"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli özünüidarəetmənin həyata keçirilməsində dayanıqlı maliyyə mənbələrinin əhəmiyyəti barədə

--2017-05-02 / 02:20

Hesabat dövrü olan 2016-cı il xalqımızın həyatında əlamətdar hadisələrlə  yadda qaldı. Dünya birliyində özünün layiqli yeri olan, uzun illərdir Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz Dövlət Müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdi.

Yadda qalan və xüsusi siyasi çəkiyə malik digər bir hadisə isə Konstitusiya islahatının həyata keçirilməsi idi. Referendum zamanı nəzərdə tutulan əlavə və dəyişikliklərdə bələdiyyələrə aid maddənin qeyd olunması yerli özünüidarəetmə orqanlarının hüquqi məsuliyyətinin artırılması baxımından son dərəcə böyük əhəmiyyətə malikdir “Bələdiyyə” Referendum təşviqat qrupunun yaradılması və bir çox həmkarlarımımn bu qrupda fəaliyyəti yerli özünüidarə orqanlarının cəmiyyətimizdə nüfuzunun artırılmasında əhəmiyyətli rolu oldu.

Həqiqətən ölkəmizdə aparılan quruculuq və inkişaf prosesləri həyatımızın bütün sahələrinə əhəmiyyətli şəkildə təsir etməkdədir. Azərbaycanın hər yerində olduğu kimi Binəqədi rayonunda da bu inkişaf özünü bariz şəkildə göstərməkdədir.

“Biz hər bir işimizlə xalqımızın xidmətindəyik” deyən möhtərəm Prezidentimiz ilham əliyevin bu fikrini rəhbər tutaraq Bələdiyyəmiz də bu inkişafa layiq olmağa çalışmışdır. Ümumi işimiz sakin rifahına, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlmişdir.

Ümumiyyətlə il ərzində bələdiyyə aparatı tərəfindən 1450 nəfərdən artıq vətəndaş qəbul edilmişdir. Sakinlərlə yerlərdə səyyar görüşlərin keçirilməsi də daim diqqət mərkəzində saxlanmışdır. Mütamadi olaraq rayonun ağsaqqaları, gəncləri, məhəllə komitələri ilə çoxsaylı görüşlər keçirilmişdir.

Sakinlərin bələdiyyənin fəaliyyətini mütəmadi izləyə bilməsi üçün, eləcə də müraciətlərini bələdiyyəyə gəlmədən belə bizə ünvanlaya bilməsi üçün sosial şəbəkələrdə, o cümlədən Facebook sosial şəbəkəsində bələdiyyəmizin səhifəsi və yaradılmış qaynar xəttimiz  daha da aktivləşdirilmişdir.

“Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində keçiriləcək həftə haqqında əhali əvvəlcədən məlumatlandırılmış, elan və plakatlar vurulmuş, “Açıq qapı” günü təşkil edilmiş, ərazinin müxtəlif yerlərində “Poçt qutuları” quraşdırılmışdır. Bütün bu kimi tədbirlər bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə münasibətlərinin inkişafına və şəffaflığın artırılmasına xidmət etmişdir.

Bələdiyyə ilə əhali arasında münasibətlərin demokratik həyata keçirə bilmək üçün Məhəllə Komitələrinin də rolu mühümdür. Ümumiyyətlə, biz çalışmışıq ki, Məhəllə Komitələrinin sədrləri, üzvləri  əhali arasında yüksək nüfuza malik, fəal sakinlərimiz olsun və onların vasitəsi ilə əhali ilə sıx əlaqə yaradılsın.  Hal-hazırda 70-dən çox məhəllə komitəsi fəaliyyət göstərir. Misal üçün son dövrdə A.Məmmədov 56-57 saylı binaların Məhəllə Komitələrinin təşəbbüsü və sakinlərimizin istəyi ilə həmin ünvanda söhbətgah quraşdırılmış, ətraf ərazi abadlaşdırılmışdır. Və biz bu istiqamətdə fəaliyyətimizi daha da aktivləşdirəcəyik.

2016-cı il üçün bələdiyyə büdcəsinin gəlir və xərc hissəsi 745,9 min manat həcmində təsdiq edilmişdir. Hesabat dövründə bələdiyyə büdcəsinə 512.000 manat gəlir daxil olmuşdur. Manitorda gəlirlər barədə məlumat təqdim olunur.

2016-cı ildə büdcəyə mədaxil 2015-ci ilə nisbətən 65.000 min manat, başqa sözlə 14% artıq olmuşdur. əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də əhalinin sosial sifarişlərinin yerinə yetirilməsinə üstünlük verdiyimizdən büdcə təsnifatında yerli öznüidaəetrmə orqanlarının saxlanması xərcləri  28.8 faizi keçməmişdir.

Bələdiyyənin yerli vergi və ödənişlərinin  yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlandırılma işləri də aparılmışdır. Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq və qanunla nəzərdə tutulan inzibati tədbirlər görülmüşdür. Inzibati icraat haqqında qanuna əsasən 282 nəfərə 31.279 man., 19 təsərrüfat subyektinə qarşı 164.900 manat yaranmış vergi borcunun ödənilməsinə dair iddialar  qaldırılmışdır.  

