"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yurdunun inkişafına çalışan ağdamlı

--2019-02-14 / 05:37

Uzun illərdir ki, abadlıq-quruculuq ifadəsi dilimizin işlək sözünə çevrilib. Hər bir vətəndaş bu ifadənin arxasında real işləri, addımları, layihələri görəndə sözsüz ki, dövlətinə, ölkəsinə və iqtidarına olan münasibəti də yaxşılığa doğru dəyişir. Bu düşüncələr hər zaman olub və olacaqdır. Bu gün həqiqətən hər birimiz deyilən sözlərdən çox, real işlərə inanırıq...

Beləliklə, Ağdamın işğal altında olmayan 28 faizlik ərazisində bu gündə abadlıq-quruculuq işləri davam etməkdədir.

***

Rayona bu dəfəki səfərimdə isə əsas məqsədim həm atamın doğum gününü qeyd etmək, həmdə Ağdam RiH başçısı ilə və icradakı dostlarla görüşmək idi. Məqsədimin birinci hissəsini həyata keçirdikdən sonra, ikinci hissəsinin icrasına başladım.

Xeyli vaxt idi ki, görüşmədiyim dostlarla, özü də sədaqətli dostlarla, görüşdüm. Dərdləşdik. istər dəyərli insan Allahverən əliyevlə, istər gənc və bacarıqlı kadr Abduləli Mehdiyevlə, habelə vaxtı ilə dərs dediyim, həmişə dərs oxumağı ilə seçilən Mehman Mustafayevlə ayaqüstü söhbətdə bir sıra mövzuları müzakirə etdik.

Oxucularım düşünməsinlər ki, bu dostlara hər hansı bir xahişim olub və ya çoxsaylı müraciətlərimlə bezdirmişəm. əsla belə deyil. Neçə illərdən bəri tanıdığım insanlardan hər hansı xahişim belə olmayıb, yəqin ki, olmayacaq. Sadəcə adını çəkmədiyim digər dostlarla, hətta vaxtı ilə dərs dediyim şagirdlərimlə həmişə dost münasibətim olub və olacaqdır. Özü də əsl dost. Bu arada qeyd edim ki, hər adama sözsüz ki, dost demirlər. Musa Yaqubun sözü olmasın dostun dosta bir ərki olmalıdır. O ərk yoxdursa demək dostluqdan danışmaq hələ tezdir. Mənim isə bu insanlara bir ərkim var. Və yəqin ki, onlarında mənə...

***

Ağdamın yeni təyin edilən icra başçısı Vaqif Həsənovla təyinatdan ötən beş ay ərzində ilk dəfə idi ki görüşürdüm. Bu arada bir haşiyə çıxım ki, vəzifəyə təyinat alan və şəxsən tanıdığım insanları ilk olaraq yalnız telefonla təbrik edir və bir xeyli müddət ara verdikdən sonra görüşüb təbrik etməyə üstünlük verirəm.

icra başçısı ilə qısa bir görüş nəzərdə tutsamda, söhbətimiz fikirləşdiyimdən artıq çəkdi. Gözləmədiyim halda icra başçısı qələmə aldığım yazılar barəsində məlumatlı olduğunu, hətta “Qarabağın ağ damı” kitabını oxuduğunu dedi. Açığı gözləmədiyim vəziyyətlə üz-üzə qaldım. Vaqif müəllimin belə dəyər verməsi yaradıcı insan kimi mənə zövq verdi. Və yazdıqlarımın hədər yerə getmədiyinin bir növ şahidi oldum.

Görüşün ən maraqlı məqamı isə Vaqif Həsənovu qarşıdan gələn yübileyi münasibətiylə təbrik etməyim və bu münasibətlə kitab hədiyyə etməyim oldu. Hiss etdim ki, mənim bu addımımı gözləmirmiş. Sözsüz ki, yaradıcı insanın hədiyyəsi hər zaman kitab olsa daha yaxşı olar. Odur ki, mən də vaxtı ilə çalışdığım təşkilatın yüksək poliqrafik üslubda və zənginliyi ilə seçilən “şamaxı ensiklopediyası” kitabını Vaqif müəllimə hədiyyə etdim. Açığı bu kitabı seçməyimin də mənası var idi. Ürəyimdən belə bir kitabın məhz Ağdamla bağlı hazırlanması keçirdi. Və bununla bağlı fikrimi də Vaqif müəllimə çatdırdım. ilk olaraq hiss etdim ki, fikrimi bəyənib.

