. tədbirlərdə Bələdiyyə işçilərinin iştirakı, Heydər əliyev Mərkəzinə, respublikamızın muzeylərinə, o cümlədən “Sumqayıtın tarixi” muzeyinə, görkəmli ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeylərinə ekskursiyalar, ölkəmizin teatrlarının, xüsusilə də H.ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının tamaşalarına vaxtaşırı kollektiv baxış, eləcə də Bələdiyyə rəhbərliyi tərəfindən işçilərimizin, həmçinin aztəminatlı ailələrin uşaqları üçün Sumqaıtda və Bakıda keçirilən Yeni il şənliklərinə pulsuz yolka biletlərinin verilməsi artıq ənənə halını almışdır. Bu cür tədbirlər kollektivimizin bir ailə kimi daha da ünsiyyətli və mehriban olmasında mühüm rol oynayır.
Onu da xüsusilə qeyd etmək istərdim ki, hər il Yeni il şənlikləri zamanı Sumqayıt Bələdiyyəsinin qayğısı ilə əhatə olunan aztəminatlı və şəhid ailələrinin 200-dən artıq uşaqlarının öz yaşıdları ilə birgə H.ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binasında, şəhərin mərkəzi meydanında qurulmuş yolka ətrafında və N.Nərimanov adına Mədəniyyət evində şaxta baba və Qar qızla birgə oynayıb-əylənməsini, rəqs edərək “yallı” getməsini, əyləncəli viktorinalarda iştirak etməsini, uşaq tamaşalarına baxaraq, Azərbaycanın populyar nağıl qəhrəmanlarını sevinclə alqışlamalarını görmək xoş və təsiredici olur.
Bir-neçə ay əvvəl Bələdiyyə rəhbərliyinin dəstəyi ilə bütün işçilərimizin Bakı Opera və Balet Teatrında dahi, unudulmaz bəstəkarımız Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasına kollektiv baxış, gənclərimizin bir qrupunun builki yay mövsümündə şamaxıya səfəri, Nabran istirahət zonasında dincəlmələri xoş təəssüratlarla yaddaqalan olmuşdur. Bələdiyyə işçilərinin Respublika Həmkarlar ittifaqı tərəfindən ayrı-ayrı işçilərimiz üçün ölkə daxilində və xaricdə fərdi olaraq və ailəlikcə dincəlmək üçün verilmiş putyovkalar onların istirahətinin səmərəli təşkilində, sanatoriya-müalicə ocaqlarına, kurortlara göndərişlər isə müalicə olunmalarında, sağlamlıqlarının bərpasında mühüm əhəmiyyət kəsb edir.
Ancaq Sumqayıt Bələdiyyə işçilərinin həmkarlar təşkilatı kimi biz öz işimizi yalnız və bilavasitə həmkarlarımıza diqqət və qayğı göstərməklə bitmiş hesab etmirik. Bələdiyyəmizin sədri, yerlərdə əhalini narahat edən problem və məsələlərin həllini Bələdiyyənin ən mühüm vəzifəsi hesab edən professor əbülfəz Babayevin dəstəyi, həmkarlar təşkilatımızın iştirakı ilə il ərzində bir-çox sosial-hümanitar, mədəni-kütləvi, idman tədbirləri də keçirilir ki, bu da məhəllə və mikrorayon sakinlərinin maddi-mənəvi ehtiyaclarının təmin edilməsində mühüm rol oynayır.
Bir qayda olaraq hər il milli-dini bayramlarımız olan Novruz bayramı, Ramazan və Qurban bayramlarında kollektivimizin üzvləri ilə yanaşı II Dünya və Qarabağ müharibəsi, Çernobıl əlilləri və veteranları, şəhid ailələri, həmçinin əmək əlilləri, gözdən əlil olanlar, kimsəsiz qocalar üçün bayram sovqatları paylanılır, validenlərdən məhrum uşaqlara hədiyyələr verilir.
Ötən il ərzində Bələdiyyənin qərarları əsasında şəhərin ehtiyacı daha çox olan 130-a qədər sakininə maddi yardım göstərilmişdir.
Hər il isə ənənəvi olaraq 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə aparatımızda çalışan və şəhərimizi mətbut orqanlarında təmsil edən qadınların bir qrupuna Sumqayıt Bələdiyyəsinin mükafatları verilir. Növbəti belə tədbir ərəfəsində isə həmkarlar təşkilatımızın təşəbbüsü ilə Sumqayıt Bələdiyyəsinin qadın əməkdaşları və məhəllə komitələrinin üzvləri Sumqayıt Yaradıcılıq Mərkəzində Azərbaycan qadınlarının ictimai fəallığını, ölkəmizin inkişafında onların rolunu əks etdirən “Çərçivədən kənar” adlı foto-sərgiyə tamaşa etmiş, respublikanın müxtəlif foto həvəskarlarının bir-birindən maraqlı 100-dək əsəri ilə tanış olmuşlar. Foto-şəkilləri nümayiş etdirilən ictimaiyyətçi qadınların bir qisminin Sumqayıt Bələdiyyəsinin məhəllə komitələrinin sədrləri və fəallarının olması tədbir iştirakçılarında maraq və məmnunluq doğurmuşdur.