Çətinliklərə baxmayaraq biz daim yerli vergi və ödənişlər sahəsində yeni vergi mənbəələri  axtarışındayıq. Hesabat məruzəsində qeyd olunduğu kimi  məqsədimiz vergiyə cəlb olunmayan yeni maliyyə resusrlarının müəyyən edib, dayanıqlı gəlir mənbəyi yaratmaqdır. Bu mənada uzun illərin  təcrübəsi göstərir ki, yerli özünüidarəetmənin həyata keçirilməsində dayanıqlı maliyyə mənbələrinin əhəmiyyəti daim prioritet hesab olunan bir məsələdir.

Bələdiyyə büdcəsinə əlavə vəsaitlərin cəlb olunması məqsədi ilə ərazidə xidmət sahəsi kimi 5-dən çox dayanacaq, eyni zamanda 7-ci mkr., A.Kunanbayev 24 ünvanında bələdiyyə yarmarkası yaradılmışdır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlərin xərc istiqamətlərinin təhlili göstərir ki, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə, abadlıq, quruculuq və təmir işlərinə 225000 manat vəsait xərclənmişdir.

Novxanı, Goradil, Fatmai bağları yaşayış sahələrinə və 8.4 km sahil boyu  ərazini əhatə edən çimərlik sahəsinə xüsusi diqqət ayrılır. ilin fəslindən asılı olmayaraq burada insanların gəliş-gedişi, yaşaması sürətlə artır və bu proseslər təbii olaraq həmin ərazidə ekoloji tarazlığın qorunması, təmizlik işlərinə nəzarətin artırılmasını günün əsas tələbinə çevirir. Çoxsaylı təmizlik aksiyaları bu sahədə maarifləndirmə xarakteri daşıyır.

Yaz-yay mövsümünə hazırlıq mərhələsində ekoloji durumun yoxlanılması ilə bağlı bələdiyyə kütləvi istirahət zonalarının kanalizasiya sularının qanunsuz şəkildə dənizə axıdılması ilə bağlı monitorinq keçirilmiş, bir neçə təsərrüfat subyekti aşkar olunmuş qanun pozuntusuna dair aktlar tələb edilmiş və cərimələnmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planında bələdiyyələrə tövsiyə edilən tədbirlərin icrası istiqamətində işlərimizi davam etdirəcəyik.

Bələdiyyəmiz hesabat ili ərzində Giz Alman əməkdaşlıq təşkilatı, Mirzə ələkbər Sabir Fondu və rayonumuzda fəaliyyət göstərən digər bələdiyyələrlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışmış, çoxsaylı tədbirlər, təlimlər, sosial aksiyalar həyata keçirmişdir.

Eləcə də  ötən il Bələdiyyənin beynəlxalq əlaqələrində də məhsuldarlığı ilə yadda qalmışdır. 01 iyun tarixində “HOME-Mənzil Sektorunda islahatlara doğru Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynada Mənzil Mülkiyyətçilərinin potensialının artırılması” layihəsi çərçivəsində “şərqi Avropada Mənzil Təsərrüfatı” təşəbbüskarları Qeyri-Hökümət Təşkilatının təşkilatçılığı ilə şərqi Avropa ölkələrindən olan 30-dan çox şəxsin iştirak etdiyi nümayəndə heyəti Binəqədi rayonunda səfərdə olmuş,  Mənzil idarəçiliyi Resurs informasiya Mərkəzində görülən işlərlə tanış olmuşlar.

Noyabrın ayının 23-də Litva Bələdiyyələr ittifaqının nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Binəqədi rayonunda olmuş və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.

Hamımıza məlumdur ki, bələdiyyə büdcəsinin əsas gəlir mənbəyi yerli vergi və ödənişlərdən daxil olan vəsaitlərdir. Daha bir vacib məsələ isə həmin gəlirlərdən səmərəli istifadə edə bilməkdir. Bu vəsait hesabına davamlı gəlir gətirən müəssisələr və xidmət sahələrinin yaradılması da çox vacibdir. Bələdiyyələrin qarşısında duran məsələlərin icrası, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosial yönümlü məsələlərin həlinə yönəldilməsi istiqamətində Milli Assosiasiyanın dəstəyinə həmişə böyük ehtiyac vardır.Assosiasiya sədrinin hesabat məruzəsində haqlı olaraq qeyd olundu ki, “Bir dəfəlik qəbul olunmalıdır ki,  BAMS-nin fəaliyyəti  mövsümi xarakter daşımır. Bu günün tələblərinə  uyğun olaraq biz tezlikə BAMS-ni  gündəlik  yenilənən işlək bir şəbəkəyə  çevirməliyik”. Bununla bağlı  təklif edirəm ki, Bakı şəhəri və regionlar üzrə BAMS-ın tətbiqində nümunəvi işi olan bələdiyyələrin fəaliyyəti ilə bağlı  təcrübə mübadiləsi aparılaraq, onun öyrənilib, bələdiyyələrdə yayılması təmin edilsin.

 

Sitarə Cabbarlı

Binəqədi rayon

Binəqədi Bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR