"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Torpaqların elektron uçotu Milli Məkan Məlumatları infrastrukturunun formalaşmasını təmin edəcək

--2016-05-13 / 22:33

2016-cı ildə respublikanın 23 rayonunda torpaqların elektron kadastr uçotu sisteminin qurulması istiqamətində iş aparılması planlaşdırılır

Zaqatala, 13 may, AZəRTAC

Torpaqların Elektron Kadastr Uçotu informasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı məsələlər əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 13-də Zaqatala şəhərində keçirilən işgüzar Forumun əsas müzakirə mövzusu olub.

AZəRTAC xəbər verir ki, Forumda Komitənin Aparatının və tabeli qurumların təmsilçiləri, Zaqatala Rayon icra Hakimiyyətinin, yerli icra nümayəndəlikləri və bələdiyyələrin, idarə, müəssisə və təşkilatların məsul nümayəndələri iştirak ediblər.

Forumda əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına əsasən, hazırda ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması, habelə torpaq sahələrinin elektron kadastr xəritələrinin tərtib edilməsi istiqamətində iş aparıldığını diqqətə çatdırıb.

Uçot sisteminin iqtisadi səmərəsini və torpaq idarəçiliyində əvəzsiz rolunu vurğulayan Xidmətin rəisi bildirib ki, Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində əsas məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və Sistemdə əks etdirməkdir. Eyni zamanda, Sistem torpaqlardan təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, torpaq balansını dəqiq məlumatlar əsasında tərtib etmək məqsədi daşıyır.

Diqqətə çatdırılıb ki, 2016-cı ildə respublikanın 23 rayonunda bu işlərin aparılması planlaşdırılır. 2019-cu ilin sonunda ölkənin 3 milyon 200 min hektar torpaq sahəsinin dəqiq uçotu hazır olacaq və bu məlumatlar Sistemə daxil ediləcək.

Qurum rəsmisinin sözlərinə görə, 2020-ci ildə yekunlaşacaq torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları infrastrukturunun formalaşmasını təmin edəcək, torpaq ehtiyatları daha mükəmməl qaydada idarə olunacaq, əmlak münasibətlərinin tənzimləməsinin müasir mexanizmi yaranacaq. Torpaqların sənəd və faktiki göstəricilərindəki uyğunsuzluqlar aradan qaldırılaraq dəqiq şəkildə Sistemdə əks olunacaq. Dövlət reyestrindən çıxarışların və digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Torpaqların qorunması və münbitliyinin artırılması ilə əlaqədar tədbirlər üçün vahid elektron məlumat bazası olacaq. Sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan yaradacaq.

Forumda bildirilib ki, əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən indiyədək bir neçə kadastr layihəsi həyata keçirilib və hazırda bu işlər davam etdirilir. Bakı və Sumqayıt şəhərlərinin kadastr tarixlərində ilk dəfə olaraq, hər iki şəhərin 205 min hektara yaxın ərazisinin müfəssəl elektron kadastr məlumat bazası yaradılıb. Bu bazada hər bir torpaq parseli, onların üzərindəki tikililər barədə müfəssəl məlumatlar torlanıb. Bakı və Sumqayıt şəhərlərinin elektron kadastr məlumat bazalarında bu ərazilərdəki bütün növ daşınmaz əmlak obyektləri, o cümlədən yaşayış binaları, fərdi yaşayış evləri, mənzillər, qeyri-yaşayış obyektləri, yerüstü kommunikasiya xətləri barədə məlumatlar, onların yerləşmə vəziyyətləri, koordinatları, tikintialtı sahələri, kommunikasiya xətləri, həmçinin Xəzər dənizinin mühafizə zolaqları və zonaları haqqında ətraflı məlumatlar var.

Diqqətə çatdırılıb ki, Gəncə şəhəri və şəki rayonu üzrə ümumilikdə 200 min hektardan çox ərazidə çöl-ölçmə işləri aparılıb. Gəncə şəhərində icra olunan “Kadastr və Daşınmaz əmlakın Qeydiyyatı” layihəsi üzrə işlər artıq yekunlaşıb. Hazırda şəki rayonunun 55 min hektar ərazisində icra olunan kadastr layihəsi üzrə işlər isə 2016-cı ilin birinci yarısında yekunlaşacaq və bu ərazilər üçün də mükəmməl kadastr işi hazır olacaq.

Xatırladaq ki, bu mövzuda işgüzar forumlar indiyədək Cəlilabad, Masallı və Ağcabədi rayonlarında keçirilib. Növbəti forum Oğuz rayonunda keçiriləcək.

http://azertag.az/xeber/Torpaqlarin_elektron_uchotu_Milli_Mekan_Melumatlari_Infrastrukturunun_formalasmasini_temin_edecek-951245

ŞƏRHLƏR