1. Mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa həmin məqsədlə ikinci dəfə torpaq sahəsi satıla bilərmi?
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 25-1-ci bəndinə əsasən mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üşün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər.
2. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları hansı hədlər daxilində müəyyən edilir?
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir:
fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə-0,04 hektaradək, 5-8-ci zonalar üzrə-0,05 hektaradək, 9-12-ci zonalar üzrə-0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, şirvan, Mingəçevir, Naftalan, Xankəndi, şəki və Yevlax şəhərlərində-0,07 hektaradək, digər rayon mərkəzlərində-0,08 hektaradək, qəsəbə və kəndlərdə-0,12 hektaradək, fərdi bağ evlərinin tikintisi üçün-0,12 hektaradək.
Sualları cavabladı:
Çingiz Cavadov
Lənkəran regional ədliyyə idarəsinin baş məsləhətçisi kiçik ədliyyə müşaviri