"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli özünüidarəetmə sahəsində qanunvericiliyin təkminləşdirilməsi və bələdiyyə institunun inkişaf perspektivləri

--2016-07-20 / 11:49

       Digər sahələrdə olduğu kimi demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inkişaf edən müstəqil Azərbaycan Respublikasının əldə etdiyi ən mühüm demokratik dəyərlərdən biri də yerli özünüidarəetmə institutunun-bələdiyyələrin yaradılmasıdır.

            Ölkəmizdə bələdiyyələrin yaranması və hüquqi bazasının formalaşdırılması məhz Ümummilli Lider Heydər əliyevin adı ilə bağlıdır. Heydər əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilmiş, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilmişdir. Dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa şurasının təklifləri nəzərə alınmaqla ölkəmizdə bələdiyyə institutu yaradıldı.

            Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşdırılması beynəlxalq tələblərə uyğun həyata keçirilir. Bu baxımdan ən mühüm hadisələrdən biri yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının 2001-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmasıdır. Azərbaycanda yerli özünüidarəetmə sistemi konstitusiya və qanunvericilik əsasında “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nın prinsiplərinə uyğun şəkildə qurulur. Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin işinin təşkilinə, səlahiyyətlərinə, qərarlarının icrasına və müstəqilliyinin təminatına dair maddələr əks olunmuşdur. Konstitusiyanın 142-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, Azərbaycanda yerli özünüidarəni seçki əsasında yaradılan bələdiyyələr həyata keçirir. Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu qanunla müəyyən olunur. Konstitusiyanın 143-cü maddəsində isə bələdiyyələrin öz işini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirdiyi göstərilir. 144-cü maddədə isə bələdiyyələrin səlahiyyətləri əks olunmuşdur:
1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyə reqlamentinin təsdiqlənməsi;

3) bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi;

            Respublikamızda yerli özünüidarəetmə sisteminin formalaşdırılması üçün kifayət qədər hüquqi baza yaradılmışdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, Seçki Məcəlləsi yerli özünüidarəetmənin təşkilati əsaslarını tam şəkildə təcəssüm etdirir.

            “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur. Ölkəmizdə bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər.

            Konstitusiyanın qəbulundan bələdiyyələrə seçkilər keçirilənədək və ondan sonra da bələdiyyələrin formalaşması, fəaliyyəti və inkişafının müxtəlif aspektlərini əhatə edən çoxlu sayda qanunvericilik aktları qəbul edilmişdir. Buraya «Yerli rəy sorğusu haqqında», «Bələdiyyə qulluğu haqqında», «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında», “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» və s. qanunları aid etmək olar.

            “Bələdiyyə qulluğu haqqında” Qanunun 5-1 maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

            Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir.

            Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.

            Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.

             Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur.

            Qanuna görə, bələdiyyələr aşağıdakı hallarda öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər: 

1) Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə əsasən qanunvericilik hakimiyyəti tərəfindən bələdiyyəyə verilmiş əlavə səlahiyyətlərin həyata keçirilməsi barədə;

2) bu Qanunla müəyyən edilmiş hallarda yerli büdcələrə Azərbaycan Respublikasının Dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsi barədə.

            Bələdiyyələr ilin yekununa görə aprel ayının 1-dək hesabat təqdim edirlər.

            Yuxarıda nəzərdə tutulan hesabatdan başqa, bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.

            Qanunvericilik aktlarının qəbulu prosesi bu gün də davam edir.

            Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyələrin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.

            Yerli özünüidarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin olunması üçün yerli özünüidarəetmənin formalaşdırma mexanizmlərinin, o cümlədən nəzarət sisteminin, xüsusilə ictimai nəzarətin və inzibati nəzarətin əhəmiyyətini qeyd etmək lazımdır.
            Bildiyimiz kimi 13 may 2003-cü il tarixdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun qəbul edilmişdir. Həmin qanunun I maddəsində göstərildiyi kimi, “inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən fəaliyyətdir”.

            inzibati nəzarətin tətbiqi zamanı bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntuları aradan qaldırılır, onların yaranma səbəblərinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirici təbirlər həyata keçirilir.

            Bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, onların fəaliyyətinə inzibati nəzarətin daha səmərəli həyata keçirilməsi və bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi və yeni islahatlar aparılması bələdiyyə institunun inkişafına və qanunların aliliyinin təmin olunmasına xidmət edir.

                                                             Aqil Salmanov                                                            Lənkəran regional ədliyyə şöbəsinin məsləhətçisi

 

 

ŞƏRHLƏR