Vüqar Tofiqli
Hər bir insanın, xüsusəndə yaradıcı olan şəxslərin, həyatda ən böyük arzusu yaddaşlarda qalmaq və xatırlanmaqdır desəm, yəqin ki, yanılmaram. Bu gün elə bir yaradıcı şəxs olmaz ki, hər addımıyla, hər işiylə, sözüylə və ən nəhayət yaratdığı əsərlərlə yaddaşlarda qalmaq istəməsin. Və onun uğrunda çalışmasın. Ancaq bu arzu heç də hər zaman həyata keçmir. Elə arzu kimi qalır. Arzusu həyata keçənlər isə daim xatırlanır, yada düşür və qiymətləndirilir.
Belə şəxslərdən biri də Mirzə Fətəli Axundovdır. Azərbaycanlı olaraq Tiflis şəhərində mənsəb sahibi olmaq, imperiyanın hökm sürdüyü illərdə uzun illər dövlət qulluğunda çalışmaq heç də hər adama qismət olası hal deyildi.
Təhsil aldığım orta məktəbdə, həmdə M.F.Axundovun adını daşıyan institutda dramaturq haqqında dəsrlərin keçilməsi, mənim bu şəxsiyyətə olan diqqətimi hər zaman artırmışdı.
***
Odur ki, bu günlərdə Tiflis şəhərində keçiriləcək konfransa dəvət alanda ağlıma ilk gələn fikir şəhərdə olan Mirzə Fətəli Axundovun ev-muzeyini ziyarət etmək oldu. Konfrans işini yekunlaşdırana kimi internet vasitəsiylə muzeyin yerləşmə ünvanını tapdım-Vaxtanq Qorsaqali küçəsi 17...
Diqqəti çəkən məqam onda oldu ki, dörd nəfər gürcüdən muzeyin yerləşdiyi ünvan haqqında soruşanda bilmədiklərini və hətta bir dəfə də olsun muzey haqqında eşitmədiklərini dedilər.
Nəhayət, bir insaflı taksi sürücüsü -küçənin adını dəqiq deyin aparım-, dedi...
Muzeyin binasına çatdıq. Sən demə, muzey bizim qaldığımız oteldən piyada 10 dəqiqəlik məsafədə yeləşirmiş, özüdə şəhərin mərkəzində, daha çox Azərbaycanlıların məskunlaşdığı yerdə.
Vestibüldə bizi Azərbaycanlı mühafizəçi qarşıladı. şəhərdə ilk dəfə Azərbaycan dili eşitdik.
Muzeyin girişində dahi mütəfəkkirin büstü qoyulmuşdu. Deməliyəm ki, birinci mərtəbədə həm də art-kafe fəaliyyət göstərir. Burada rəsm əsərləri və bədii gecələr keçirilir.
Yaxın dostum olan konfrans iştirakçısı Seymur Nağıyevlə hərəyə üç lari verib muzeyə daxil olduq. Muzey əməkdaşı Cəmilə xanımın şirin özünəməxsus ləhcəsiylə biz dramaturqun yaşayıb yaratdığı dövrə qısa bir ekskurs etdik.
Öyrəndim ki, muzeydə 2700-ə yaxın eksponat sərgilənir. Sərgilənən eksponatların bir qismi orijinaldan olan eksponatların surətləri olsada çox nəfis formada tərtib olunmuşdu.
Cəmilə xanımla söhbət edirik. Məlum olur ki, 22 yaşında Tiflisə gələn M.F. Axundov 1864-cü ildə bu ərazini alaraq ikimərtəbəli binanı öz layihəsinə uyğun tikdirir və ömrünün sonunadək burada yaşayası olur. Keçmiş sovet dövründə binanın bir qismi yaşayış üçün şəhər sakinlərinə verildiyindən onun yalnız salamat qalan iki otağında 1982-ci ildə muzey təsis olunur.
2012-ci ildə isə Azərbaycan prezidentinin göstərişi və SOCAR-ın maliyyə dəstəyi, o cümlədən ciddi nəzarətiylə muzey yenidən bərpa olunur. ilk olaraq ərazidə məskunlaşan yerli əhali SOCAR-ın ayırdığı maliyyə vəsaitiylə başqa yerlərə köçürülür və bina sıfırdan əsaslı şəkildə yenidən qurulur. Üstəlik üçüncü mərtəbə də inşa edilir.
Məqsəd bu muzeyi Azərbaycanlıların mədəniyyət mərkəzinə çevirmək idi. Bu gün muzeyin üçüncü mərtəbəsində yerləşən konfrans zalında tez-tez mədəniyyət tədbirləri keçirilir. Azərbaycan və onun mədəniyyəti Gürcüstanda belə təbliğ olunur.
Cəmilə xanım deyir ki, Gürcüstan məktəbliləri, turistlər, Azərbaycan vətəndaşları tez-tez muzeyi ziyarətə gəlirlər.
Bir məqamı qeyd edim ki, biz ziyarətdə olanda artıq möhtəşəm bir təqdimata hazırlıq gedirdi.
Muzeydə dramaturqun ailə üzvləri, əsərləri, müasirləri haqqında sənədlər, fotoşəkillər ayrıca bölmələrdə sərgilənir.
Dramaturqun iş otağı da həmin illərdə olduğu kimi saxlanılmışdı. Bu gün muzeydə Azərbaycanın Konservatoriyası adlanan Qarabağ müsiqiçiləri haqqında bir bölmədə fəaliyyətdədir.
Məhz bu bölmədə M.F.Axundovun ozünündə hörmət bəslədiyi X.B.Natəvanın porteti, müasirlərinin arxiv fotoları sərgilənir.
***
Muzeydən xoş təəssüratla ayrılırıq. Xoşbəxtlikdən həmin ərazidə həm də Azərbaycan səfirliyinin möhtəşəm inzibati binası da yerləşir.
Üç günlük səfər çərçivəsində şəhərdə çoxsaylı şərq mədəniyyətinin nümunələrini gördük və ziyarət etdik.
Fəxr duyulası məqamlar çox oldu. Məbədə çevrilən muzey bu gün Tiflisdə Azərbaycan mədəniyyətinin canlı təbliğatçısına çevrilməkdədir.
Ancaq ölkədə baş verən hadisələri, siyası prosesləri, yerli əhaliyə məxsus xarakterik cəhətlərin təhlili göstərir ki, hələ çox işlər görülməlidir. Özü də mütləq şəkildə.
Bu gün M.F.Axundovun muzeyə çevrilən evi təmiz və saf Azərbaycan sevgisi üzərində qurulduğundan inanıram ki, bundan sonra da muzey-mədəniyyət mərkəzi kimi bir sıra ciddi və yaddaqalan layihələrə imza atacaqdır.
P.S. Bir daha nümayəndə heyətinə qatılmağıma səbəbkar olan GiZ-in proqram üzrə məsul eksperti Fidan Qasımovaya xüsusi təşəkkürlər.
P.S.S Muzeydən çəkilmiş fotoları təqdim edirik
|
|
|
|
|
|
|
|
|
|
|
|