Ulu öndər Heydər əliyevin müstəqilliyimiz yolunda başladığı kursun, cənab Prezident ilham əliyev tərəfindən davam etdirilməsi nəticəsində doğma Azərbaycan bütün sahələrdə durmadan inkişaf etməkdədir. Bu inkişafın bir istiqaməti də dünyaya inteqrasiya və yerli özünüidarəetmə orqanlarının fəaliyyət dairəsinin genişləndirilməsidir.
Bu baxımdan bələdiyyələr respublikamızda gedən demokratik proseslərdə, quruculuq- abadlıq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməklə cəmiyyətimizin sosial-iqtisadi həyatındakı rolunu əhəmiyyətli dərəcədə artırmaqdadırlar.
Rəhbərlik etdiyim Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin fəaliyyəti haqqında Sizə məlumat vermək istəyirəm. Məlumat üçün bildirmək istəyirəm ki, Qaraçuxur bələdiyyəsi Yeni Günəşli yaşayış massivini və Qaraçuxur qəsəbəsini əhatə edir. Bələdiyyəmizin ərazisi 1120 hektar, bu ərazidə yaşayanların sayı 90000-dən artıqdır. Göründüyü kimi kifayət qədər böyük ərazidə yerli əhəmiyyətli məsələləri həll etmək, əhalinin müxtəlif təbəqələri ilə sıx iş birliyi əsasında sosial-iqtisadi və məişət baxımından aktual olan və öz həllini gözləyən problemləri aradan qaldırmaq üçün çox ciddi çalışmaq lazım gəlir. Odur ki, bələdiyyə üzvləri əhali ilə müntəzəm görüşlər keçirir, bələdiyyənin gördüyü işlər barədə məlumat verir, sakinlərin təklif və məsləhətlərini dinləyir, mövcud problemləri onların öz arzuladığı formada həll etməyə çalışır. Bu baxımdan hesabat dövründə qəsəbəmizdə bir sıra yerli əhəmiyyətli, sosial yönümlü layihələr həyata keçirilmişdir. Belə ki, bələdiyyənin vəsaiti hesabına əvvəlki illərdə tikilmiş və sakinlərin istirahət guşəsinə çevrilmiş Qaraçuxur qəsəbəsi “Veteranlar Xiyabanı” parkında və “Vətən şəhidləri unudulmur” abidə parkında keçən il cari təmir işləri aparılmış, oturacaqlar və söhbətgahlar rənglənmiş, parka yeni su xəttləri çəkilmiş, 250 ədəd şam ağacı tingi ,130 ədəd gül kolu əkilmışdır. Qəsəbədə bir çox məhəllədaxili yollar qum-çınqıl qatı ilə hamarlanmış, üç ünvanda isə məhəllədaxili yeni asfalt yolu çəkilmişdir. Qəsəbə ərazisinin təmizliyi həmişə diqqət mərkəzində olmuş, sanitar təmizlik və ətraf mühitin mühafizəsi sahəsində əhalinin maarifləndirilməsi işləri aparılmışdır.
Bələdiyyəmiz sosial-humanitar tədbirlər çərçivəsində qəsəbədə yaşayan aztəminatlı ailələrə,kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara və valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi və mənəvi yardımlar göstərmişdir.
Ümumilikdə hesabat ilində abadlıq-quruculuq və təmizlik işlərinə 74860 manat, sosial-humanitar tədbirlərin keşirilməsinə isə 13640 manat maliyyə vəsaiti xərclənmişdir.
Hamımıza məlumdur ki, yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımdan bələdiyyəmizin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması işini daha səmərəli təşkil etməyə səy ğöstərmişik.
Bələdiyyəmiz 2016-cı ilin oktyabr ayının sonlarından başlayaraq Milli Assosiasiyaların hazırladığı və artıq bütün respublika bələdiyyələrinin tətbiq etdiyi Yerli (Bələdiyyə) Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) qoşulmuşdur. Avtomatlaşdırılmış uçot sisteminin tətbiq olunması bələdiyyələrdə geniş məlumat bazasının yaradılmasını təmin etməklə, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında yerli büdcələrə ödənilməsinə xidmət edir.
