"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Torpaqların mühafizəsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri

--2019-07-09 / 11:41

Torpaq ehtiyatları hər bir ölkənin davamlı inkişafının əsas elementlərindən biridir. Ümummilli lider Heydər əliyev tərəfindən əsası qoyulan ölkənin sosial-iqtisadi inkişaf strategiyasında aqrar sahə həmişə önəmli yer tutmuşdur. Bununla əlaqədar 90-cı illərin ortalarında iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaqla Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədi ilə torpaq islahatının həyata keçirilməsinə başlanılmışdır. Bu məqsədlə ilk dəfə olaraq qanunvericilikdə torpaq üzərində vahid dövlət mülkiyyət forması ilə yanaşı, xüsusi və bələdiyyə mülkiyyət hüquqlarının təsbit olunması səmərəli aqrar islahatların aparılmasına şərait yaratmışdır.

Torpaq aqrar sahənin əsas istehsal vasitəsi olduğundan ölkəmizdə bu sahənin inkişafına dair son illərdə qəbul olunmuş dövlət proqramlarında, normativ-hüquqi aktlarda da torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsi sahəsində icrası zəruri olan bir çox vacib tədbirlər nəzərdə tutulmuş və hazırda uğurla icra olunmaqdadır.

Qeyd olunmalıdır ki, torpaqlardan qanunvericiliyin tələblərinə uyğun istifadəyə nəzarətin gücləndirilməsi istiqamətində torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının məqsədli təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların qarşısının alınması üçün aidiyyəti, o cümlədən yerli özünüidarə orqanları tərəfindən davamlı tədbirlər görülür.

Qanunvericilikdə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrə aid edilmiş səlahiyyətlər sırasında bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi kimi məsələləri qeyd etmək lazımdır.

Məlumdur ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsidir. Bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədi ilə torpaqların mühafizəsi məsələləri qanunvericiliklə tənzimlənir.

Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək onların müstəsna hüququdur.

Bələdiyyələr onların mülkiyyətində olan torpaqların istifadəsinə və mühafizəsinə nəzarət funksiyalarını torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırılması, öz əraziləri daxilində torpaq qanunvericiliyinin və torpağın mühafizəsi tələblərinin pozulması ilə həyata keçirilən tikinti işlərinin, habelə faydalı qazıntıların hasilatı, aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat və başqa işlərin dayandırılması, aşkar edilən pozuntuların aradan qaldırılmasına qədər göstərilən işlərin qadağan edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilməsi, torpaqların münbitliyinin yaxşılaşdırılması, onların istifadəsi və mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində iştirak edilməsi və qanunvericiliklə müəyyən edilmiş digər üsullarla həyata keçirirlər.

Torpaqların mühafizəsinin təşkilinin başlıca istiqamətlərindən biri də torpaqların münbitliyinin təmin edilməsidir. "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların münbitliyi dedikdə, torpağın əlverişli morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji şəraitdə bitkiləri qida elementləri, rütubət ehtiyatı və onların həyatı üçün digər vacib maddələrlə müntəzəm təmin etmə qabiliyyəti başa düşülür. "Torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqəli mərkəzi və yerli icra hakimiyyəti orqanları), bələdiyyələr, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri daxildir.

Qeyd edilən Qanunla torpaqların münbitliyinin təmin olunması sahəsində bələdiyyələrin üzərinə aşağıdakı vəzifələr qoyulmuşdur:

-torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət siyasətinə əməl etmək;

-bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul etmək;

-torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində yerli proqramlar hazırlamaq, həyata keçirmək və icrasına nəzarət etmək;

-torpaqların münbitliyinin təmin olunması sahəsində yerli proqramlar hazırlamaq, həyata keçirmək və icrasına nəzarət etmək;

-yerli büdcələrin tərkibində torpaqların münbitliyinin təmin olunması sahəsində xərclər müəyyənləşdirmək və onların maliyyələşdirilməsini həyata keçirmək;

-öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək;

-öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarının səmərəli istifadəsinə və münbitliyinin mühafizəsinə nəzarət etmək.

Son dövrlərdə əkinə­yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi sahəsində işin gücləndirilməsi üçün "Torpaqların münbitliyi haqqında" Qanuna və Torpaq Məcəlləsinə əkin yerlərinin yandırılmasının qadağan edilməsi ilə bağlı yeni norma əlavə olunmuşdur. Eyni zamanda inzibati Xətalar Məcəlləsində bu tələbin pozulması ilə bağlı fiziki və hüquqi şəxslər, habelə vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən edilmişdir (fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir).

Taxılçılıq təsərrüfatlarında biçin işləri başa çatdıqdan sonra kövşənin (taxıl əkilmiş yer, zəmi) yandırılması kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına, yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsinin yaranmasına, mühəndis-kommunikasiya sistemlərinin sıradan çıxmasına, habelə hüquqi və fiziki şəxslərə məxsus əmlakın məhv olmasına şərait yaradır.

əkin yerlərinin mühafizəsinin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyəti nəzərə alınaraq bələdiyyələr tərəfindən əkin yerlərinin mühafizəsi istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi zəruridir.

Torpaqların mühafizəsinin təşkilinin başqa bir istiqaməti torpaqlardan məqsədli təyinatına görə istifadə edilməsidir. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsi, eləcə də istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına yol verilməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam verilməsinin əsaslarından biridir. icarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.

Torpaq sahəsindən təyinatına uyğun olmayan şəkildə istifadə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində torpaq sahəsindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə isə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma hallarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də məsuliyyət müəyyən edilmişdir (səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır).

Bələdiyyələrlə iş Mərkəzi, həmçinin ərazi aidiyyəti üzrə regional ədliyyə idarələri tərəfindən davamlı olaraq torpaqların idarə edilməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı tövsiyələr hazırlanaraq istifadə üçün bələdiyyələrə göndərilir, seminarlar və başqa maarifləndirmə işləri aparılır, torpaq sahələrinin ayrılması ilə əlaqədar qanunsuz bələdiyyə qərarlarının ləğvi üçün tədbirlər görülür.

Bütövlükdə torpaqların mühafizəsi məsələsi ümummilli xarakter daşıyır və hər kəs torpaqlardan istifadə qaydalarına əməl etməyə borcludur. Bu səbəbdən yerli özünü idarəetmə orqanları tərəfindən vətəndaşların maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi səmərəli olacaqdır.

Nailə Rəsulzadə,

ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin

inzibati nəzarət idarəsinin məsləhətçisi

III dərəcəli ədliyyə qulluqçusu

ŞƏRHLƏR