"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli büdcənin icrası və ona nəzarət

--2017-04-05 / 07:33

 “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.

Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə, müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir.

Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir.

Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir.

Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.

Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.

Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.

Bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.

Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.

Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.

Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz.

Dotasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alına bilər.

əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyətləri tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca sətirdə göstərilir.

Xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.

 Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.

Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər.

 Ramin Musayev

Göyçay regional ədliyyə idarəsinin

məsləhətçisi,  II dərəcəli ədliyyə qulluqçusu                                           

ŞƏRHLƏR