"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xırdalan bələdiyyəsinin uğuru: Yerli özünüidarəetmə fəaliyyətində yeni mərhələyə doğru

--2021-12-04 / 13:18

Dondurulmuş və həllini gözləyən çoxsaylı münaqişələrin olduğu hazırkı dünyanın coğrafi, siyasi və iqtisadi cəhətdən mühüm qovuşma mərkəzi sayılan Cənubi Qafqazın lider dövləti olan Azərbaycan hələlik kəskin geosiyasi ziddiyyətləri neytrallaşdıraraq ərazi bütövlüyünü bərpa etməyi bacaran yeganə ölkədir. əlbəttə ki, bu böyük uğur Prezident, Ali Baş Komandan ilham əliyevin polad iradəsinin, fundamental strategiyasının və uzun illər ərzində davamlı şəkildə modernləşdirilərək beşinci nəsil döyüş aparmaq səviyyəsinə çatdırılan Azərbaycan silahlı qüvvələrinin fövqəladə şücaətinin nəticəsində əldə olunub. Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə regionda yaratdığı yeni siyasi vəziyyət onun diktəedici gücünü daha da artırıb. Doğrudur, qarşıda hələ delimitasiya və demakrasiya işləri, sərhəd toqquşmalarının aradan qaldırılması, yekun sülh sazişinin imzalanması və keçmiş işğalçı qonşu ilə birbaşa dialoqun qurulması kimi məsələlər dayanır. Amma 44 günlük savaşda olduğu kimi, hazırkı postmüharibə dövründə də dominant güc Azərbaycandır. Bu cəhətdən Ermənistanın 10 noyabr üçtərəfli Bəyanatının şərtləri ilə bağlı manipulyasiya cəhdlərinə və bir sıra açıq təxribat meyillərinə baxmayaraq rəsmi Bakının beynəlxalq hüquq normalarından irəli gələn tələbləri ilə razılaşmasından başqa ayrı yolu yoxdur. Bu, yalnız biz azərbaycanlıların qələbə sevincinin ifadəsi deyil, həmçinin, postmüharibə dövrünü müntəzəm təhlil edən müxtəlif sahələr üzrə nüfuzlu beynəlxalq ekspertlərin də etiraf etdiyi reallıqdır. 10 noyabrdan sonrakı zaman tsikli müasir Azərbaycan tarixində yeni, parlaq və həyatın bütün sahələrinə nüfuz edən, özünəməxsus şərtlər və tələblər yaradan gerçəklikdir. Hazırda ölkəmizin və hər bir vətəndaşımızın qarşısında vacib məsələlər dayanır. Bu sırada ilk yerdə Ermənistanın 30 il müddətində tamamı ilə darmadağın etdiyi, taladığı şəhər, qəsəbə və kəndlərimizin, infrastrukturun, sosial obyektlərin bərpası, əhalinin dogma yurdlarına köçürülməsi, onların məşğulluğunun təmin edilməsi üçün modern sənaye və kənd təsərrüfatı şəbəkəsinin qurulması, Vətən müharibəsi iştirakçılarının və əlilliyi yaranan şəxslərin sosial müdafiəsinin təmin olunması kimi gərgin zəhmət tələb edən məsələlər durur.

əlbəttə ki, bu quruculuq işləri üçün zəngin resurslar tələb olunur. iqtisadi resursların daha da artırılması məqsədi ilə isə optimal qərarların qəbulu və onların effektiv icrası, investisiya qoyuluşunun təşviq olunması, sənayedən təhsilə, elmdən xidmət sektorunadək bütün sahələrdə inkişaf sıçrayışına nail olunması üçün uyğun mexanizmlərin müəyyən edilməsi və tətbiqi lazımdır.

