"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sumqayıt Bələdiyyəsinin nar bağı məhsul gətirib

--2015-08-29 / 22:00

Ötən il oktyabrın sonlarında iməcilik keçirilərək, ilk abadlıq işlərinə başlanılmaqla Sumqayıtın giriş hissəsində, Bakı-Quba magistralı yaxınlığında salınan yeni yaşıllıq sahəsindəki nar kolları ilk məhsulu gətirib.

 

Qeyd edək ki, bələdiyyə kollektivi baxımsız qalmış, iri daş-kəsəklərlə dolu bu əraziyə 10 ay əvvəl Sumqayıt şəhərinin 65 illiyi ərəfəsində yaşıllıq sahəsi yaratmağa başlayarkən bəziləri bunu hədər zəhmət kimi qiymətləndirir, bunun heç bir fayda, bəhrə verməyəcəyini düşünürdü. Çünki kol-kos, daş-kəsək basmış, adi çala qazılması belə çətinlik törədərək, xeyli vaxt aparan, münbitliyi şübhə doğuran bir ərazidə ağac yetişdirilməsi həqiqətən də inandırıcı görünmürdü. Kollektiv başda sədr əbülfəz Babayev olmaqla həmin günlərdə havaların əlverişsiz olmasına və hətta Bakı-Quba yolu ilə hərəkət edən sürücü və sərnişinlərin inamsız baxışlarına məhəl qoymayaraq, burada ardıcıl olaraq bir-neçə dəfə iməcilik keçirərək 500-ə qədər müxtəlif ağac pöhrələri – alma, gilas ağacları, nar kolları və s. əkmişdilər.  Amma daha çox nar kollarına üstünlük verildi. Bu da təsadüfi deyildi – axı, dadlı, zövq oxşayan Göyçay narı ilə yanaşı indi erməni işğalı altında qalmış Nüvədi kəndinin daşlı-qayalı yerlərində bitən narlar da çox dadlı və şirəli olurdu.

Ötən ilin payızında bu ərazidə ilk dəfə işə başlayan bələdiyyə kollektivi tərəfindən ilk növbədə əkiləcək ağaçların nizamlı şəkildə yerləşdirilməsi üçün sahədə müvafiq planlaşdırma-ölçü işləri aparılmış, torpaq daş-kəsəkdən təmizlənmiş, əraziyə münbit torpaq daşınaraq, sahə hamarlanmış və əkinə yararlı vəziyyətə salınmışdır. əkilmış hər bir ağacın dibinə təbii gübrə verilmiş və vaxtaşırı olaraq sulanmışdır. Təzə əkilmiş ağaclara xüsusi diqqət  və aqrotexniki qayğı göstərilməsinin nəticəsidir ki, pöhrələr nəinki yerə dərin kök ataraq, boy vermiş və hətta heç bir il keçməmiş bar verməyə başlamışdır.  

Bu gün Bələdiyyə kollektivi növbəti dəfə iməciliyə çıxaraq, ağacları onların ətrafında əmələ gəlmiş alaq otlarından təmizləmiş və sulamışdır. Böyük zəhmət hesabına yaratdıqları yeni yaşıllıq sahəsində dörd saatdan artıq abadlıq işi aparan Bələdiyyə işçiləri cavan nar kollarının hələ zərif olan, bərkiməmiş budaqlarında qırmızı ulduz kimi açılmış nar çiçəklərini, bir neçə ağacda isə artıq yumruq boyda olan narları görəndə təəccüb və sevinclərini gizlədə bilməmişlər. Xüsusi olaraq əkmədikləri... yemiş və hətta iriləşmiş badımcanlarla rastlaşdıqda isə kollektivə bir şey tam əminliklə aydın olmuşdur – onların daşlı-kəsəkli, bərk gillə örtülmüş şoran torpağın münbitləşdirilməsi üçün çəkdikləri zəhmət hədər getməyib. Və əmin olaraq inandılar ki, çox yaxın illərdə onların yaratdıqları yaşıllıq sahəsi Sumqayıtın ekologiyasının yaxşılaşmasında müəyyən rol oynamaqla həm də daha bir gözəl Bələdiyyə parkına çevriləcək və o özünün boy verərək ucalan, bar verən, nar gətirən ağacları ilə göz oxşayacaq, Bakı-Quba yolu ilə gəlib-gedənlərdə xoş ovqat yaradacaqdır.

 

Rəhman ORXAN

ŞƏRHLƏR