Yüzlərlə QHT rəhbəri bankların göstərdiyi xidmətlərin məhdudlaşdırılması ilə əlaqədar bu gün prezidentə müraciət ünvanlayıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi Mətbuat Xidmətindən QHT.az-a daxil olunan məlumatda bildirilir ki, Son günlər banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubuna istinad etməklə, qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarına göstərməli olduqları bank xidmətlərinin əhatə dairəsini məhdudlaşdırıblar. Nəticədə ölkədə dövlət tərəfindən maliyyələşdirilən yüzlərlə qeyri-hökumət təşkilatlarının ictimai əhəmiyyətli layihələrinin icrasında qeyri-müəyyənliklər meydana gəlib. Buna səbəb isə “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.7-ci maddəsinə istinad edilərək dövlət donor qurumları tərəfindən ayrılmış vəsaitin rəsmiləşdirilməsini nəzərdə tutan qrant müqaviləsinin dövlət satınalma müqaviləsi kimi qiymətləndirilməsi olub.Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” qanuna istinad edərək banklara ünvanladığı məktubun icrası nəticəsində yaranmış problemlərdir.
Qeyd olunur ki, qeyri-hökumət təşkilatları 15 min manatadək məbləğ çərçivəsində nağd qaydada hesablaşmaların aparılmasını həyata keçirə bilmirlər. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurası tərəfindən keçirilən müsabiqə nəticələrinə əsasən müxtəlif layihələrinin icrası ilə bağlı ayrılmış maliyyə vəsaitləri qeyri-hökumət təşkilatlarının bank hesablarına köçürülsə də, bu vəsaitlərdən istifadə praktiki olaraq mümkünsüz hal alıb.