1. Yerli büdcəyə kim tərəfindən nəzarət olunur?
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.
2. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar icarəyə verilə bilərmi?
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir.
3. Torpaq sahəsinin ayrılması ilə bağlı hüquqi və fiziki şəxslərin müraciətlərinə hansı müddətdə baxılır?
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin14-cü bəndinə əsasən hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır.
Hazırladı:
Çingiz Cavadov
Lənkəran regional ədliyyə idarəsinin
baş məsləhətçisi kiçik ədliyyə müşaviri