Apardığımız müşahidə və tədqiqatların nəticəsi olaraq belə qənaətə gəlmək olar ki, yeni seçilmiş üzvlər daha çox digər sahələrdə işləmiş və bələdiyyə sahəsində təcrübəsi az olan insanlardır. Son 15 illik fəaliyyətləri dövründə bələdiyyələrin ən böyük problemlərindən biri, bəlkə də birincisi maliyyə çatışmazlığı problemidir. De fakto bələdiyyə büdcəsini formalaşdıran əsas mənbələr torpaq vergisi və dövlət tərəfindən verilən dotasiyalardır. Düzdür, bələdiyyələrin mənfəət, əmlak, mədən vergiləri də vardır, ancaq bunlar obyektiv və subyektiv səbələrdən yığılmır. Vergi yığımı prosesini analiz etsək görərik ki, il ərzində torpaq vergisindən yığılan vəsait hətta 100% olsa belə heç bələdiyyənin inzibati xərclərini qarşılamır. Torpaq vergisi bələdiyyə yaranan zaman qoyulan qiymətlərlə yığılır. 15 il əvvəllə indiki sosial-iqtisadi vəziyyəti müqayisə etsək bu vergilərin nə qədər aşağı hesablandığının şahidi olarıq. Bələdiyyənin yalnız vətəndaşın ödədiyi cüzi vergidən asılılığı eyni zamanda bələdiyyə-vətəndaş münasibətlərinin qurulmasında da müəyyən narazılıqlar yaradır. Burada bəzən bələdiyyələrin öz seçicilərini itirmək qorxusu da onların vətəndaşdan vergi tələb etməsini arxa plana keçirir. Dotasiyalar isə ümumilikdə aşağı məbləği ehtiva edir və yerli problemlərin həllində bələdiyyələrin ehtiyaclarını ödəmir. Buna görə də yerli vergi və ödənişlərin tarif dərəcələrinə yenidən baxılmalı, mövcud bazar iqtisadiyyatına uyğun olaraq mövcud dəyərlər nəzərə alınmaqla yeni qiymətləndirmə aparılmalıdır.
Azərbaycanda bələdiyyələrin digər mühüm problemi onların yetərincə administrativ səlahiyyətlərə malik olmamasıdır. Bələdiyyələrin səlahiyyətləri ilə bağlı əsas tipik problem olaraq 3 məsələni qeyd etmək olar. əvvəla, bələdiyyələrə həvalə olunan səlahiyyətlərin əhəmiyyətli hissəsi müstəsna deyil. Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının 4.4-cü maddəsinə görə, yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna olmalıdır. Xartiyanın həmçinin tələbi budur ki, həmin səlahiyyətlər başqa bir hakimiyyət orqanı, mərkəzi və ya regional hakimiyyət tərəfindən yalnız qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə, yaxud məhdudlaşdırıla bilər. Hazırkı şəraitdə Azərbaycanda yerli özünüidarə qurumlarına verilən əksər səlahiyyətlər üzrə bələdiyyələrin və icra hakimiyyətlərinin qərarvermə hüququ ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Beynəlxalq təcrübə göstərir ki, Xartiyanın tələblərinə uyğun qaydada səlahiyyətlərin müstəsnalığı o zaman təmin olunur ki, bələdiyyələrin səlahiyyətlərinin dairəsi, hər bir səlahiyyətin reallaşdırılması üçün hüquqi öhdəliklər, bu öhdəlikləri yerinə yetirmək üçün hüquqlar qanunvericilikdə dəqiq əks etdirilir, oxşar səlahiyyətlərin həyata keçirilməsi eyni vaxtda müxtəlif strukturlara həvalə olunmur. Avropa şurası Yeri və Regional Hakimiyyətlər Konqresinin yanaşması budur ki, yerli özünüidarənin mövcudluğu və fəaliyyətilə bağlı ümumi qaydalara dair qanunlarda yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin dəqiq çərçivələri və bu səlahiyyətləri tənzimləyən prinsipləp nəzərdə tutulmadıqda, daha konkret sahə qanunlarında isə həmin səlahiyyətlərin tətbiqi sferaları təsbit edilmədikdə, hakimiyyət funksiyalarının müstəsnalığını təmin etmək mümkün olmur. Hazırda «Bələdiyyələrin statusu haqqında» Qanunda bələdiyyələrin sosial-iqtisadi sahədə çoxsaylı səlahiyyətləri sadalansa da, ayrı-ayrı sahə qanunlarında həmin səlahiyyətlərin bələdiyyələrə həvalə olunması öz təsdiqini tapmır.
ikincisi, dünyada bələdiyyələr üçün tanınan səlahiyyətlərin demək olar ki, hamısı yerli icra hakimiyyəti orqanlarına həvalə olunub. Xüsusilə də yerli icra hakimiyyətinə dair ölkə Prezidentinin 6 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiqlənən əsasnamə ilə yerli ictimai xidmətlər sahəsində demək olar ki, bütün səlahiyyətlər bu qurumlara verildi, yerli icra hakimiyyətləri yerli məsələlər, o cümlədən yerli ictimai xidmətlər üzrə müstəsna səlahiyyətlər qazandı. Artıq yerli icra hakimiyyətləri ictimai xidmətlər göstərmək səlahiyyəti ilə yanaşı, bir çox hallarda bu xidmətləri göstərmək səlahiyyətinə malik başqa qurumların (özəl və bələdiyyə) fəaliyyətinə nəzarət etmək hüququ da qazandılar.
Nəhayət, bilavasitə bələdiyyələrin mandatına daxil olan «yerli əhəmiyyətli məsələlər»in əhatə dairəsi qanunvericilik qaydasında müəyyən olunmayıb. Bu yanaşma subsidiarlıq prinsipinin tətbiqini nəzərdə tutur. Bu prinsip yerli problemlərin həlli üzrə səlahiyyətlərin bələdiyyələrə həvalə olunmasını ehtiva edir. Yerli özünüidarə haqqında Avropa Xartiyasının 4.3-cü maddəsi subsidiarlıq prinsipini izah edir və həmin bənddə göstərilir ki, dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Dünya təcrübəsində bu problemin səmərəli həlli üçün tətbiq olunan əsas yanaşmalardan biri budur ki, qanunvericilikdə «yerli əhəmiyyətli məsələlər» anlayışı və onun əhatə dairəsi, bələdiyyələrin məxsusi və ötürülə bilən səlahiyyətlərinin çərçivələri dəqiqliklə əks olunur.
Aran bölgəsindəki (Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Yevlax) bələdiyyələrin ərazilərindəki yerli əhəmiyyətli həllini gözləyən məsələlərdən biri də içməli su idarəçiliyinin bələdiyyələrə həvalə edilməsidir. Içməli su təchizatı sisteminin əksmərkəzləşməsi, bu sahədə idarəetmə və qərarvermə səlahiyyətlərinin yerli idarəetmə səviyyəsinə ötürülməsi həm su təchizatının keyfiyyətinin yaxşılaşdırılmasına, həm də su resurslarından daha səmərəli istifadəyə şərait yaradacaq. Başqa tərəfdən, yerli əhalinin qərar qəbulu prosesinə cəlb olunması və bunun sayəsində ictimai nəzarət mexanizmlərinin qurulması sistemin minimum xərclə saxlanmasını təmin edəcək.
Hazırda yerli səviyyədə içməli su təchizatının idarə olunmasının hüquqi-institusional təşkili baxımından da olduqca ciddi problemləri var. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında kənd yerlərinin içməli su təchizatı ilə bağlı mərkəzi dövlət qurumlarının öz aralarında, bu qurumlarla yerli idarəetmə orqanları, habelə bələdiyyələrlə yerli hakimiyyət təsisatları arasında hüquqi öhdəliklər, vəzifə və səlahiyyətlər dəqiq müəyyən edilməyib. Azərbaycanda əhalinin içməli su təchizatı ilə bağlı hüquqi münasibətlər 3 əsas qanunla tənzimlənir.
Birincisi, Su Məcəlləsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini səlahiyyətləri daxilində bələdiyyələr həyata keçirirlər. Məcəllənin 16-cı maddəsinə görə, əhalinin keyfiyyətli su ilə təchizatı su obyektlərinin istifadə və mühafizəsi sahəsində idarəetmənin əsas prinsiplərindən biridir. içməli su təchizatı sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətlərinə gəldikdə, bura bələdiyyə mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə və sərəncam vermə, müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq öz ərazilərində yerləşən su obyektlərindən içməli və məişət su təchizatı üçün su götürülməsinin müəyyən edilməsi kimi məsələlər daxildir. Su Məcəlləsinin 47-ci maddəsinə əsasən, əhalinin içməli su və məişət ehtiyaclarının ödənilməsi üçün yaşayış yerləri üzrə istifadə edəcəyi təbii su mənbələri müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə bələdiyyələr tərəfindən müəyyən edilir.
ikincisi, «Su təchizatı və tullantı suları haqqında» Qanuna görə, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin müəssisə ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Bu qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə ərazisinin su təchizatı zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına müəssisələri təyin edir. Müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrlə razılaşdırılmaqla su təchizatı müəssisəsinə müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada və şərtlərlə müəssisənin xidməti zonasının hüdudlarından kənarda öz fəaliyyətini həyata keçirməyə səlahiyyət verə bilər.
