Büdcə-Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları vasitəsi ilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetrimək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
Yerli büdcə-bələdiyyə maliyyəsinin iqtisadi əsaslarından biri olmaqla bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir.
Ölkəmizdə yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsinə daxil deyil. Lakin yerli büdcənin tənzimlənməsi prosesində bələdiyyələrin dövlət büdcəsindən vəsait almaq hüququ vardır. Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Büdcə ili yanvarın 1-də başlanır və dekabrın 31-də qurtarır.
Yerli büdcə müstəqildir. Bu müstəqillik öz mədaxil mənbələrinin və bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququnun olması ilə təmin edilir. Bələdiyyələrin müraciəti və qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə yol verilmir. Bələdiyyələr maliyyə ilinin sonuna büdcədə əmələ gəlmiş sərbəst maliyyə qalıqlarına müstəqil sərəncam verirlər.
Yerli büdcənin formalaşması prosesləri və bu sahədə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Bələdiyyələr qanunlarla müəyyən olunmuş vəzifə və səlahiyyətlərin icrası üçün kifayət qədər maliyyə mənbəyinə malik olmalıdırlar. Qüvvədə olan qanunvericilik - Vergi Məcəlləsi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlar - Azərbaycanda yerli özünüidarə orqanları üçün xeyli sayda gəlir mənbələri - yerli vergi və ödənişlər müəyyənləşdirib.
Yerli büdcələrin gəlirlərinə aşağıdakılar aid edilir:
Azərbaycanda bələdiyyələrin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan mühüm gəlir mənbələrindən biri dövlət büdcəsindən ayırmalardır. «Büdcə sistemi haqqında» Qanuna əsasən, dövlət büdcəsindən yerli büdcələrə büdcə kəsirini örtmək üçün transfertlər – dotasiyalar, həmçinin məqsədli maliyyələşdirmə - subsidiya və subvensiya verilə bilər.
Dotasiya - dövlət büdcəsindən yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir. Bələdiyyələr xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsini, yəni yerli büdcənin kəsirini dövlət büdcəsindən alınan dotasiya ilə örtə bilər.
Subvensiya - məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitiir.
Subsidiya - dövlət büdcəsindən yerli büdcələrə əvəzsiz verilən maliyyə vəsaitidir. «Büdcə sistemi haqqında» Qanunun 32.2.2-ci maddəsində göstərilir ki, yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirmək mümkün olmadıqda dövlət büdcəsindən dotasiya və subvensiya ayrılır.
Bələdiyyə büdcəsinin bilavasitə yerli gəlirlər hesabına formalaşması, onların maliyyə müstəqilliyinin artması və dövlət büdcəsindən asılılığını azaltması baxımından çox vacibdir. Bunun üçün qanuvericiliklə bələdiyyələrə həvalə olunmuş vergi və qeyri vergi mənbələri üzrə potensial gəlirlərin maksimum dərəcədə bələdiyyə büdcəsinə cəlb edilməsi zəruridir. Bu isə öz növbəsində səmərəli vergi-büdcə siyasətinin işlənib hazırlanmasını tələb edir. Hər bir bələdiyyə qeyd olunan və əlavə daxili gəlir mənbələrindən ən yaxşı səviyyədə istifadə yollarını araşdırmalıdır.
Yerli büdcələrin xərcləri
Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təsdiq etdiyi büdcə təsnifatına uyğun olaraq bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.
Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.
Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.
Bələdiyyələr tərəfindən Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkdaşların əməkhaqlarına nəzərdə tutulmuş ayırmalar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi büdcənin əlli faizindən çox olmamalıdır. Eyni zamanda bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Yerli büdcələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər. Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək olmamalıdır. Dotasiyanın həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr nəzərə alınmalıdır.
Yerli budcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi
Bələdiyyənin büdcə vəsaitləri bilavasitə həmin bələdiyyənin ərazisində yaşayan və işləyən əhalinin ödədiyi vergilər hesabına, eləcə də müəssisə və təşkilatların vergilərindən və digər ödəmələrdən ibarət olmaqla bərəbər, həmin vəsaitlər yerli əhali üçün əhəmiyyətli olan yerli ictimai işlərin yerinə yetirilməsinə sərf olunmalıdır. Yerli büdcənin tərtibi məhdud olan resursların ən səmərəli istifadəsi üçün mühüm əhəmiyyət daşıyır. Düzgün tərtib olunan büdcə ərazi üzrə proritetlərin düzgün müəyyənləşdirilməsini və büdcə vəsaitlərinin əhalinin ən vacib problemlərinə istiqamətlənməsini təmin edir.
Büdcə layihəsinin tərtibi, büdcənin müzakirəsi və təsdiqi, büdcənin icrası və onun icrası haqqında hesabatın hazırlanaraq təsdiq edilməsi büdcə prosesinin mərhələlərini təşkil edir. Bu mərhələlərin hər biri özlüyündə müxtəlif fəaliyyətləri ehtiva edir.
Büdcə prosesi büdcə layihəsinin tərtibinə başlanılmasından onun icrası haqqında hesabatın təsdiq olunmasına qədər keçən dövrü əhatə edir. Bu müddət əsasən bir il təşkil edir. Bu müddət uzun dövrü əhatə etdiyi üçün onun mərhələləri reqlamentləşdirilir və ilin sonuna qədər yekunlaşdırılır. Büdcə prosesinin mərhələləri üzrə zaman bölgüsünün aparılması büdcə təqvimi adlandırılır.
Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır. Dövlət büdcəsindən dotasiya almaq nəzərdə tutulduqda yerli büdcənin layihəsi qanunla müəyyən edilən sənədlər və məlumatla birgə may ayının 1-dək Maliyyə Nazirliyinə təqdim olunur. Həmin sənədlər aşağıdakılardan ibarətdir:
Büdcə layihəsinin tərtibi maliyyə ili üzrə bələdiyyə büdcəsinin gəlir və xərclərinin proqnozunu əhatə etməlidir. Potensial büdcənin gəlir mənbələrinin hər biri üzrə (vergi növləri üzrə, qeyri-vergi növləri - ödənişlər üzrə, bələdiyyə fəaliyyətindən gəlirlər, torpaq və əmlak satışı və icarəsi üzrə gəlirlər, ianələr, dövlət yardımları və s.) ayrı- ayrılıqda faktiki daxil olmalar əsasında ehtimal olunan gəlir göstəriciləri , əvvəlki illərə görə artım və ya azalmanın təhlili aparılmalı və səbəbləri araşdırılmalı, büdcə daxilolmalarında ayrı- ayrı mənbələrin xüsusi çəkisi öyrənilməlidir. Yəni bələdiyyənin keçən və cari ildəki fəaliyyəti, gəlir və xərclər üzrə iqtisadi göstəriciləri hərtərəfli təhlil edilmədən növbəti il üçün Yerli büdcə layihəsinin düzgün formada proqnozlaşdırılması mümkün deyildir. Ona görə də bələdiyyələrdə büdcə gəlirləri və xərcləri üzrə uçotun düzgün qurulması, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması, ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı lazım olan statistik məlumatların operativ əldə edilməsi, təhlillərin və ümumiləşdirmələrin aparması vacib məsələlərdən sayılır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) Poqramı hazırlanmış və artıq iki ildən çoxdur ki, bələdiyyələrdə tətbiq edilməyə başlanmışdır. Proqramın tətbiqi bələdiyyələrin vergi və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirmiş, yerli vergi ödəyicilərinin elektron məlumat bazası əsasında dəqiq uçotunun aparılması mümkün olmuş və nəticədə yerli büdcə gəlirlərinin kifayət qədər artımına nail olunmuşdur.
Ölkınin bütün bələdiyyələrinə BAMS proqramının imkanlarından maksimum yararlanmaq, bələdiyyənin fəaliyyəti ilə bağlı iqtisadi və digər göstəriciləri özündə əks etdirən məlumatları vaxtında və düzgün formada proqramın bazasına daxil etmək və yaradılmış elektron məlumat bazası əsasında Yerli büdcə gəlirləri və xərcləri üzrə düzgün proqnozlaşdırmanın həyata keçirilməsi tövsiyə olunur.
Beləliklə, yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.
Büdcənin müzakirəsi maliyyə ili üzrə bələdiyyə büdcəsinin proqnoz gəlir və xərclərini müzakirəsini əhatə edir.
Büdcə müzakirələrində şəffaflığı və iştirakçılığı təmin etmək vacib məsələdir. Bu baxımdan müzakirələrdə vətəndaşların, ərazidə mövcud olan ictima birliklərin, media qurumlarının iştirakına imkan yaradılmalı və büdcə müzakirələrinin keçiriləcəyi gün və yer haqqında əvvəlcədən məmulat verilməlidir. Müzakirələr zamanı qeyd olunan tərəfdaşların məqsədəuyğun fikir və təkliflərinin mümkün qədər nəzərə alınması təmin olunmalıdır.
Qanunvericiliyə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyənin qərarı ilə cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
Növbəti maliyyə ili üçün dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcənin layihəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq bələdiyyənin qərarı şəklində təsdiq edilir.
Təsdiq edilmiş yerli büdcə bələdiyyənin qərarı ilə dəqiqləşdirilə bilər.
Yerli büdcənin icrası
Yerli büdcənin icrası bələdiyyə ərazisində büdcə vəsaitlərinin yığılması, saxlanılması və təyinatı üzrə ayrılması, eləcə də uçot və hesabatının aparılmasıdır. Yerli və ya qanunvericiliklə müəyyən edilmiş digər üsullarla həyata keçirilə bilər.
Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır. Bələdiyyələr maliyyə əməliyyatları apararkən bütün maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar.
Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.
Mövcud qanunvericiliyə əsasən bələdiyyələr Statistika Komitəsinə yerli büdcənin gəlir və xərclərinin icrasına dair rüblük və illik hesabatlar göndərməlidirlər. Həmin hesabatlar Statistika Komitəsinin tərtib etdiyi 1-BB-li formaya əsasən doldurulur.
Yerli büdcənin tarazlaşdırılması
əgər bələdiyyə büdcəsinin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri üzrə məxaricin mütənasib surətdə azaldılmasından ibarətdir.
Yerli büdcəyə nəzarət
Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.
Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər.
Pərviz Muradov
Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini-Bələdiyyələrin iqtisadi inkifafı və əlaqələndirmə Departamentinin direktoru