"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vətəndaş müraciətləri diqqətlə saxlanılır

--2022-12-05 / 16:36

Mərdəkan Xəzər rayonunun mərkəzi qəsəbəsidir. Demək olar ki, bütün idarə və təşkilatlar burada yerləşir. Burada genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri uğurla yerinə yetirilir. Qəsəbə ərazisində də abadlıq, quruculuq işləri geniş vüsət alıb.

Bizim üçün qəsəbə sakinlərini maraqlandıran, narahat edən məsələləri bilmək, onların sosial qayğılarını öyrənmək, sakinlərin hər zaman yanında olmaq və həll etmək böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də, fəaliyyətimizlə bağlı, əhalinin qayğı, təklif və problemlərini öyrənirik və bu istiqamətdə də işimizi qururuq.

Abadlıq işləri çərçivəsində qəsəbənin Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş qəsəbə sakini, hərbi təyyarəçi Zulkayday Zulkaydayevin adını daşıyan küçədə böyük bir problem yaşanırdı. Problemlə əlaqədar həmin küçənin sakinlərinin çoxsaylı şifahi müraciətləri bələdiyyəyə daxil olmuşdu. Payız-qış aylarında yağan yağışlar nəticəsində toplanan sular məktəbə gedən uşaqlar və böyüklər üçün də böyük çətinliklər yaradırdı. şəhidin həyat yoldaşı Zulkaydayeva Limunat Camaldinovna və onun qonşuları da dəfələrlə problemlə bağlı bələdiyyəyə şifahi müraciət etmişlər və bunun həllinə köməklik göstərilməsini xahiş edirdilər. Bütün bunları nəzərə alıb, həmin yerdə çirkab su anbarın qazılması nəzərdə tutuldu.

Məsələ ilə bağlı yerli iqtisadi inkişaf məsələləri üzrə Daimi Komissiyanın üzvləri və mütəxəssis tərəfindən Z.Zulkaydayev-2 ünvanına baxış keçirildi. Məlum oldu ki, qeyd olunan ünvanda hər dəfə yağış yağanda böyük həcmdə su yığılır, bu da gediş-gəlişi çox çətinləşdirir. Bu küçədə kanalizasiya xəttinin olmaması səbəbindən, həddindən artıq miqdarda yağış suları yığılır, yağış sularının axan yeri olmadığından, həmin su uzun müddət orada qalır və ətrafı keçilməz vəziyyətə salırdı. Payız-qış aylarında yağış sularının yığılması nəticəsində piyadaların gediş-gəlişinin mümkünsüz olduğunu nəzərə alaraq, çirkab su anbarı qazıldı və 150 metr məsafədə yağış suyunun nasosla ötürülməsi üçün, Sergey Yesenin küçəsində yerləşən mərkəzi kanalizasiya xəttinə birləşdirilməklə sakinlərin problemi həll olundu.

Qeyd edək ki, həmin küçədə messenant, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi, Ağciyər Vərəm sanatoriyası, 183 nömrəli tam orta məktəb, Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinə gedən şagirdlər, “Pir Həsən Ziyarətgahı”na gələn insanlar üçün də yağış sularının toplanması çox çətinliklər yaradırdı. Bütün bunları nəzərə alaraq, çirkab su anbarın tikilməsinə böyük ehtiyac yarandığından, problem tərəfimizdən aradan qaldırıldı. şəhidlər bizim baş ucalığımızdır. Onların ailələri üçün isə bacardığımızı etməliyik. Bu bizim mənəvi və insani borcumuzdur.

Problemin həll olunmasından razı qalan şəhidin həyat yoldaşı və sakinlər bələdiyyəyə minnətdarlıqlarını bildirdilər.

  Xəzər rayon Mərdəkan bələdiyyəsi

 

 

ŞƏRHLƏR