Məmnunluq hissi ilə qeyd etməliyəm ki, Proqram yüksək professionallıqla hazırlanmış, vergi və ödənişlərin uçotu sahəsində illər boyu bizi narahat edən məsələlərin tam həllinə imkan yaradır.
Proqramın tətbiqindən sonra vergi işinin təşkili xeyli dərəcədə təkmilləşdirilmiş və müsbət nəticələr də artıq əldə edilmişdir. 2016-cı ildə büdcə gəlirlərimiz 214 539 manat təşkil etmişdir ki, bu da ötən dövrlə müqayisədə 5 faiz artım deməkdir. Bu nəticələr o qədər yüksək olmasa da, vergi ödəyicilərinin dəqiq uçotunun aparılması və onlarla münasibətlərin normal səviyyədə qurulmasına imkan yaradan bu sistemin tətbiqinin genişləndirilməsi gələcəkdə bələdiyyəmizin maliyyə imkanlarının artırılmasına möhkəm zəmin yaradır. Artıq 1700 nəfərə yaxın vergi ödəyicisinin Yerli (Bələdiyyə) Vergi və Ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sistemində elektron qaydada uçota alınmasını təmin etmişik. Çalışırıq ki, daha qısa zaman ərzində mülkiyyət hüququnu təsdiq edən sənədləri olan vergi ödəyıcılərinin böyük hissəsini proqramın məlumat bazasına daxil edək. Hesab edirəm ki, Proqramın imkanlarından tam istifadəyə nail olmaq üçün hələ qarşımızda kifayət qədər görüləsi işlərimiz vardır.
Bütün bunlarla bərabər, işlərimizdə problemlər hələ də mövcuddur. Keçən müddətdə yerli vergilərin yığımında müəyyən irəliləyişlərə nail olsaq da yerli ödənişlərin, yəni bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsindən olan ödəniş, eləcə də avtomobil dayanacaqları üçün ödənişlərin yığımında problemlərimiz qalmaqdadır. Çalışırıq ki, işimizi sakinlərlə və ərazidə fəailiyyət göstərən sahibkarlarla və iş adamları ilə sıx təmasda quraq. Düşünürük ki, bələdiyyə büdcəsini lazımi səviyyədə formalaşdıraraq yerli problemlərin həllinə nail olmaq üçün yerli icra hakimiyyəti orqanları və digər müəssisə və təşkilatlarla qrşılıqlı fəaliyyətimizi düzgün qurmağı bacarmalıyıq. Biz fəaliyyətimizi məhz bu istiqamətdə qurmağa səy göstəririk.
Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Milli Assosiasiyanın xətti ilə Qaraçuxur bələdiyyəsi 5 il öncə Latviyanın Yekapils bələdiyyəsi ilə qarşılıqlı əməkdaşlıq haqqında protokol imzalamışdır. Həmin protokolun tələbindən irəli gələrək hər il qarşılıqlı səfərlər, tanışlıq proqramları və təcrübə mübadilələri təşkil olunur. əldə etdiyimiz müsbət təcrübədən bələdiyyəmizdə idarəetmənin daha səmərəli formada qurulmasında yararlanmağa çalışırıq.
Nəzərinizə çatdırım ki, Yekapils şəhərinin ənənələrinə görə hər il iyul ayında təşkil olunan şəhər bayramlarında Dauqava çayının sahilində salınmış parkda qardaşlaşmış şəhərlərin rəmzlərini özündə əks etdirən yeni guşə yaradılır. Yaxın gələcəkdə Suraxanı rayonunun rəmzlərini əks etdirən güşənin də yaradılması nəzərdə tutulur.
Seçkili orqan olaraq biz bələdiyyələr, sakinlərimizin etimadını doğrultmalıyıq. Bu isə məsuliyyətimizi dərk edərək seçicilərimizin rifahı naminə yorulmadan çalışmaqla mümkündür.
ixtiyar Nəcəfov
Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri