"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli özünüidarəetmənin tarix və mədəniyyət abidələrinin qorunması istiqamətində fəaliyyəti

--2023-03-13 / 16:31

 

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan daima mədəniyyət sahəsindəki nailiyyətləri ilə dünyada tanınır. Tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda minilliklər, əsrlər ərzində formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Bu abidələr, keçmiş yadigarlar, xalqın milli varlığının maddi sübutları olmaqla yanaşı, gələcəyə uzanan böyük bir yolun ən mühüm bağlantısıdır.

Ona görə də bütün dünyada tarixi abidələrin mühafizəsi, gələcək nəsillərə çatdırılması hər bir ölkənin və beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifələrdəndir. Təsadüfi deyil ki, UNESCO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında aprel ayının 18-i “Beynəlxalq abidələr və tarixi yerlər” kimi qeyd olunur. Bununla əlaqədar dünyanın demək olar ki, bütün ölkələrində tarixi abidələrlə, onların mühafizəsi və turizm məqsədi ilə istifadəsi istiqamətində geniş tədbirlər həyata keçirilir.

Xalqımızın əvəzsiz milli sərvəti olan tarixi-memarlıq abidələri eləcə də milli- mənəvi irs nümunələrinin bu günümüzə qədər gəlib çıxmasında bir çox dövlət xadimləri və ziyalıların, vətənpərvər insanların özünəməxsus əməyi olmuşdur. Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən ümummilli liderimiz Heydər əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu Öndərin müəllifi olduğu 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnun olması, hər kəsin tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşması, ona qayğı göstərməsi, tarix və mədəniyyət abidələrini qoruması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bundan əlavə 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi ilə bağlı müddəalar təsbit olunmuşdur.

Ölkə Prezidenti cənab ilham əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər əliyev Fondunun prezidenti, UNESCO-nun və iSESCO-nun xoşməramlı səfiri Mehriban xanım əliyevanın tarix və mədəniyyət abidlərinin tanınması, qorunması, bərpası sahəsində ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

Cənab Prezidentin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanımızın dünyada tanıdılmasında və xalqımızın mədəni həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim tariximizin və mədəni irsimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edən tarixi abidələrə dövlət tərəfindən dəyər verilmiş, onların qorunub saxlanılması məqsədi ilə müvafiq dövlət qurumları yaradılmışdır. Məhz ölkə rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülmüş, içərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya irsi Siyahısına daxil edilmiş, Qobustandakı muzey Avropanın ən yaxşı muzeyləri sırasında olmuşdur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində Birinci vitse- prezident Mehriban xanım əliyeva tərəfindən böyük işlər davam etdirilir.

Tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi bununla bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi hər zaman dövlət strategiyasının ayrılmaz hissəsini təşkil etməkdədir. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyasında mədəni irsin qorunması və səmərəli idarə edilməsi ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi qeyd olunaraq, bu konsepsiyanı həyata keçirmək və milli mədəni irsin qorunmasını təmin etmək məqsədilə cənab Prezident ilham əliyevin müvafiq Fərmanı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Qeyd olunur ki, Dövlət proqramının həyata keçirilməsi üçün nəzərdə tutulmuş Tədbirlər planında daşınmaz tarix və mədəniyyət abidələrinin texniki vəziyyətinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsinə, tarix və mədəniyyət qoruqlarında elmi tədqiqatların səmərəliliyini artırmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsinə bələdiyyələrin də cəlb edilməsi nəzərdə tutulmuşdur.

Bu müddət ərzində Dövlət Proqramının icrası məqsədilə milli pasportların və xəritələrin hazırlanması, normativ bazanın gücləndirilməsi, abidələrin təbliği istiqamətində bir sıra işlər həyata keçirilmişdir.

Son illər tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, bərpası sahəsində aparılan uğurlu siyasi addımlardan biri kimi Vətən müharibəsində Böyük Qələbə nəticəsində azad edilmiş doğma torpaqlarımızda, o cümlədən şuşa şəhərində əvvəlki tarix mədəniyyət abidələrinin, mədəni-tarixi irsin bərpa edilməsi, yenidən qurulması olmuşdur. şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Dövlət başçısının 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Bu Sərəncam şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etmişdir. Həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı-şuşa şəhəri haqqında” 31 may 2021-ci tarixli Qanununda şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliği ilə bağlı müddəalar öz əksini tapmışdır. şuşa şəhərində aparılan yenidənqurma işləri nəticəsində Molla Pənah Vaqifin büstünün, Bülbülün ev-muzeyinin bərpa işlərindən sonra açılışı həyata keçirilmişdir.

Tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi, bərpası yerliözünüidarəetmə ilə bağlı qanunvericilik sahəsində də öz əksini tapmışdır.

Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar sırasına yerli infrastrukturun digər sahələri ilə yanaşı, mədəniyyət binalarının saxlanılması və istifadə edilməsi, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması da aid edilmişdir. Həmçinin sözügedən Qanunda bələdiyyə mülkiyyətinin tərkibinə mədəniyyət müəssisələrinin də daxil edilməsi ilə bağlı müddəa təsbit olunmuşdur.

Həmçinin Torpaq Məcəlləsinə əsasən tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları tarix-mədəniyyət təyinatlı torpaqlara daxil edilməklə, həmin torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilmişdir. Həmin Məcəllədə bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən) tarix-mədəniyyət abidələrinin, arxeoloji obyektlərin saxlanması öhdəlikləri və məhdudiyyətləri qoyula bilməsinin mümkünlüyünə dair maddə öz əksini tapmışdır.

Eyni zamanda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən digər dövlət hakimiyyəti orqanları ilə yanaşı, yerli özünüidarə orqanları da tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara yardım göstərməlidirlər .

Qeyd olunur ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası yerli büdcələrdən ayrılan vəsaitlər hesabına maliyyələşdirilir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda bələdiyyə mülkiyyətində olan dünya əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrin in icarəyə verilməsinin qadağan edilməsi, yerli əhəmiyyətli daşınmaz memarlıq abidələrinin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilməsi halları ilə bağlı maddələr də öz əksini tapmışdır.

Qeyd olunur ki, bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) qərarı əsasında yerli büdcələrin vəsaitləri hesabına aparılır.

Nazirlər Kabinetinin 14 iyul 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi” Qaydalarına əsasən mədəni irs nümunələrinin qorunması dedikdə, mədəni irs nümunələrinin silahlı münaqişələr, iğtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla istənilən təhlükələrdən qorunması, habelə mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə mədəni irs nümunələrinin mühafizəsini təmin edən dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur.

Təbii ki, qeyd olunan istiqamətin dövlət əhəmiyyətliyini nəzərə alaraq tarix və mədəniyyət abidələrinin qorunması sahəsində qanunvericiliyin tələblərini pozan şəxslər barəsində dövlət məcburiyyət tədbirləri nəzərdə tutulmuşdur. Belə ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda yol verilmiş pozuntulara görə müvafiq olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət tədbirlərinin həyata keçirilməsi əks olunmuşdur.

Beləliklə, xalqımızın keçmişini özündə ehtiva edən tarix mədəniyyət abidələrinin qorunmasını, mühafizəsini, bərpasını həyata keçirmək hər bir kəsin mənəvi borcu olmalıdır. Çünki mədəni irsin qorunması bir xalqın tarixinin, keçmişinin qorunması deməkdir. Bununla bağlı təkcə dövlət səviyyəsində deyil, o cümlədən yerli səviyyədə də idarəçilikdə kompleks tədbirlər həyata keçirilməli, hər bir bələdiyyə öz inzibati ərazisinə daxil olan mədəniyyət kompleksləri (abidə, qala, milli park, qoruq, xiyaban və s.) haqqında məlumatlı olmalı, mədəni irsin təbliğinə səy göstərməli, mədəniyyət abidələrinin əhaliyə tanıdılmasında yaxından iştirak etməli, həmçinin bununla bağlı yerli səviyyədə turist-diyarşünaslıq ekskursiyaların, maarifləndirici görüşlərin, seminarların, layihələrin həyata keçirilməsinə çalışmalıdır. Tariximiz, yaşadığımız zəngin mədəniyyətimiz ulu əcdadlarımızdan qaynaqlanan müasir inkişafımızı şərtləndirdiyi üçün keçmişimizə hörmət və sayqıyla müasir inkişafa, təkamülə addımlamaya çalışmalıyıq. Abidələrə -xalqın, torpağın canlı yaddaşı sayılan tarixi mədəni incilərə diqqət və qayğı ənənəsini əsas götürərək bərpa-təmir işləri bundan sonra da davam etdirilməlidir. Bütün bunların nəticəsi olaraq tariximizi və milli –mənəvi dəyərlərimizi özündə əks etdirən tarix-memarlıq abidələrinin istifadəsi, təbliği, qorunması və gələcək nəslə çatdırılmasının müvəffəqiyyətlə həyata keçirilməsi ümumxalq işinə çevrilməlidir.

Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edilməsi və onlara metodoloji yardım göstərilməsi məqsədi ilə Bələdiyyələrlə iş mərkəzi tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunmasında bələdiyyələrin rolu barədə” metodik vəsait hazırlanaraq bələdiyyələrə göndərilmiş, bələdiyyə üzvləri və qulluqçularına tarixi abidələrin qorunması, mühafizəsi, həmin tarixi abidələr yerləşən torpaq sahələrinin satılması, icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl olunması izah olunaraq onlara bu mühüm sahəyə diqqətin artırılması tövsiyə olunmuşdur.

 

Laləzar Arif qızı əlizadə,

ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi

II dərəcəli ədliyyə qulluqçusu

ŞƏRHLƏR