Nəhayət, «Bələdiyyələrin su təsərrüfatı haqqında» Qanuna əsasən, bələdiyyələrin su təsərrüfatı obyektlərinin idarə olunması bələdiyyələrin özləri və ya onların yaratdıqları su təsərrüfatı müəssisələri tərəfindən həyata keçirilməlidir. Yerli özünüidarə orqanlarının yaratdığı su təsərrüfatı müəssisələri bələdiyyələrin tabeçiliyində olan hüquqi şəxslərdir və təsərrüfat hesabı əsasında fəaliyyət göstərirlər. Bələdiyyələrin su təsərrüfatı obyektləri bələdiyyələrin su təsərrüfatı müəssisələrinin daimi idarəçiliyinə verilir. Yerli özünüidarə qurumlarının su təsərrüfatı sistemləri və qurğularının saxlanması bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərindən istifadə bələdiyyələrlə su təsərrüfatı obyektlərinin istifadəçiləri və su istehlakçıları arasında bağlanan müqavilə əsasında aparılmalıdır. Eyni zamanda, bələdiyyələr dövlət mülkiyyətində olan su obyektlərindən istifadəni qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları ilə bağlanan müqavilə əsasında həyata keçirməlidirlər.
Beləliklə, təqdim olunan qanunlardan göründüyü kimi, onların heç biri yerli səviyyədə içməli su təchizatının idarə olunması ilə bağlı nə hökumət, nə də bələdiyyə qurumları üçün dəqiq və aydın (net) öhdəliklər müəyyənləşdirmir. Halbuki ayrı-ayrı ölkələrdə ilk növbədə hökumətin infrastukturun saxalanması (xüsusilə də su infastrukturunun yaradılması və bərpası) ilə bağlı rolu, su təchizatı ilə bağlı hüquqi bazanın yaradılması sahəsində tənzimləyici funksiyası dəqiq formada müəyyənlişdirilir. Eyni zamanda, yerli səviyyədə su infrastrukturunun həm bələdiyyələrin, həm də hökumətin mülkiyyətində saxlanması idarəetmədə də ciddi qeyri-müəyyənliklər yaradır. Halbuki strateji su mənbələrinin (məsələn, çaylar və respublika əhəmiyyətli göllər), magistral su kəmərlərinin (məsələn, rayonlararası, həmçinin şəhərlərarası su təchizatını həyata keçirən kəmərlər), iritutumlu (məsələn, tutumu 500 tondan çox olan) su anbarları istisna olmaqla yerli əhəmiyyətli su infrastrukturunun tamamilə bələdiyyələrin mülkiyyətinə verilməsi, həmin infrastrukturun idarəçiliyinin yerli özünüidarənin müstəsna səlahiyyətləri kimi müəyyən edilməsi təmin edilməyib. Yeri gəlmişkən, «Bələdiyyələrin statusu haqqında» Qanunun 4-cü maddəsində yerli səviyyədə su təchizatının və kanalizasiya təsərrüfatının təşkili və saxlanması bələdiyyələrin əsas səlahiyyətləri sırasına daxil edilsə də, hökumət bu səlahiyyəti və onun icrası üçün vəsaitləri dövlət hakimiyyət orqanlarına həvalə edir. Məsələn, 2007-2011-ci illərdə birbaşa kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması üçün dövlət büdcəsindən 29,5 milyon manat ayrılıb. Həmin vəsait “Azərsu” ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi vasitəsilə kənd yaşayış məntəqələrində su sistemlərinin qurulmasına sərf olunub.
Bundan başqa, yerli əhalinin üzləşdiyi digər problemlər nomenklatur idarəçiliklə bağlıdır ki, insanlar sadə sənəd alınması üçün bəzən on km-lərlə məsafə qət edərək rayon mərkəzlərinə gəlməyə məcbur olurlar. Ona görə də, yaxşı olardı ki, vətəndaşları mərkəzi hakimiyyət orqanlarından asılı edən bir sıra sənədlərin (yaşayış yerindən və mülkiyyət haqqında arayış, doğum haqqında şəhadətnamə, nikah şəhadətnaməsi və s., eləcə də bəzi lisenziyalar, ovçuluq və s.) bələdiyyələrin səlayiyyət dairəsinə şamil edilməsi daha məqsədəuyğun olardı.
Rasim Zeynalov
Aran HRiiB bələdiyyələr üzrə mütəxəssisi