Möhtərəm prezidentimiz ilham əliyevin diqqət və qayğısı nəticəsində kurort şəhəri olan doğma Naftalan inkişaf yolundadır. Bu gün şəhərin infrastrukturunda yeniləşmə, abadlıq, quruculuq işləri aparılır, ekologiyanın yaxşılaşdırılması və yaşıllıqların salınması yönümündə layihələr həyata keçirilir.
Naftalan bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz nizamnaməsindən irəli gələn vəzifələri, həmçinin bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları rəhbər tutaraq fəaliyyətini qurur.
2015-cü ilin 9 ayında Naftalan bələdiyyəsi tərəfindən bələdiyyə büdcəsinin imkanları daxilində yerli sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülmüşdür.
Deyə bilərəm ki, şəhərdə görülən bu abadlıq-quruculuq işlərində həyata keçirilən tədbir və layihələrdə Naftalan bələdiyyəsinin müəyyən rolu vardır.
Bələdiyyə büdcəsini formalaşdırmaq və qarşıya qoyulmuş yerli sosial, iqtisadi-inkişaf və ekologiya məsələlərini həll etmək üçün müvafiq qanunvericiliyə uyğun olaraq bütün imkanlarımızdan istifadə etmişik, belə ki, fiziki şəxslərdən torpaq vergisinin, icarə haqqının, dayanacaq rüsumunun, əmlak vergisinin, sanatoriya-kurort rüsumunun toplanmasında xeyli irəliləyişlərə nail olmuşuq, bu da bələdiyyə büdcəsinin formalaşmasına öz müsbət nəticəsini göstərmişdir. Büdcəyə keçən ilin cari dövrünə nisbətən xeyli artıq vəsait daxil olmuşdur. Həmçinin, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsindən də yerli büdcəyə vəsait daxil olmuşdur.
2015-ci ilin yola saldığımız 9 ayı ərzində Naftalan bələdiyyəsi tam tərkibdə fəaliyyət göstərmiş, 11 nəfər bələdiyyə üzvlərinin, 4 nəfər bələdiyyə qulluqçularının, 5 nəfər park işçilərinin köməyindən istifadə etmişdir.
2015-ci ilin 9 ayı ərzində bələdiyyənin 18 ümumi iclası keçirilmiş, müxtəlif sahələri əhatə edən məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul olunmuşdur. Müzakirəyə çıxarılan məsələlərin əksəriyyəti Yerli iqtisadi inkişaf, sosial, büdcə və s. məsələlərə aid olunmuşdur.
2015-ci ilin 9 ayı ərzində bələdiyyəyə 106 ərizə və məktub daxil olmuşdur. Müraciətlərin 66-sı həyətyanı sahə və fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar, qalan 40-ı isə müxtəlif məzmunlu olmuşdur.
Bütün məsələlərə vaxtında baxılmış, tədbirlər görülmüş və aidiyyatı üzrə müxtəlif cavablar verilmişdir.
Hələ də vergilərin toplanmasında müəyyən çətinliklər mövcuddur. Vətəndaşlar mənzilləri üçün kirayə haqqını mənzil istismar sahələrinə ödədikləri üçün əmlak vergisini ödəməkdə tərəddüd edirlər.Ona görə də Naftalan bələdiyyəsi əhalinin maarifləndirilməsi məqsədilə tədbirlər görür. Bundan başqa Naftalan bələdiyyəsi ərazisində yerləşən sağlamlıq müalicə mərkəzlərinin bəziləri sanatoriya-kurort rüsumunu qanunda nəzərdə tutulmuş qaydada ödəmirlər. Bununla əlaqədar bələdiyyə müəyyən tədbirlər görür və hətta məhkəməyə müraciət olunmuş və nəticə bələdiyyənin xeyrinə qərar çıxarmışdır.
2015-ci ilin 9 ayı ərzində büdcəmizə 34 min manat vəsait daxil olub. Bu müddət ərzində 10 nəfər şəhər sakininə həyətyanı sahə və fərdi ev tikmək üçün torpaq sahələri ayrılmış və nəticədə büdcəyə 6800 manat pul vəsaiti daxil olmuşdur. Həyətyanı sahə və fərdi ev tikmək üçün 1 nəfər şəhid ailəsinə əvəzsiz olaraq torpaq sahəsi ayrılmışdır.
“Qələbə” parkında yaşıllaşdırma işlərinin aparılması və yaşıllıqların mühafizəsi layihəsi uğurla yerinə yetirilir. Belə ki, dəyəri 2600 manat olan 1400 ədəd “Eldar şamı” alınaraq “Qələbə” parkında, şəhərin digər yerlərində əkilmiş və onlara aqrotexniki qulluq edilmişdir. Naftalan bələdiyyəsinin mülkiyyətində olan “Qələbə” parkının yaşılllığının qorunması üçün 1 ədəd yeni Artezian quyusu qazılıb istifadəyə verilmişdir.
şəhərin “Xeyir-şər” mərasim evində cari təmir aparılmış və lazımi avadanlıq, qab-qacaq alınmışdır. Bundan başqa Q.Namazəliyev adına yaşayış məhəlləsinin bəzi küçələrinə qum-çınqıl tökülüb, qreyderlə hamarlanmışdır.
Bələdiyyənin mülkiyyətində olan “Qələbə” parkında yerləşən Abidə Kompleksinin işıqlandırma sistemi yenilənmiş, parkda abadlıq və quruculuq işləri aparılmış, qurumuş ağaclar kəsilib yerinə eldar şamı və sərv ağacı tingləri əkilmiş, kompleksin ətrafına dekorativ gül kolları alınıb əkilmişdir. Bələdiyyə tərəfindən ağaclara aqrotexniki qulluq göstərilmişdir. Ağacların suvarılması üçün yeni su xətləri çəkilmiş və həmin su xətləri ümumi şəbəkəyə qoşulmuşdur. şəhərin park və xiyabanlarında alaq otlarının təmizlənməsi üçün 1 ədəd yanacaqla işləyən otbiçən aqreqat alınmışdır.
2015-ci ilin sonuna qədər bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılmışdır.
Bundan sonrakı aylarda da, Naftalan bələdiyyəsi şəhərin yerli sosial məsələləri həllində yaxından iştirak edəcəkdir.
Mahir Məmmədov
Naftalan bələdiyyəsinin sədri