Bu günlərdə Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının hesabat yığıncaqlarında Prezident Adminstrasiyasının Regional idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələr tərəfindən çoxsaylı layihələrin icra edildiyini, lakin bu barədə ictimaiyyətin xəbərsiz olduğunu yerli orqanlara irad kimi bildirib və bu barədə düşünməyə ehtiyac olduğunu qeyd edib.
Sektor müdirinin sözlərinə görə, bələdiyyələrin fəaliyyətlərini, gördüyü işləri, həyata keçirdikləri layihələri təbliğ etməmələri başa düşülən deyildir.
Məsələyə münasibət bildirən Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva bildirib ki, həqiqətən yerli orqanlarda belə bir problem vardır. Ancaq bu problemin kökündən həll etmək üçün yaxşı olardı ki, bələdiyyələrdə ideoloji işin təşkili sistemli şəkildə həyata keçirilsin:
“Bunun üçün yaxşı olardı ki, hər bir bələdiyyədə mədəniyyət və ictimaiyyətlə əlaqələr üzrə daimi komissiya formalaşsın. Komissiyanın qəbul etdiyi qərarları və strateji planı icra aparatının nəzdində yaradılacaq mədəniyyət və ictimaiyyətlə əlaqələr şöbəsi həyata keçirsin.
Düşünürəm ki, mövcud problemin həlli üçün ən gözəl addım məhz bu strukturun yaradılması məsələsi ola bilər. Komissiyanın əsas məqsədi yerli özünüidarəetmə orqanı olan bələdiyyələrdə xalqımızın həyatına daxil olmaqla ona verilmiş səlahiyyətlər daxilində qarşıya qoyulmuş vəzifələri həyata keçirməkdir.
Getdikcə inkişaf edən dünyamızda yeniliklərə tələbat artır. Bələdiyyələr təmsil olunduqları rayonun sosial, quruculuq, abadlıq və ekoloji mühitin qorunması istiqamətində rayon icra hakimiyyətləriylə birgə bir sıra tədbirlər həyata keçirməkdədirlər.
Bələdiyyə üzvləri və qulluqçuları teatr tamaşalarında həvəslə iştirak edir, mədəniyyət elm və incəsənət aləmiylə təmasda olur, o cümlədən çoxsaylı layihələrin icrasında yaxından iştirak edirlər.
Mədəni tədbirlərdə daha da aktiv iştirak etmək, ictimaiyyətlə daha sıx əlaqədə olmaq, mədəni tədbirlərin təşkilində və fəaliyyətlərini təbliğindəki mövcud boşluğu bələdiyyələrin tərkibində yeni yaradılacaq daimi komissiya layiqincə doldura bilər.”
Belediyye.info