Cənab Prezidentin Azərbaycanın qalib ölkə kimi bütün sahələr üzrə davamlı inkişafının təmin olunması üçün nümayiş etdirdiyi strateji baxış dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti üçün də bütün səviyyələrdə ən doğru modelləri müəyyən etmək imkanı verir. Gələn ay ölkəmizdə yaranmasının 22-ci ildönümü tamam olacaq bələdiyyələr də fəaliyyətini təbii ki ölkədəki inkişaf və quruculuq prosesinə adekvat qurmalıdır. icra qurumları ilə müqayisədə geniş miqyaslı fəaliyyət imkanları bələdiyyə üçün xeyli məhdud olsa da qanunvericiliyin verdiyi mövcud imkanlar çərçivəsində yerli özünüidarə qurumlarının maliyyə qaynaqlarının artırılması, vergilərin toplanması işinin səmərəli təşkili, yerli sosial məsələlərin həllində və abadlıq-quruculuq işlərində bələdiyyənin iştirakının artırılması, bələdiyyə büdcəsinin icrası ilə bağlı şəffaflığın maksimum dərəcədə təmin olunması, hesabatlığın artırılması, bələdiyyənin sosial media resurslarının və digər kommunikasiya vasitələrinin səmərəli şəkildə qurulması, bələdiyyə quluqçularının bilik və bacarıqlarının artırılması üçün onların təlim və seminarlara cəlb olunması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə elektron xidmətlərin sayının və keyfiyyətinin yüksəldilməsi hazırda yalnız Xırdalan bələdiyyəsi üçün deyil, ölkəmizin bütün bələdiyyələri üçün prioritet təşkil etməlidir. Bələdiyyə fəaliyyətinin önəmli istiqamətlərindən biri də faydalı və maraqlı beynəlxalq əməkdaşlıq münasibətlərinin və onun tərkib hissəsi olan beynəlxalq layihələrin həyata keçirilməsidir.

Beynəlxalq layihələr ölkə, o cümlədən istənilən bələdiyyə üçün investisiya imkanı, faydalı xarici tərəfdaş, müvafiq yaşayış məntəqəsinin sosial, ictimai və mədəni həyatında dinamikanın və rəngarəngliyin artırılması, yerli özünüidarəetmə qurumunun beynəlxalq əlaqələrinin inkişafı deməkdir. Xırdalan bələdiyyəsi 2021-ci ildə bir sıra istiqamətlər üzrə beynəlxalq əməkdaşlıq münasibətlərinin qurulması məqsədi ilə çalışmalara başlayıb. Onlardan biri də Avropa ittifaqının “EU4Culture” proqramında iştirakdır. Cari ilin yaz aylarından başlayaraq Xırdalan bələdiyyəsi bu məqsədlə sahə mütəxəssislərinin də cəlb olunduğu işçi qrup yaratdı. Müsabiqənin tələblərinə uyğun şəkildə hazırlanan layihə Ai-na təqdim olundu. Qrant müsabiqəsinin ilkin mərhələsini ölkənin 5 şəhəri keçə bildi: Xırdalan, Sumqayıt, Gəncə, Lənkəran və şəki. Bu, kiçik uğur Xırdalan bələdiyyəsi üçün stimula çevrildi və növbəti mərhələyə hazırlaşmaq üçün motivasiya oldu.

Layihənin ikinci mərhələsinə daha ciddi və iddialı hazırlaşmağa başlanıldı. Bütün tələblərin nəzərə alındığı peşəkar layihənin hazırlanmasına, buna paralel şəkildə isə Abşeron rayonunun rəhbərliyi də daxil olmaqla müxtəlif sahələri təmsil edən şəxslərdən ibarət geniş tərkibli (dövlət qurumu, vətəndaş cəmiyyəti, sənaye, təhsil, mədəniyyət və s. sahələr) Paydaş şurası (Steak Holder) yaratmağa nail olduq. Rəqiblərimizin sırasında ölkənin iki böyük şəhəri, həmçinin, digər iki regional mərkəz olan önəmli şəhər vardı. Bu şəhərlərin hər biri mədəniyyət institutlarının sayına görə Xırdalan şəhərindən xeyli üstün idi. Amma biz də “yarışa” kifayət qədər ciddi yanaşırdıq. Xırdalan bələdiyyəsi olaraq əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhərinin mədəni potensialını, qədim yaşayış məntəqlərindən sayılan 32 Bakı kəndinin təqribən yarısının - 15-nin Abşeron rayonunun tərkibində olmasını, son 20 ildə ən böyük urbanzasiyanın və ölkədaxili miqrasiyanın müşahidə edildiyi Xırdalanda əhalinin mədəniyyət təsisatlarına olan ehtiyaclarını və onun qarşılanması ilə bağlı rasional təklifləri və bir sıra digər önəmli məqamları layihədə aydın şəkildə təsvir etdik və intizarla nəticənin açıqlanmasını gözləməyə başladıq. Bir məsələni də bildirim ki, biz Xırdalan bələdiyyəsi olataq ilk gündən qalib gələcəyimizə əmin idik.

