"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xətai, Maştağa və Biləcəri bələdiyyələri təltif ediliblər

--2018-07-20 / 06:52

Bakı Biznes Mərkəzində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Belediyye.info “Azərtac”a istinadən xəbər verir ki, Həmkarlar ittifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək qeyd edib ki, AHiK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirilir. Ötən dövr ərzində bu tədbirə 9328 müəssisə və təşkilat qatılıb, onlardan 297-si bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

2017-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsinin yekunlarına görə AHiK-in müsabiqə komissiyası 193-dən çox müəssisənin namizədliyini icraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 22 sahə həmkarlar ittifaqını təmsil edən 48 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub. 2017-ci ildə 21763 işçini, o cümlədən 4305 qadın işçini əhatə edən 48 müəssisə və təşkilatda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyalar və müvəkkillər nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil ediblər.

S.Möhbalıyev “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının təqdimatıyla təltif edilənlər arasında Xətai, Maştağa və Biləcəri bələdiyyələri də vardır. Bu barədə məlumat Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqından daxil olub.

Xətai və Maştağa bələdiyyələrinə həm də qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə mükafatlar Xətai Bələdiyyəsinin sədri əliyar əliyevə, Maştağa bələdiyyəsinin sədri ilqar Qurbanova və Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Biləcəri bələdiyyəsi üzrə ilk həmkarlar təşkialtının sədri Səfər Kərimova təqdim edilib.

P.S. Müsabiqə qaliblərini Belediyye.info olaraq təbrik edirik.

Belediyye.info

ŞƏRHLƏR