Söhbət zamanı Vaqif Həsənov az vaxt ərzində rayonda gördüyü işlərdən danışdı. Perspektivdə görəcəyi işlərə də toxundu. Belə düşündüm ki, yaxın aylarda Ağdamın da öz “Sənaye məhəlləsi” olacaqdır. Bir neçə ildir davam edən danışıqlardan sonra artıq ayrılan torpaq sahəsinin həcmi artırılaraq 10 hektara çatdırılıb. Məhz Ağdamda “Sənaye məhəlləsi”nin yaranmasına təkan verməyə hazır olan vətənpərvər və işgüzar insanların olduğunu bilirəm. Yəqin ki, belə getsə ilin sonunadək işlərə başlanılması gözləniləndir. Deməliyəm ki, “Sənaye məhəlləsi”nin yaradılması ilk növbədə rayonda yeni iş yerlərinin açılmasına geniş imkan verəcəkdir.

Söhbətmizdə Quzanlı qəsəbəsinə şəhər statusunun verilməsi, məscid məsələsi və digər diqqətimdə olan mövzulara da toxunduq. inanıram ki, zamanı gəldikcə bu məsələlər də öz həllini tapacaqdır.

Xındırıstan kəndində aparılacaq abadlıq işləriylə rayonun baş memarı Abdüləli Mehdiyevin müşaiyəti ilə tanış olmuşdum. Qədim tarixə malik olan Xındırıstan kəndinin mərkəzində geniş bir ərazidə yeni parkın salınması, keçmiş sovet dövründə kənddə formalaşan “Kirov” kolxozuna ildırım Cəfərovun sədr olduğu vaxtlarda inşa edilmiş “Məişət evi”nin yeni milli memarlıq üslubunda bərpa edilməsi nəzərdə tutulur. Məhz həmin ərazidə olan yerli əhəmiyyətli tarixi abidə kimi qorunan məscidin bərpası da gündəmdə olan mövzudur.

Hər halda diqqətimi çəkən əsas məqam icra başçısının az vaxt ərzində rayonu yerbəyer tanıması və hər bir vətəndaşın müraciətinə dəqiq və konkret cavab verməsi oldu. Söhbətmiz isə icra başçısının maraqlı fikirləriylə yekunlaşdı:

-Bizim əsas məqsədimiz hazırda gördüyünüz ərazilərdə həyata keçirdyimiz layihələri doğma Qarabağımızda, doğma Ağdamımızda reallaşdırmaqdır. Bir daha təkrar edirəm ki, hər zaman dövlətinə, prezidentinə sədaqətli olan ağdamlılar Qarabağın tezliklə işğaldan azad ediləcəyinə birmənalı şəkildə inanırlar. Bu inam Prezident cənab ilham əliyevin yeritdiyi müdrik siyasətdən, qətiyyətli və prinsipial mövqedən qaynaqlanır. Odur ki, hər bir ağdamlı çalışdığı sahədə ümumi işimizə öz töhvəsini verməlidir...

***

icra hakimiyyətindən xöş təəssüratla ayrılıram. Düşüncələrim məni Ağdama aparır. O, Ağdama ki, uzun illər Qarabağın həm siyasi-iqtisadi, həm də ticarət mərkəzi kimi ad çıxarmışdı. Yəqin ki, zaman gələcək və şəhərimizin əvvəl ki, şöhrətini də özünə qaytaracağıq.

Bizə isə bu işlərdə yeni təyin edilən və bu günlərdə ömrünün altıncı onilliyini tamamlayan icra başçısı Vaqif Həsənova yalnız uğurlar arzulamaq qalır.  

Vüqar Tofiqli

  

ŞƏRHLƏR