Noyabrın 12-də Avropa ittifaqının “EU4Culture” proqramı əsasında qurumun Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə Mədəni inkişaf Strategiyalarının hazırlanması mövzusunda qrant müsabiqəsinin qalibləri olan şəhərlərin təqdimat mərasimi keçirildi. şərq Tərəfdaşlığına aid 5 ölkənin 70 şəhərinin qatıldığı müsabiqənin ölkəmiz üzrə 3 qalib şəhərindən birinin Xırdalan olduğu elan edildi. Xırdalan şəhərinin tarixində, həmçinin, Azərbaycanın 1606 yerli özünüidarə qurumu arasında ilk dəfə olaraq Xırdalan bələdiyyəsi Avropa ittifaqının “EU4Culture” müsabiqəsinin qalibi oldu. Müsabiqə qaliblərinin elan edildiyi toplantıda Xırdalan bələdiyyəsinin sədri olaraq Xırdalan şəhərinin beynəlxalq müsabiqənin qalibi olması ilə bağlı plaketi qürurla qəbul etdim.

“EU4Culture” layihəsinin əsas məqsədi mədəni irs nümunələri sayılan kitabxana, muzey və digər mədəniyyət ocaqlarının fəaliyyətində Avropa modellərinin tətbiq edilməsi, şəhərlərin mədəniyyət potensialının realizəsinə yardım olunması, həmçinin, regionda mədəni əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməkdir. Xırdalan bələdiyyəsi bu layihə çərçivəsində qarşıdakı 6 ay ərzində Xırdalan şəhərinin Mədəni inkişaf Strategiyasını hazırlayacaq. Məlumat üçün bildirim ki, sözügedən müsabiqənin ikinci mərhələsinin digər qalibləri olan şəki və Lənkərandan fərqli olaraq Xırdalan ölkənin ən gənc (29 noyabr 2006-cı il) şəhərlərindəndir. Bunu da qeyd edim ki, şəki və Lənkəranda bu layihənin müəllifi bələdiyyə yox, mərkəzi icra qurumunun yerli təşkilatlarıdır. Bir önəmli amili də vurğulayım ki, Xırdalan adıçəkilən digər iki şəhərdən fərqli olaraq respublika tabeliyində olan şəhər deyil. Bütün bunlara rəğmən rəqabətə davamlı, çətin seçim meyarlarına cavab verəcək səviyyədə layihənin hazırlanması üçün müvafiq işin effektiv təşkili və müsabiqənin iki mərhələsinin müvəfəqiyyətlə başa vurulması yalnız Xırdalan bələdiyyəsinin deyil, bütövlükdə Azərbaycan yerli özünüidarə qurumlarının tarixində böyük uğurdur. “EU4Culture” layihəsi mədəniyyət təsisatlarının sayına görə öyünə bilməyəcək, bu sahədə məhdud resurslara malik, ancaq buna baxmayaraq ciddi yaradıcı və kultraloji potensialı olan Xırdalanın mədəni simasına yeni çalarlar gətirməyi hədəfləyir. Bunun üçün isə ilk növbədə şəhərin mədəni inkişaf strategiyası hazırlanmalıdır. Xırdalan bələdiyyəsi olaraq bu prosesin başlanğıcından etibarən ortaya konseptual yanaşma qoymuşuq. Biz bu layihəni hazırlayarkən yalnız Xırdalanı deyil, mərkəzində 240 minlik Xırdalan şəhərinin dayandığı Abşeronun 14 qədim kənd və qəsəbəsinin birləşdiyi Abşeron rayonunun mədəni inkişafına töhfə verməyi nəzərdə tutmuşuq.

