Soruşun cavab verək
1. Bələdiyyələr il ərzində görülmüş işlər barədə seçicilərinə hansı qaydada hesabat verməlidirlər?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyələrin iclasında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir.
2. Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları hansı qaydada əldə edilə bilər?
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
3. Vətəndaşlar bələdiyyə qulluğuna hansı qaydada qəbul edilirlər?
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.
Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq olunur.
Hazırladı: Çingiz Cavadov
Lənkəran Regional ədliyyə idarəsinin
baş məsləhətçisi kiçik ədliyyə müşaviri