Hər il 9 may ərəfəsində həmkarlar təşkilatımızın xətti ilə II Dünya müharibəsi iştirakçılarının Bələdiyyə rəhbərliyi ilə keçirilən görüşü də sumqayıtlı veteranlar tərəfindən həmişə rəğbətlə qarşılanır və onlarda xoş təəssürat, xoş ovqat yaradır. Belə görüşlər zamanı Bələdiyyənin sədri professor əbülfəz Babayev 1941-1945-ci illərdə ağır və məşəqqətli döyüş yolu keçərək, faşizm üzərində qələbə uğrunda igidlik və şücaət göstərmiş veteranların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirərək, onların xalqımızın üçün böyük fəxr, gənclərimiz üçün isə böyük örnək olduğunu xüsusi qeyd edir. Həmkarlar təşkilatımızın mümayəndələri 9 May ərəfəsində həm də yataq xəstəsi olan müharibə veteranları ilə onların evində görüşür, onlara Bələdiyyə rəhbərliyi adından maddi yardım göstərirlər.
Bələdiyyə rəhbərliyinin dəstəyi və həmkarlar təşkilatımızın təşkilatçılığı ilə Ümummilli lider Heydər əliyevin ad günü – 10 may ərəfəsində şəhərimizin şahmat və dama məktəbində Bələdiyyənin məhəllə komitələri nümayəndələrinin iştirakı ilə keçirilən ənənəvi şahmat yarışları bu stolüstü idman növünə marağı daha da artırmışdır. Həmin tədbirlərdə Sumqayıt Bələdiyyəsi sədrinin müavini, beynəlxalq dərəcəli qrossmeyster, qadınlar arasında sabiq dünya çempionu Zeynəb Məmmədyarova da həvəskar şahmatçılar qarşısında çıxış edərək, öz zəngin şahmatçı təcrübəsini bölüşməklə bu idman növünə olan marağın daha da artmasına səbəb olur.
Xalqımızın dahi rəhbəri Heydər əliyevin Azərbaycan rəhbərliyinə qayıdışının qeyd olunduğu 15 iyun – Qurtuluş günü ərəfəsində hər il “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda təşkil etdiyimiz yarışlar da bələdiyyə məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət futbol komandalarının intizarla gözlədiyi tədbirlərdəndir. Uşaqlar arasında populyarlıq qazanmış və bu il artıq 10-cu dəfə start götürmüş həmin yarışlarda 300-ə qədər uşağın daxil olduğu 20 məhəllə komitəsi komandaları iştirak etmişdir. şəhərimizin M.Hüseynzadə adına mərkəzi şəhər stadionunda və son illərdə mikrorayonlarda yaradılmış müasir futbol meydançalarında keçirilən həmin yarışlar əsas etibarilə şəhərimizdə uşaq futbolunun kütləviliyinin artırılması, idmanın bu növünə böyüməkdə olan nəslin daha çox cəlb edilməsi, eyni zamanda şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.
Onu da xüsusi minnətdarlıqla vurğulamaq istərdim ki, bizim keçirdiyimiz həm şahmat, həm də futbol yarışlarının açılışında və qaliblərin təltif olunma mərasimlərində Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə yanaşı bir qayda olaraq Respublika Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Komitəsinin rəhbərliyi də iştirak edir, qalibləri fəxri-fərmanlara layiq görür və prizlərlə, hədiyyələrlə mükafatlandırır. Bu isə həmin yarışların ictimai dəyərini və nüfuzunu daha da artırır.
Qeyd etdiyim kimi, bütünlükdə həmkarlar təşkilatımızın təşəbbüslərinin reallaşmasında Sumqayıt Bələdiyyəsinin rəhbərliyi hər zaman bizim köməyimiz, etibarlı arxa-dayağımızdır. Bu isə bizə öz fəaliyyətimizi Sumqayıtın və şəhər əhalisinin mənafeyi naminə daha səmərəli qurmaqda çox mühüm və vacib stimuldur.
Gülrəng CÜMşÜDOVA,
Bələdiyyə işçilərinin Respublika Həmkarlar ittifaqı
Sumqayıt rayon komitəsinin sədri