"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xətai rayonu Azərbaycanı Türkiyədə keçirilən beynəlxalq Turizm Festivalında uğurla təmsil edib

--2017-07-12 / 21:01

Türkiyənin Mersin şəhərində 2-ci “Qız Qalası” Beynəlxalq Turizm Festivalı keçirilib. Türkiyə ilə yanaşı Litva, şimali Kipr, Qırğızıstan, Gürcüstan, Tatarıstanın da qatıldığı festivalda Azərbaycanı Xətai rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup rayon məktəblisi təmsil edib.Bu barədə məlumatı Xətai RiH yayıb.

Məlum olduğu kimi, bu il Xətai rayonu ilə Mersinin Tarsus rayonunun qardaşlaşmış şəhərlər elan edilməsinin 10-cu ilidir. Ona görə də nümayəndə heyətinin bu səfəri Tarsusdan başlayıb və bir sıra görüşlər keçirilib.

Adana hava limanında qarşılanmadan sonra Xətai rayon icra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah imanovun rəhbərliyi ilə Xətai bələdiyyəsinin sədr əvəzi əliyar əliyev, rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupu, rayon ərazisində fəaliyyət göstərən 287 saylı “Zəkalar” Liseyinin iki şagirdindən ibarət nümayəndə heyəti  Tarsusa gələrək burada Heydər əliyev Parkını ziyarət ediblər.

Azərbaycan xalqının Ümummilli lideri Heydər əliyevin abidəsi önünə tər çiçəklər düzüldü, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edildi. Ulu Öndər haqqında filmə tamaşa edildikdən sonra məktəblilər parkla tanış oldular.

Xətai rayonu ilə Tarsus arasındakı əməkdaşlıq əlaqələri çərçivəsində “Zəkalar” Liseyi ilə qardaşlaşan “Kampus Okulları” tədris müəssisəsində görüş keçirilib.

Heydər əliyev adına konfrans salonunda keçirilən tədbirdə məktəbin direktoru Ender Portakal Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan və ağır artilleriya qurğularından atəşə tutması nəticəsində həlak olan kənd sakini Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın, eləcə də vətən, torpaq yolunda şəhid olanların xatirəsi  bir dəqiqəlik sayqı duruşu ilə yad edildi. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndi. Kampüs Okulları tədris müəssisəsində Xətai rayonunun rəhbərliyinin iştirakı ilə daha əvvəl keçirilən tədbirləri əks etdirən videolar nümayiş olundu.

Daha sonra çıxış edən nümayəndə heyətinin rəhbəri Pənah imanov göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Görüş məktəblilərin çıxışı və qarşılıqlı olaraq hədiyyələrin təqdim edilməsi ilə yekunlaşdı.

Daha sonra qonaqları Tarsus rayon bələdiyyəsinin sədr müavini Serab Kurtçu qəbul etdi. Tərəflər Xətai və Tarsus rayonları arasındakı əlaqələrin uğurla inkişaf etdiyini, tədris müəssisələrinin ardından iki rayonun mədəniyyət mərkəzləri arasında da əməkdaşlıq əlaqələrinin təməlinin atıldığını qeyd etdilər. Sonra “Səma” rəqs ansamblının üzvləri öz məharətlərini nümayiş etdiriblər.

“Qız Qalası” 2-ci Beynəlxalq Turizm Festivalının açılış mərasimi festival iştirakçılarının kortejinin keçidi ilə başlandı. Yerli sakinlər Azərbaycandan gələn iştirakçılara xüsusi maraq və sevgi nümayiş etdirirdilər.

 

Tədbirdə çıxış edən Mersin Böyük şəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Türkiyənin inkişaf naziri Lütfü əlvam, Mersin şəhər valisi Ali ihsan Su və digər natiqlər festivalın turizmin inkişafına töhfə verəcəyini bildirdilər.

Daha sonra iştirakçı ölkələrin rəqs qruplarının çıxışları oldu. Azərbaycanı təmsil edən “Səma” rəqs qrupunun çıxışı tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı.

Festival çərçivəsində iştirakçı ölkələrin nümayəndələri, yerli dövlət nümayəndələri, millət vəkilləri, bələdiyyə üzvləri ilə keçirilən görüşlər zamanı ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni inkişafı Qarabağ həqiqətləri  haqqında məlumatlar verildi, tarixi yerlərimizi, mədəniyyətimizi əks etsirən suvenirlər, eləcə də, Xocalı soyqırımının 25-illiyi ilə əlaqədar Xətai rayon icra Hakimiyyəti tərəfindən xüsusi hazırlanmış bukletlər təqdim olundu. Görüşlər keçirilmiş insanlar arasında Mersin Valiliyi, Yenişəhər kaymakamı Mustafa Özarslan, millət vəkilləri, Baki şimşək, Yılmaz Tezcan və başqaları da var idi.

Ölkəmizi təmsil edən iştirakçılar feslivalın bağlanışı günündə də səhnəyə çıxdılar. Bu dəfə də “Səma” rəqs qrupunun təqdim etdiyi xalq rəqsləri, Azərbaycan – Türkiyə qardaşlığına həsr olunmuş şeirlər və mahnılar tamaşaçılar tərəfindən böyük coşqu və sevgi ilə qarşılandı.

Festivalın bağlanışından sonra 10 iyul 2017-ci il tarixdə vətənə yola düşməzdən əvvəl Azərbaycanı təmsil edən Xətai rayonunun nümayəndə heyətinin Mersin Böyük şəhər Bələdiyyəsinin binasında sədr Burhanəddin Kocamazla vida görüşü oldu. Görüş zamanı Burhanəddin Kocamaz ölkəmizi festivalda təmsil edən iştirakçılara, eləcə də bu səfərin baş tutması üçün əməyi keçən bütün insanlara, rayon icra Hakimiyyətinin başçısı cənab Razim Məmmədova öz minnətdarlığını bildirdi. Xətai rayon icra Hakimiyyətinin şöbə müdiri, nümayəndə heyətinin rəhbəri Pənah imanov göstərilən qonaqpərvərliyə və isti münasibətə görə cənab Koçamaza, Mersin Böyükşəhər Bələdiyyəsinin bütün kollektivinə və digər  təşkilatçılara minnətdarlığını bildirdi. “Zəkalar” liseyinin şagirdi Fidan Rzayeva festivalla bağlı təəssüratlarını bölüşdü, Fatimə Sadıxova Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən şeir söylədi.

Sonda Mersin Böyük şəhər bələdiyyəsinin sədrinə Xətai rayon icra Hakimiyyətinin hədiyyələri təqdim olundu.

Belediyye.info

ŞƏRHLƏR