Xızı bələdiyyəsindən daxil olan məlumata görə, hazırda rayonda formalaşan 12 bələdiyyənin beşinin birləşdiriləmsiylə bağlı əhali arasında könüllü imzatoplama kampaniyası keçirilir.
ilkin məlumata görə, Baxışlı bələdiyyəsinin Altıağac bələdiyyəsinə, Qarabulaq bələdiyyəsinin Giləziyə, Findığan, Tıxlı və Xələc bələdiyyələrinin isə Xızı bələdiyyəsinə birləşdirilməsi gözlənilir.
Növbəti seçkilərədək prosesin başa çatacağı və 2019-cu il seçkilərində artıq birləşdirilmiş bələdiyyələrə seçkilərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, adları çəkilən bələdiyyələrdən yalnız Findığan bələdiyyəsinin fəaliyyəti nəzərə çarpır.
Bələdiyyələrin birləşdirilməsi nə verə bilər?
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Azər Badamovun Belediyye.infoya verdiyi açıqlamaya görə, bələdiyyə institutu gənc olduğundan hələ uzun müddət bu sahədə təkmilləşdirilmə aparılması təbii qarşılanmalıdır. Bu həm qanunvericilik bazasında, həm də bələdiyyələrin birləşdirilməsində özünü göstərir. Bu günədək bələdiyyələrin birləşdirilməsi bir neşə dəfə həyata keçirilib. Amma yenə də ölkəmizdə bələdiyyələrin sayı çoxdur. Bələdiyyələrin birləşdirilməsi ilk növbədə onların saxlanma xərclərini azaldacaq. Bu da öz növbəsində bələdiyyə tərəfindən əlavə layihələrin icrasına imkan verəcək.
Gəlir əldə edən bələdiyyələr sonda öz ərazilərində sosial problemlərin həll edə biləcək, həmçinin cəmiyyətdə nüfuzları artacaq.
Belediyye.info