Azərbaycan Respublikası Nazirlər Kabineti "Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
AZəRTAC xəbər verir ki, qərarda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisində yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması qaydası müəyyən edilib.
Qərara əsasən yaşıllıq salınması məqsədi ilə bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına və əhaliyə əvəzsiz olaraq verilməsi nəzərdə tutulan vasitələrə bütün flora növləri üzrə standart ölçüyədək yetişdirilən və ya alınan, yaxud qanunvericiliklə qadağan olunmayan digər yollarla əldə olunan əkinəyararlı materiallar (tinglər, toxmacarlar) və qəbul edilən Qaydada müəyyən olunan avadanlıqlar, inventar və digər vasitələr aiddir. Avadanlıq dedikdə, yaşıllıqların salınması prosesində istifadə olunan iş alətləri, o cümlədən yaşıllıq ərazilərinə (habelə yaşıllıq salınacaq ərazilərə) mexaniki, kimyəvi vasitələrlə təsir göstərmək üçün inventar, həmçinin fəaliyyətin asanlaşdırılması üçün ümumi və texniki təyinatlı alətlər, yaşıllıq salınması prosesində lazım ola biləcək və belə işlərin təşkili praktikasında mövcud olan mexanikləşdirilməmiş digər əl əməyi alətləri nəzərdə tutulur.
Qərara əsasən yaşıllıq salınması məqsədi ilə bələdiyyələrə, qeyri-hökumət təşkilatlarına və əhaliyə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin verilməsi ilə bağlı tələb olunan xərclər dövlət büdcəsindən maliyyələşən qurumlar üzrə ödənişli əsaslarla göstərdikləri xidmətlərdən əldə olunan büdcədənkənar xüsusi vəsaitlər, digər qurumlar üzrə isə qanunvericiliklə qadağan olunmayan fəaliyyətlərindən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
Qərarda qeyd olunur ki, yaşıllıq salınması məqsədi ilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması üçün istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edirlər.
Qərara əsasən yaşıllıq salınması məqsədi ilə ərizəçiyə əkin materialları, avadanlıq, inventar və digər vasitələrin əvəzsiz verilməsi qaimə-faktura əsasında həyata keçirilir.
ərizəçi əvəzsiz verilən əkin materiallarından istifadə etmək üçün ərazidə torpağın münbitliyinin qorunmasını təmin etməli və onun deqradasiyasına, ərazilərin zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməməli, ərazidə yanğın təhlükəsizliyi qaydalarına, yaşıllıqların mühafizəsi sahəsində normativ-hüquqi aktların və qanun pozuntularının qarşısının alınması tələblərinə əməl etməlidir.