Beynəlxalq layihə hazırlamaq, xüsusi ilə ciddi rəqabətin mövcud olduğu beynəlxalq müsabiqədə iştirak etmək ilk növbədə intellektual hazırlıqlı peşəkar komandanın toplanmasını və onun fəaliyyətinin effektiv təşkilini tələb edir. Bu məsələdə şəhər parlamenti olaraq bələdiyyənin daxili resurslarını, o cümlədən də insan kapitalını tamlıqla səfərbər etməsi, eyni zamanda kənar sahə mütəxəssislərini, ekspertləri də prosesə cəlb etməsi həlledici rol oynayır.

ikinci məsələ isə layihənin mövzusuna uyğun olaraq mövcud resursların, həmçinin, problemlərin ciddi öyrənilməsi və hərtərəfli təhlilinin vacibliyidir.

Üçüncü önəmli komponent isə problemin həlli ilə bağlı öz modelinizi irəli sürməyinizdir.Bizim qrant müsabiqəsinin hər iki mərhələsində uğur qazanmağımızın səbəbi hər üç komponent üzrə peşəkar yanaşma ortaya qoymağımız oldu. Mən Xırdalan bələdiyyəsinin timsalında Azərbaycan bələdiyyəsinin beynəlxalq layihəsinin qrant müsabiqəsində qalib gəlməsi münasibəti ilə ölkəmizin yerli özünüidarə institutlarında və bununla əlaqədar digər sahələrdə çalışan bütün şəxsləri təbrik edirəm. Layihənin müsabiqədə qalib gəlməsinə yardım edən bütün tərəflərə, o cümlədən də dəyərli ekspertlərə bir daha təşəkkürümü bildirirəm. Xırdalan bələdiyyəsi layihənin icra prosesi ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmağı planlaşdırır. Artıq layihə ilə bağlı ilkin media açıqlamamızı (https://yenicag.az/xirdalan-belediyyesinden-ilk-ai-nin-eu4culture-musabiqesinin-qalibi-oldu/, https://moderator.az/cemiyyet/401428/xirdalan-belediyyesi-azerbaycan-belediyyeleri-icerisinde-ilk-olaraq-avropa-ittifaqinin-eu4culture-musabiqesinin-qalibi-olub-foto/, https://rupor.az/xeberler/31697-xrdalan-bldiyysi-avropa-ttifaqnn-msabiqsind-qalib-gldi.html?lang= ) yayımlamışıq, arzu edənlər onunla tanış ola bilər.

Xırdalan əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhəridir. Hazırda Xırdalanda 240 mindən çox sakin yaşayır. Bildiyimiz kimi şəhərlər 3 əsas başlıca prinsip üzərində bərqərar olur:

infrastruktur;

Məşğulluq;

Mədəniyyət.

Hər 3 istiqamətdə görülmüş çoxsaylı işlərlə yanaşı etiraf edək ki, hazırda Xırdalan şəhərində yuxarıda sadalanan səbəblərdən xeyli problemlər də mövcuddur. “EU4Culture” layihəsi şəhər əhalisinin mədəni-estetik dünyagörüşdən irəli gələn yanaşmalarının, kultroloji baxışlarının yerli mədəniyyət konsepsiyasına əksini tapması üçün Xırdalan şəhərinin Mədəni inkişaf Strategiyasının hazırlanmasına imkan verəcək. inanıram ki, Azərbaycan bələdiyyələrinin hər bir yeni layihəsi, innovativ təşəbbüsü, kreativ ideyası ölkəmizin yerli özünüidarəetmə qurumlarının fəaliyyətində yeni mərhələnin başlanmasına doğru önəmli addım olacaq. Belə olduğu halda ölkəmizin bələdiyyələri də fəaliyyətini Cənab Prezidentin sosial-iqtisadi siyasətinin, islahat kursunun dinamikasına, ümumi inkişaf tempinə adekvat şəkildə qura biləcək.

 Orxan Musayev

Xırdalan bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR